CNN Ərdoğan və Putinin səmimiyyətindən yazdı: “ABŞ üçün təhlükəlidir” – VİDEO

“MAKS-2019” sərgisi çərçivəsində Rusiyaya səfər edən prezident Rəcəb Tayyib Ərdoğan və prezident Vladimir Putin arasındakı səmimiyyət ABŞ mediasında narahatlığa səbəb olub.
Bu barədə Musavat.com Türkiyə mətbuatına istinadən məlumat verir.
Sərgi üçün təşkil olunan açılış mərasimindən əvvəl Rusiya dövlət başçısı Putin tərəfindən qarşılanan Ərdoğan daha sonra Rusiyanın 5-ci nəsil döyüş təyyarəsi olan SU-57-lə bağlı məlumatlandırılıb.
Mərasim zamanı xarici medianın əsas diqqətində olan məqam isə Putin və Ərdoğanın yaxınlığı olub.
İki liderin səmimi söhbətlərinə ABŞ mediasında geniş yer verilib. Putinin yeni hərbi müqavilə üçün Türkiyə ilə razılığa gəlməyə çalışdığını söyləyən CNN iki ölkənin belə bir razılığa gəlməsinin ABŞ üçün böyük təhlükəyə səbəb olacağını bildirib.
CNN “ABŞ Putinin Türkiyə ilə yaxınlığından qorxmalıdır” başlığı ilə dərc etdiyi məqaləsində Türkiyənin Vaşinqtonla arasındakı gərginlik səbəbindən Rusiya ilə yaxınlaşdığını bildirib.

Share: