CMS şirkəti yeni liman tikir

– Caspian Marine Services kifayət qədər tanınmış və keyfiyyətli bazar mövqeyinə malik olan şirkətdir. Şirkətin fəaliyyətində yeni dövrün tələblərinə uyğun hansı dəyişikliklər edilir?

– Pandemiya dövründə çoxsaylı çətinlikləri danmaq olmaz. Onlayn iş rejiminə keçmək üçün proqramlardan istifadə edilməsindən başlamış işçi heyətin həmin iş rejiminə öyrəşməsinə qədər həlli nisbətən qəliz olan vəziyyətlər yarandı. Bununla yanaşı pandemiya dövründən sonra, paradoksal səslənsə də, müsbət tendensiyalar da müşahidə etdik. Məhz həmin dövrdə bəlli oldu ki, ofis əməkdaşlarının hamısının ofisdə olmağına ehtiyac yoxdur. Belə ki, pandemiya ilə əlaqədar olaraq  qapanma tədbirlərinə son qoyulduqdan sonra ofisə gəlmə günləri hər bir işçi üçün müəyyən olunmuş cədvəl üzrə,  ümumilikdə gün ərzində ofisdə ümumi işçi sayı 30%-dən artıq olmamaq şərti ilə, bölünmüşdür. Bu rejimdə iş prosesini davam etdiririk. Ofisimiz daim işçilər üçün açıqdır, qadağalar mövcud deyil, lakin hər hansı şöbə rəhbəri əməkdaşların bir hissəsinin evdən işləməsini lazım bilirsə, onların səhər 09:00-da işə gəlib axşam 18:00-da işdən çıxması ilə bağlı xüsusi qayda yoxdur.

Covid-19 pandemiyasının yaratdığı məhdudiyyətlər çərçivəsində ofis əməkdaşlarının məsafədən işləmə vərdişləri ilə bağlı yuxarıda sadaladığım dəyişikliklər olub. Həm pandemiyanın hökm sürdüyü aylarda ciddi məhdudiyyətlərin tətbiq edildiyi dövrdə, həm də hal-hazırda biz xidmət keyfiyyətinin aşağı düşməməsinə, hər zaman yüksək standartların saxlanılmasına çalışırdıq və buna nail oluruq. Eyni zamanda fiziki iştirak tələb olunmayan bəzi daxili kurslar və təlimlər, həmçinin müsahibələrin ilk mərhələləri də onlayn rejimdə keçirilir. Pandemiyadan irəli gələn problemlərin həllində, eləcə də sertifikatlaşma və sənədləşmə işlərində Dövlət Dəniz və Liman Agentliyinin gəmiçilik şirkətlərinə və dənizçilərə göstərdiyi kömək və dəstək danılmazdır.

– Hazırda pandemiya və geosiyasi vəziyyətlə bağlı  dünyada təchizat zəncirlərinin qırılması və dəniz daşımaları sahəsində problemlər müşahidə edilir. Caspian Marine Services qlobal geosiyasi vəziyyətlə bağlı hansı problemlərlə üzləşib?

– Bilirsiniz ki, CMS şirkəti dövlət əhəmiyyətli layihələr çərçivəsində gəmilərin  istismarını həyata keçirir. Məlumdur ki, gəmilərin müəyyən ehtiyat hissələrinin istismar müddəti bitir və yaxud müəyyən səbəblərdən dəyişilməsinə ehtiyac yaranır. Həmin ehtiyat hissələrinin bir çoxu ölkə xaricindən idxal olunduğuna görə bəzən logistik problemlərlə üzləşirik. Bu tip çətinliklərlə tək  CMS deyil, digər şirkətlər də qarşılaşır. Qeyd edilən problemlər yarandığı vaxt, təbii ki, iş tamamilə dayanmadı, yalnız 30-40% gecikmələr oldu. Həmin prosesdə biz alternativ yollar axtarırdıq və nəticə də bu oldu ki, vəziyyətdən qısa zaman kəsiyində uğurla çıxmağa nail olduq. Buna baxmayaraq müşahidə edilən davamlı logistik çətinlikləri vurğulamaq lazımdır.

– Rusiya və Ukrayna arasındakı müharibənin Caspian Marine Services-in fəaliyyətinə təsirləri varmı?

– Rusiya ilə Ukrayna  arasında hələ də davam edən müharibə bizim şirkət üçün logistik problemlər yaradıb. Rus şirkətləri ilə irimiqyaslı əməkdaşlığımız olmadığı üçün elə də nəzərəçarpacaq çətinlik yaşanmadı. Şirkətimiz yükdaşıma fəaliyyətini həyata keçirmədiyi, Ukrayna və Rusiyaya aid olan limanlarda CMS-in donanma vahidləri xidmət göstərmədiyi üçün şirkət olaraq müharibənin mənfi təsirlərini hiss etmirik. Bizim bir neçə gəmimiz “Azərbaycanda Rusiyanın Gəmiçilik üzrə Dəniz Registri” (RMRS) təsnifat cəmiyyətinin nəzarəti və sertifikasiyası əsasında işləyir. “Azərbaycanda Rusiyanın Gəmiçilik üzrə Dəniz Registri” dünyada kifayət qədər tanınmış və nüfuzlu təsnifat cəmiyyətlərindən biridir və International Association of Classification Societies (IACS), yəni Təsnifat Cəmiyyətlərinin Beynəlxalq Assosiasiyası təşkilatının üzvüdür. Lakin məlum siyasi səbəblərdən RMRS-in IACS-dakı üzvlüyü dayandırılıb. Buna görə də şirkətimiz müəyyən problemlərlə üzləşib, belə ki, sığorta şirkətləri gəmilərimizin IACS üzvü olan təşkilat tərəfindən sertifikatlaşmasını tələb kimi irəli sürür. Bu müddət ərzində, təbii ki, gəmilər dayanmadı, amma müştərilərimiz tərəfindən müəyyən narahatlıq barədə məlumat verildi. Həm müştərilərimiz,  həm öz tərəfimizdən aparılan təhlillər nəticəsində qərar qəbul edildi ki, hazırda gəmilərimizin RMRS tərəfindən təqdim olunmuş sertifikarlarla fəaliyyəti davam etdirilsin. Bir daha qeyd edim ki, RMRS kifayət qədər nüfuzlu və tanınan təsnifat cəmiyyətidir. RMRS-in IACS-dan çıxarılması məhz siyasi səbəblərdən həyata keçirilib. IACS-dan RMRS-in çıxarılması ilə bağlı yaranmış vəziyyəti bütün beynəlxalq təsnifat qurumları anlayır.

– Caspian Marine Services-də İSO standartları ilə bağlı  hansı yeniliklər edilib?

– Məlumdur ki, şirkətimiz  artıq bir neçə ildir ki, İSO 9001 (keyfiyyət), İSO 14001 (ətraf mühitin qorunması) və İSO 45001 (iş yerində sağlamlığın qorunması) sertifikatlarına malikdir. Bununla yanaşı enerjinin səmərəli istifadəsi ilə bağlı İSO 50001 standartının tətbiqi yönündə müəyyən addımlar atılır. Bu standartların effektiv tətbiqi məqsədilə əməkdaşlarımız üçün ABS (əsası 1862-ci ildə qoyulmuş Amerika Gəmiçilik Bürosu)  təsnifat cəmiyyəti tərəfindən təlimlər keçirilir.

Gəmilər üçün nəzərdə tutulan “Planlaşdırılmış Təmir Sistemi” proqramı da ABS şirkəti tərəfindən təqdim olunub və artıq bir neçə ildir ki, CMS-in istifadəsindədir. Elektron şəkildə tətbiq edilən proqram gəmilərimizin bütün qurğu və avadanlıqlarının tələb olunan (işlək) vəziyyətdə qalması üçün nəzərdə tutulub. Sistem hər bir gəmi üçün fərdi yaradılmaqla qurğu və mexanizimlərin məlumat bazası əsasında maksimum dərəcədə insan faktorunu aradan qaldıraraq bütün təmirlərin vaxtında həyata keçirməsinə nəzarət edir.

– “Qurban Abasov” kran gəmisinin DP-3 təsnifat sinfinə uyğun modernləşdirilməsi və Abşeron və Ümid-Babək layihələri çərçivəsində bəzi layihə fazalarının sona çatdırılması prosesi necə gedir?

– «Qurban Abasov» gəmisi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nə məxsus olan və CMS şirkəti tərəfindən alyans sazişi çərçivəsində istismar olunan böyük kran gəmisidir. 600 ton yükqaldırma qabiliyyəti var. Gəmi əvvəllər də böyük layihələrə cəlb olunurdu, lakin 2019-cu ildə sözügedən gəminin trasterlərinin sayı artırılmaqla DP-3 dinamik mövqeləndirmə sistemi quraşdırıldı. Bu cür yenilənmə gəminin dənizdə sualtı və suüstü qurğuların tikintisində spesifik əməliyyatların öhdəsindən uğurla gəlməsinə imkan yaratdı. Yenilənmədən sonra «Qurban Abasov» gəmisi Abşeron layihəsi çərçivəsində işlərin bir çox hissəsini bitirərək növbəti mərhələlərin icrasına başlamaqdadır. Umid-Babək layihəsində də əməliyyatlar davam etməkdədir. Qeyd etmək istərdim ki, əgər əvvəllər bu cür işlərin öhdəsindən yalnız «Xankəndi» gəmisi gələ bilirdisə, hazırda «Qurban Abasov» gəmisi də belə əməliyyatların çoxunu yerinə yetirməyə qadirdir.

– “Tofiq İsmayılov” dalğıc gəmisində texniki idarəetmə ilk dəfə olaraq azərbaycanlı şirkət tərəfindən həyata keçirilir. Bu barədə hansı məlumatları bölüşmək istərdiniz?

– “Tofiq İsmayılov” gəmisi müstəqil heyətlə fəaliyyət göstərən əsas donanma vahidlərimizdən biridir. Sualtı boru xətlərinin və digər qurğuların təmir və nəzarətini həyata keçirən dalğıc gəmisinin heyəti tam olaraq azərbaycanlı mütəxəssislərdən ibarətdir. “Tofiq İsmayılov” gəmisi ilə bağlı xüsusi qeyd olunmalı məqamlardan biri də ondan ibarətdir ki,  gəminin texniki istismarı hər zaman xarici şirkətlər tərəfindən həyata keçirilib. “Tofiq İsmayılov” gəmisində artıq 5 ildir  ki, həm gəminin işçi heyəti, həm də texniki istismar Caspian Marine Services tərəfindən idarə olunur. Hazırda müqavilənin uzadılması ilə bağlı müzakirələr aparılır. Bu da müsbət göstəricilərdən hesab edilməlidir.

– Caspian Marine Services iş prosesində hansı problemlərlə üzləşir? Bu problemlərin həllində peşəkar komandanızın rolu hansı səviyyədədir?

– İş varsa, təbii ki, çətinlik də olmalıdır. Biz çətinlikləri xoşlayırıq. Daha vacib olan həmin çətinliklərə bizim münasibətimiz və onların aradan qaldırılması üçün atdığımız addımlardır. CMS komandası peşəkar, güclü və öz işinə canyandırandır. İş prosesində problemlər təkcə bizdə olmur, hamı belə çətinliklərlə qarşılaşır. Biz problemlərin aradan qaldırılması yönündə öz fərqimizi ortaya qoyaraq tam peşəkarlıqla və qısa müddətdə həll etməyə çalışırıq və bu, fikrimcə, bizdə çox yaxşı alınır. Hesab edirəm ki, bu peşəkarlıq, birlik, səmimiyyət və qarşılıqlı dəstək mühitinin təməli CMS şirkətinin birinci rəhbəri tərəfindən qoyulub və hər növbəti rəhbər tərəfindən də qorunub saxlanılıb. Mən də 5 ildən artıq CMS-də istismar xidmətinin rəisi vəzifəsində çalışaraq bunu hiss etmişəm. Təbii ki, öz növbəmdə əlimdən gələni edəcəyəm ki, şirkətin əsas resursu olan komandamız həmişə belə qalsın.

– Xəzərin sahilində Ələt  Azad İqtisadi Zonasının fəaliyyəti sayəsində yükdaşımalara tələbatın artması perspektivləri var. Caspian Marine Services yükdaşımalarla bağlı fəaliyyətini genişləndirməyi planlaşdırırmı?

– Yükdaşımalarla bağlı tələbat artdığı təqdirdə regionda digər şirkətlərimizin mövcud donanma vahidləri kifayət etməzsə, əlbəttə ki, biz bu sahədə fəaliyyətimizi genişləndirə bilərik. Məsələn, “Qara Qarayev” gəmisinə tələbat var idi, bunu nəzərə alaraq şirkətimiz uyğun addımlar atdı və “Qara Qarayev”  gəmisi istismara verildi. Ola bilsin ki, gələcəkdə hər hansı yükdaşıma fəaliyyəti də həyata keçirək. O sahədə kifayət qədər təcrübəyə malikik. İşçi heyətimiz bir neçə il əvvəl tanker və quru yük gəmilərinin istismarını uğurla həyata keçirib. Şərtlərdən asılı olaraq, mümkündür ki, yükdaşıma fəaliyyətinə də gələcəkdə maraq göstərək.

– Caspian Marine Services-in yeni bazarlara çıxmaq planları varmı?

– Pandemiya yeni bitib. Postpandemiya dövründəki bərpa prosesi ölkəmizdə və dünyada  hələ də davam edir. Zərurət yaranarsa, əlbəttə ki, yeni bazarlara çıxmaq mümkündür. Hazırda bu məsələ aktiv müzakirə mövzusu deyil.

– BP şirkəti ilə Caspian Marine Services arasında əməkdaşlığın yüksək səviyyədə olduğu məlumdur. BP ilə yeni əməkdaşlıq layihələri varmı?  Daha hansı qlobal şirkətlərlə əməkdaşlıq layihələrinin həyata keçirilməsi planlaşdırılır?

– “Rəşid Behbudov” gəmisi 2016-cı ildə Şahdəniz və digər dövlət layihələrində çalışan xüsusi personalın  neft və qazçıxarma platformalarına çatdırılması məqsədilə BP-nin istismarına verilib. 2021-ci ildə beşillik saziş uğurla tamamlandı, belə ki, beş il müddətində gəminin hər hansı nasazlığa görə istismarının dayanması cəmi 1 faizi keçmir. Bu müsbət göstəricilər sayəsində həmin müqavilə daha 5 il müddətinə uzadıldı.

Bununla yanaşı BP ilə əməkdaşlıq çərçivəsində Şahdəniz-2 layihəsi ilə bağlı lövbər əməliyyatlarında və platforma təchizatında “Lənkəran”, “Islay”, “Jura”, “ Xocalı” , və “Quba” gəmilərimiz fəal iştirak edirlər.

Yeni layihələrdən danışarkən BP şirkətinin SWAP (Abşeron yarımadasının dayazsulu hissəsi) lahiyəsi çərçivəsində aparılan geoloji kəşfiyyat işlərini qeyd etmək olar. Bu layihə üç ayrı nöqtədən (Şimali Xali, Bibiheybət və Qarabatdaq) ibarət olmaqla, regionumuzda həyata keçirilən digər layihələrdən dayaz sularda yerləşdiyi üçün fərqlənirdi. BP ilə sıx əməkdaşlıq şəraitində layihənin qeyri-adiliyi və mürəkkəbliyi nəzərə alınaraq bütün əməliyyata yeni yanaşma seçildi. Layihə zamanı xeyli yeni təcrübə əldə olundu.

Caspian Marine Service təkcə BP yox, digər nüfuzlu beynəlxalq şirkətlərlə mühüm layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlıq edir. Joint Operating Company of Absheron Petroleum (JOCAP) şirkəti ilə əməkdaşlığımızı qeyd etmək istərdim. Bu  SOCAR və Total neft şirkətlərinin yaratdığı birgə şirkətdir. Hazırda JOCAP ilə Abşeron layihəsi çərçivəsində çalışırıq. “Qurban Abasov” kran gəmisi, bir neçə təchizat, kiçik yedək gəmilərinin, həmçinin nəhəng qurğuları daşıyacaq barjların həmin layihənin icrasına cəlb olunması CMS-in bu layihədə mühüm rolunu müəyyən etmişdir. Davam edən aktiv əməkdaşlığımızın layihənin gedişatından asılı olaraq 2024 -cü ilə qədər davam etməsi proqnozlaşdırılır.

– Caspian Marine Services-in yeni donanma vahidlərinin əsas üstünlüyü nədən ibarətdir?

– Hazırkı layihələrdən və tələbatdan asılı olaraq donanma vahidlərinin sayının artırılması ilə bağlı müəyyən addımlar atılır. Məsələn, bu ildən etibarən SOCAR-ın “Azneft” İstehsal Birliyinə xidmət göstərən neftçilərin Neft Daşlarına, Cilov adasına və Bulla ərazisinə aparılıb-gətirilməsini həyata keçirəcək “Qara Qarayev” sərnişin gəmisinin istismarına başlamışıq. “Qara Qarayev” gəmisinin maksimal sürəti 40 dəniz milidir. Bu sürətlə gəmi sahildən Neft Daşlarına olan yolu cəmi 1 saat 30 dəqiqəyə qət edir. Hava şəraiti məhdudiyyətləri azdır. Müqayisə üçün qeyd edək ki, əvvəllər neftçilər növbə dəyişən zaman Neft Daşlarına gedib-gələrkən hər dəfə təxminən 6-8 saat vaxt sərf edirdilər və hava şəraiti sərt olduqda isə heç yola düşə bilmirdilər.

CMS-in yeni donanma vahidi olan CMS-4 barjı 2020-ci ildə “Azərbaycanda Rusiyanın Gəmiçilik üzrə Dəniz Registri” təsnifat cəmiyyəti nəzarəti altında yerli gəmiqayırma zavodunda müasir tələblərə uyğun olaraq inşa edilmişdir. Hazırda “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin “Ümid-Babək” layihəsində istismar edilir.

– Yaxın gələcəkdə istismar məqsədilə elektrik və hibrid mühərrikli gəmilərin alınması Caspian Marine Services üçün nə qədər aktualdır?

– BP və Total şirkətləri ilə bu barədə müzakirələr aparılır, elektrik və hibrid mühərrikli gəmilərin alınması nəzərdən keçirilir. Malik olduğumuz donanma vahidləri arasında elektrik və hibrid mühərrikli gəmimiz yoxdur. Bu istiqamətdə iki variant üzərində işləmək mümkündür. Bunlardan birincisi odur ki, tam yeni elektrik mühərrikli gəmilərin alınmasına baxılacaq. İkinci variant olaraq isə mövcud, nisbətən müasir gəmilər yeni tələblərə uyğunlaşdırılacaq, enerji təchizatı sistemi dəyişdiriləcəkdir.  Bu müzakirələrin hansı səviyyəyə qədər davam etdirilməsi və təsdiqlənməsindən asılı olaraq müvafiq addımlar atılacaqdır.

– Caspian Marine Services-in Fars (Arabian) körfəzində müasir layihədə iştirakı planlaşdırılırdı, bu layihədə iştirakla bağlı fəaliyyət hansı mərhələdədir?

– Bəli, Fars (Arabian) körfəzində irihəcmli layihənin icrasına başlamaq fikrində idik. “Pacific Kestrel” adlı sürətli sərnişin gəmisinin həmin layihəyə cəlb olunması planlaşdırılırdı. Lakin Covid-19 pandemiyası nəticəsində bu ideyanın həyata keçirilməsi üçün müəyyən maneələr yarandı. CMS şirkəti “Pacifi Kestrel” gəmisini alaraq  lazımi təmir işlərini Sinqapurda bitirdikdən sonra Xəzər dənizinə gətirdi və gəmiyə “Qara Qarayev” adı verildi. Caspian Marine Services-in üçüncü sürətli sərnişin gəmisi olaraq fəaliyyət göstərən “Qara Qarayev” gəmisi beşillik müqavilə əsasında “Azneft”İstehsalat Birliyinin istismarındadır. Gəminin uzunluğu 57 metr, eni 12 metr olmaqla 120 nəfər sərnişindaşıma qabiliyyətinə malikdir.

– Gəmi heyətlərinin ingilis dili bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı hansı addımlar atılır?

– Şirkətimizin proseduruna görə ildə bir dəfə göstəricilər üzrə qiymətləndirmə həyata keçirilir. Sırf təlimlərlə bağlı əməkdaşın birbaşa rəhbəri boşluqları aşkar edir və bununla bağlı treninqlərin həyata keçirilməsini təklif edir. Təklif edilən treninqlər büdcəyə daxil edilir və növbəti il həyata keçirilir. Bu treninqlərdən əlavə biz özümüz də idarəedici olaraq ehtiyacları nəzərə alıb təlimlər təyin edə bilərik. Bu daimi prosesdir, trendlərin və tələblərin sürətli dəyişdiyi müasir dövrdə vaxtaşırı olaraq yeniliklərin öyrənilməsi vacibdir. Məsələn, “İslay”, “Jura” və «Lənkəran» gəmiləri lövbər əməliyyatları ilə məşğul olan Şahdəniz-2, Ümid-Babək və digər layihələrdə iştirak edən gəmilərdir. Bu gəmilər spesifikdir, ona görə də əməliyyat və manevrləri həyata keçirmək potensialına malik olan yerli kadrların sayı o qədər də çox deyil. Əvvəllər əməliyyatlar zamanı yerli və xarici heyət üzvləri arasında ingilis dili baryeri var idi. Buna görə də CMS şirkəti adıçəkilən gəmiləri peşəkar tərcüməçi ilə təmin edirdi. Bununla yanaşı, işçilər üçün təkmilləşdirmə proqramı da yaradılmışdı. İngilis dili kursları ilə paralel olaraq, digər tələb olunan kurslar da şirkətimiz tərəfindən təşkil olunmuşdu. Gəmilərə tərcüməçi ilə yanaşı ingilis dili müəllimi də təyin edilmişdi. Həmin ingilis dili müəllimlərinin dərsləri bortda olan işçilər üçün gəmidə, ev növbəsində olan işçilər üçün isə ofisdə keçirilirdi. İndi tam əminliklə deyə bilərəm ki, 3 ildən artıqdır ki, həmin yerli heyətlər, heç bir tərcüməçi köməyindən istifadə etmədən sərbəst şəkildə fəaliyyət göstərirlər. Eyni zamanda bütün  yazışma və sənədləşmə işlərini də heyət üzvləri sərbəst şəkildə aparırlar. Bu addımlar gəmi heyətlərinin 100%-lik milliləşdirilməsini sürətləndirən proses oldu. İşçi heyətinin ingilis dili biliyini təkmilləşdirərək tələb olunan səviyyəyə gətirməsəydik və onlar işin öhdəsindən gəlməsəydilər, məcbur olub yenidən xarici kadrlar gətirməli idik.

– Necə oldu ki, dənizçi oldunuz və ölkənin nüfuzlu gəmiçilik şirkətlərindən birinin rəhbərisiniz?

– Dənizçilik Akademiyasında bakalavr pilləsini bitirdikdən sonra hərbi donanma gəmilərində vətənə qulluq etmişəm. Artıq hərbi xidmətin sonunda əmin oldum ki, bu mənim peşəmdir. Təbii ki, istənilən sahədə yüksək zirvələrə çatmaq yalnız məşğul olduğun işi sevəndə mümkün olur. Sonraki illərdə Xəzər dənizində və xarici sularda çalışarkən gəmi kapitanı vəzifəsinə kimi yüksəldim. Bir müddət Fövqəladə Hallar Nazirliyinin Kiçik həcmli gəmilər üzrə dövlət müfəttişliyinin imtahan attestasiya şöbəsində fəaliyyətimi davam etdirdim. Lakin dəniz həyatı üçün darıxıdığıma görə yenidən gəmi və dənizə  qayıtmaq qərarına gəldim. Müsbət və mənfi cəhətləri sadalansa da öz sənətimi sevirəm. Növbəti illərdə Səudiyyə Ərəbistanında neft və qaz sektorunda – Arab American Oil Company (ARAMCO) şirkətində işlədim. Kapitan və himayəçi kapitan vəzifəsinə qədər yüksəldim. 2017-ci ildən etibarən CMS-dəyəm və çox şadam ki, buradayam. Hazırda Dənizçilik Akademiyasında doktoranturada oxyuram. Evliyəm, 4 övladım var.

Uzun müddət xarici ölkələrdə işləmişəm. CMS-də iş müsahibəsinə gəldiyim ilk gündən indiyədək bu şirkətdə tamamilə başqa bir münasibət və idarəetmə sistemi mövcud olduğunu gördüm. Həmişə çalışmışıq ki, layihələrin təkcə kommersiya tərəfdən deyil, peşəkarlığın artırılmasına töhfə baxımından da qiymətləndirməsini həyata keçirək. Belə ki, Caspian Marine Service şirkəti olaraq elə layihələr var ki, onların kommersiya dəyəri yüksək olmasa da, ölkədə  gəmiçiliyin, şirkətimizin və yerli kadrlarımızın inkişafına töhfəsi ilə bağlı maraqlarımız olduğu üçün o layihədə iştirak edirik. Biz həmişə nəzərə alırıq ki, Azərbaycanda gəmiçilik tarix boyu mövcud olub və qədim ənənələrə malikdir. Hətta mən deyərdim ki, bəzi ölkələrdə gəmiçilik, neft və qaz sektoru olmayanda Azərbaycanda gəmiçilik  ənənələri formalaşıb. Lakin nəzərə almalıyıq ki, zaman dəyişdikcə tələblər də dəyişir, müasirləşir, yeni texnologiyalar yaranır. Biz fəaliyyətimizi müasir tələblərə uyğunlaşdırmağa çalışmalıyıq və bütövlükdə gəmiçilik sahəsi müasirləşmədə geri qalmamalıdır. Suala cavab olaraq deyərdim ki, yəqin ki, yuxarıda sadaladığım inkişaf və imkanların reallaşdırılması bu şirkətdə bariz şəkildə öz təcəssümünü tapdı.

– Adətən belə bir tendensiya mövcuddur ki, hər hansı şirkətə yaxud quruma yeni rəhbər təyinatı həyata keçiriləndə həmin rəhbərdən inqilabi yeniliklər gözlənilir.   Caspian Marine Services-in yeni rəhbəri hansı yenilikləri planlaşdırır yaxud  hansı dəyişiklikləri hazırda artıq icra edir?

– Mən deyərdim bir az bəxtim gətirib ki, bu cür şirkətin rəhbəriyəm. Bu şirkətin yaradıldığı 2006-cı ildən etibarən Çingiz Əliyev şirkətin inkişafı naminə çoxsaylı vacib addımlar atıb. Caspian Marina Service-ə rəhbərlik edən bütün direktorlar hər zaman şirkətə can yandırıb, şirkətin fəaliyyətinə fərqli prizmadan yanaşaraq peşəkarlığın artırılmasına çalışıblar və nəticədə güclü komanda yaranıb. Öncə qeyd etdiyim kimi, mənə güclü komanda təhvil verilib və bunun özü böyük xoşbəxtlikdir. Yeni rəhbərlər dəyişikliyi niyə edirlər? Ona görə ki, yeni rəhbər özünün inandığı, tanıdığı, bələd olduğu insanları gətirib öz komandasını formalaşdırır. Mən işlədiyim 5 il müddətində komandanı tanımışam, buradakı peşəkarlara inanıram. Burada mənim hazır komandam var və bu mənada dəyişikliyə ehtiyac yoxdur. Ümumiyyətlə isə,  əlbəttə, şirkətin fəaliyyəti ilə bağlı bəzi ideyalarım var. Niyyətim və planım odur ki şirkəti daha yüksək və fərqli səviyyəyə çatdırmaq üçün mümkün olanı həyata keçirim. Bu günə qədər müştərilərimizə təqdim edə bildiyimiz xidmətlərlə məhdudlaşmamaq və bununla da fəaliyyət dairəsini və şirkəti genişləndirmək arzusundayam.

– Caspian Marine Services-in gələcək üçün planları varmı və hansı layihələr icra prosesindədir?

– Hazırda Şıx limanı ərazisində CMS şirkətinə məxsus olan liman tikintisi davam etməkdədir. Limanın quruda olan hissəsində müasir standartlara uyğun anbar və təmir emalatxanası, eləcə də sərnişin terminalı tam hazırdır və artıq istifadəyə verilib. Limanın dəniz hissəsində körpülərin tikintisi davam edir. İstəyirik ki, CMS-in müasir standartlara cavab verən limanı olsun. Limanın tam olaraq 1 il müddətində tikilib istifadəyə verilməsi planlaşdırılır.

Müəllif: Aynur Qəniyeva

Fins.az

Share: