Cinayət və ehtimallar

Gəncədə baş verənlərə və sonucda iki polis zabitimizin qətlinə, qan tökülməsinə, bir xeyli günahsız insanın həbsinə çox üzüldüm, təəssüfləndim. Heç bir kürsü, heç bir mənsəb, var- dövlət ınsan həyatını əvəz edə bilməz.

Son günlərin olayları hamını çətin suallar qarşısında qoymuşdur. Şəxsən mənə iki günlük lşıq böhranının, Gəncə hadisələrinin Ordumuzun 100 illiyinə həsr olunmuş möhtəşəm hərbi rəsmi- keçiddən sonra baş verməsi təsadüfi görünmür,. Bu şübhələrim nə qədər əsaslıdır, demək çətindir. Kaş əsassız olsun…
Bu gün Gəncədəki toqquşma və iki polis zabitimizin itirilməsi ilə bağlı sosial mediada xeyli yazı oxudum. İstisnasız olaraq hamı təəssüflənir. Başqa cür ola da bilməzdi. Mən də yüksək rütbəli polis zabitlərimizin həlak olmasından dərindən kədərləndiyini bildirir, onların ailə üzvlərinə və Daxili İşlər Nazirliyinin rəhbərliyinə baş sağlığı verirəm.
Eyni zamanda, televiziya proqramlarından zəng vurub müsahibə götürmək istəyənlərin demək olar hamısı gileyləndilər ki bu məsələ ilə bağlı ziyalılarımız, tanınmış adamlar fikir bildirmək istəmirlər. Mən bunun səbəblərini yaxşı bilirəm. Ziyalı bir bilmədiyi məsələ haqqında danışmaz, bir də hər kəsə aydın olan məsələ barədə. İcra başçılarının qudurğanlığının hakimiyyətin özü üçün sürprizlər hazırladığını millət deməkdən yorulub. Aylardır, illərdir deyilir, eşldən və ciddiyə alan yoxdur.
Mən illər uzunu mitinqlərdə, yürüşlərdə polislə dəfələrlə üz-üzə gəlmiş bir adam olaraq bu məsələnin təxribat olmadığına inana bilmirəm.. Və məncə bu təxribat daha çox bu işlərə aidiyyəti olmayan vətəndaşları suçlu çıxarmaq üçün düşünülüb.. Yüz minlərlə insanın üstünə minlərlə polis gəlirdi, birinin burnu qanamırdı, indi verilən rəsmi məlumata görə cəmi 200 nəfərlik (?) bir mitinq keçirilisə orada polis zabitlərinin irəli yeridilməsinə nə ehtiyac vardı? Bu bir təsadüfdürmü? Bu qarşıdurmanı sakitliklə, danışıq yolu ilə, ağsaqqalları işə qatmaqla həll etmək olmazdımı? Mən Gəncə icra başçısına qarşı qəsd haqqında heç nə demək istəmirəm. Həmin məsələ hüquq- mühafizə orqanları tərəfindən diqqətlə araşdırılacaqdır. Elmar Vəliyevin qohumlarının, yaxınlarının hisslərini, hətta qəzəbini də başa düşürəm…lakin bu qəzəb nə qədər sərt olsa da onları bir sakitləşdirən də tapılmalı idi. Heç bir cinayət qanundan kənar söz söhbətə, hüquqa sığmayan hərəkətlərə yol açmamalıdı idi.. Yəni biri öd olanda, biri su olmalıdır.

Təəssüf ki, Elmar Vəliyevə qarşı qəsddən sonra sanki bilərəkdən ara qarışdırmağa, iqtidarla xalq arasında münasibətləri gərginləşdirməyə xidmət edən dedi- qodular ölkəni bürüdü. Xüsusən icra başçısının ailə üzvlərinin dilindən yayılan sözlər açıq-aşkar millətin əsəbləri ilə oynamaq idi, qızışdırıcıq xarakterı daşıyırdı.. Bu sözlər doğrudur- yalandır, fərqi yoxdur, xalq arasında hansı reaksiya doğuracağı nəzərə alınmalı və müəyyən adamların xalqa meydan oxumasının yaxşı nəticə verməyəcəyi bilinməli və həqiqət vaxt itirmədən ortaya çıxarılmalı idi..
Bundan sonrakı addımlar da ehtiyatla atılmalıdır. Baş verən cinayəti əsas götürüb günahsız insanlarının incidilməsinə, həbsinə, təhqir edilməsinə yol vermək olmaz.
Məncə hakimiyyət dairələri baş verən faciədən ciddi nəticə çıxarmalıdırlar. Xalqı yox saymaq, onun dözümünün sonsuz olduğunu düşünmək, onu alçaltmaq və təhqir etmək bir başa hakimiyyətin özünün öz oturduğu budağı kəsməsidir, özünə qarşı təxribatdır və müharibə şəraitində olan ölkəni münaqişələr bataqlığına sürükləməkdir…
Cinayət yolverilməzdir: hansı səviyyədə, hansı üsullarla, sözlə və ya silahla törədilməsindən asılı olmayaraq… lakin ayrı-ayrı cinayətkarların əməllərini və ya konkret adamlardan narazılığı şişirdib ona yüz cür ağlasığmaz adlar qoymaq və bütövlükdə dövlət üçün təhlükə kimi qələmə vermək də doğru olmaz. Məmur məmurdur, dövlət deyil. Məmurların özbaşınılıqların qarşısı vaxtında alınsa, tənqidlərə ciddi yanaşılsa, hər kəs səlahiyyəti çərçivəsində “hökmranlıq eləsə” sonda bu faciələr də ortaya çıxmaz! Dövləti sevən milləti və qanunları sevsin…

Sabir Rüstəmxanlı
10.07.2018

Share: