“Çıxar bu şəkil adamı, Bir azca dincəlsin divar…”-Şahnaz Şahin…

Müstəqil.Az Şahnaz Şahinin şeirlərini təqdim edir:
ŞƏKİL ADAM
Çıxar bu şəkil adamı,
Bir azca dincəlsin divar..
Vaxtını fırla başına,
At oda,yansın arzular..
 
Gör necə saralıb rəngi,
Göydən yerə “AH”dı düşüb!
Sol yandan alnı çapılıb,
Sağ yandan teli sürüşüb..
 
Sınıq-sınıqdı ütüsü,
Başında ağlı ağrıyır!
Ağrıyır qolu yanında,
Gör necə yaxşı ağrıyır..!
 
Beləcə soyulub gedir,
Gecənin qara qabığı…
Çıxar bu şəkil adamı,
Unut bu azar qabağı…
 
Çıxar bu şəkil adamı
O da bu gecə şəhiddi…
Taxtını çevir başına
At oda,yansın şahidin..!
Çıxar bu şəkil adamı….
 
MƏN ATDIM, YANDIRDIM XƏYALLARIMI…
 
Daha böyümusən, uşaq deyilsən,
Bir üstə bir gəlsən, dörd də alarsan.
Bir barmaq kağızdı sən gözlədiyin,
Nisyə istəyərərsən,nəğdə alarsan.
 
Buyur, bu vurduğun sillənin yeri,
Bu da ki,o paslı güllə…yadında?
Fağırdı,yazıqdı indi görkəmin,
Xatırla,xatırla,bəlkə utandın…!
 
Qolumda o dərdin qolbağı vardı,
Başımda qurduğum şirin xəyallar!
Hissimdə yanılmaq təhlükəsi yox,
Ağlımda indiki sonsuz suallar!
 
Şəhər də bizimdi,küçə də bizim,
Bizi oxuyurdu gecənin gözü.
Biz ki,bir adama tanış deyildik,
Niyə tanış idi hamının üzü.?.
 
Sovqat aparırdı,pay daşıyırdı,
O taydan bu taya gələn qatarlar.
Havayı düşmüşdü qismətimizə,
Dərviş qiyafəli ilıq axşamlar..
 
Soyuqdan gəlmisən, gəl otur qızın,
Bu sönmüş ocağda köz qalıbmı gör?
Mən atdım, yandırdım xəyallarımı,
Növbə səninkidi,xəyalını qur…
 
AĞRILAR…
 
Dolar bədəninə, vaxt gözləmədən,
Oxuyar üzünə hökmü, ağrılar.
Hoyuna,huyuna bələd duyğutək
Dolaşar canında qəfil ağrılar.
 
Sığıyıb zəhrini tökər yuxuna,
Qara bulud kimi çökər yuxuna.
Girər arzuların yaşıllığına,
Doğrayar içini, qafil ağrılar.
 
Tutar əl-qolunu təkləyər səni,
Sıxıb bir bucağa saxlayar səni.
Sanki suç üstündə haqlayar səni,
Asılar qapından, qıfıl ağrılar…
Müstəqil.Az
Share: