“Çıxım Allahdan tutmağa, Ən hündür dağın üstünə…”-Gənc şair Elçin Məmmədov “Qızıl Qələm” mükafatı aldı

Müstəqil.AzQızıl Qələm” mükafatına layiq görülən gənc və istedadlı şair Elçin Məmmədovu təbrik edir,ona yaradıcılıq uğurları arzulayır və yeni şeirlərini təqdim edir:
Yığış gedək şikayətə…
 
Günəş də doğmaq istəmir,
Daha sabahın üstünə.
Çıxım Allahdan tutmağa,
Ən hündür dağın üstünə.
 
Nə boydasan, bir tikə sən,
Nə yerdəsən, nə göydəsən.
Qara xətt ola çəkəsən,
Bütün günahın üstünə.
 
Hələ yanıb qaralmaq var,
Xəzan vaxtı saralmaq var,
Son limana yan almaq var,
Düşmüşük axın üstünə.
 
Bir ruh, beş-on kilo bədən,
Sonu ölüm, amma nədən?
O bəxt adlı xəzinədən,
Düşə bir yığın üstünə.
 
Dərd olarmı bundan ötə?
Səbr çatmaz qiyamətə.
Yığış gedək şikayətə,
Göyə, Allahın üstünə.
 
Ölüb doğulmuşam mən
Hətta öldürə bilməz ən ağır edam məni,
Mənəm faili-məchul, mənəm ən böyük bəşər.
Sayma cəmi bir vücud, cəmi bir adam məni,
Mən olmasam arada yer ilə göy birləşər.
 
Mən olmasam daş yağar göydən yerə sərsasər,
Bütün dünya kar olar sükutların səsindən.
Ruhu uçmuş bədənəm, kütləm heçə bərabər,
Təkcə mən keçə billəm incə qıl körpüsündən.
 
Lal sükunət içində yaradıbdır yaradan,
Kainatın içində zaman adlı axınam.
Göyün yeddi qatında gəzmə ta məni adam,
Sən öz içində axtar, sənə səndən yaxınam.
 
Bacar mənə yoluxma, mən ən qatı günaham,
Şeytanın varlığından dərs götürüb gəlmişəm.
Gündüzlər zülmət gecə, gecə vaxtı sabaham,
Mən zamanın cədvəlin tərs götürüb gəlmişəm.
 
Kim uğraşmaq istəsə bir intihar cəhdinə,
Ayaq altdan çəkilən kətil mənəm, dar mənəm.
Gedərsən sonsuzluğa, boşluq çıxar bəxtinə,
Və o yolun sonunda gözlədiyin var, mənəm.
 
Cox da mənə inanma, çox da ürək bağlama,
Hər insanın içində varkən boğulmuşam mən.
Bir də nə vaxtsa ölsəm, mənim üçün ağlama,
Dünyada milyon dəfə ölüb doğulmuşam mən.
Müstəqil.Az
Share: