Cenevrədə Zəfər Günü və Bayraq Günü münasibətilə rəsmi tədbir keçirildi

Noyabrın 8-də İsveçrənin Cenevrə şəhərində Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə Zəfər Günü və Bayraq Gününə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Cenevrədə akkreditə olunmuş diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların təmsilçiləri, akademik və biznes dairələrinin nümayəndələri, eləcə də burada yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü və Azərbaycan Bayrağının müdafiəsi uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Qalib İsrafilov çıxışında qonaqları Azərbaycanın Zəfər Günü və Bayraq Günü münasibətilə təşkil olunan rəsmi tədbirdə salamlayıb və hər iki əlamətdar günün mahiyyəti ilə bağlı məlumat verib. Qeyd edilib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il noyabrın 9-da üçrəngli bayrağı Azərbaycanın dövlət bayrağı elan edib.

Daimi nümayəndə bildirib ki, Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və bu reallıq sülh, təhlükəsizlik və əməkdaşlığın möhkəmləndirilməsi üçün imkanlar açır. 8 noyabr tarixində Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi və ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bərpasının ikinci ildönümü təntənəli şəkildə bayram edilir. Ərazi bütövlüyü və suverenliyinin bərpa olunması sayəsində Azərbaycan tarixi ədaləti bərqərar edib və bir milyona yaxın insanın təhlükəsiz şəkildə öz ata-baba yurduna geri qayıtması üçün şərait yaradıb. Qeyd edilib ki, Azərbaycan qonşu dövlətlərlə birlikdə regionun transformasiyası üçün yeni strateji baxış təklif edib, ölkəmiz işğaldan azad edilmiş ərazilərinin hərtərəfli bərpası və yenidən qurulması kimi mühüm vəzifəni həyata keçirir. Səfir Q. İsrafilov BMT, onun ixtisaslaşmış qurumları və beynəlxalq tərəfdaşları işğaldan azad edilmiş ərazilərin reabilitasiya, rekonstruksiya və reinteqrasiya fəaliyyətlərini həyata keçirməkdə, o cümlədən azad olunmuş ərazilərdə yaşanan mina probleminin həllində Azərbaycanı dəstəkləməyə çağırıb. Xüsusilə vurğulanılıb ki, Azərbaycan sülh dəyərlərinin irəliləməsinə alternativ görmür və buna görə də beynəlxalq ictimaiyyəti keçmişdəki düşmənçiliyi aradan qaldırmaqda regiona dəstək olmağa cağırır.

Tədbirin bədii hissəsində Azərbaycanın istedadlı və tanınmış caz ifaçıları Etibar Əsədov və Ələfsər Rəhimovun rəhbərliyi altında caz qrupu çıxış edib. Konsertdə Azərbaycanın xalq və bəstəkar mahnıları etnocaz üslubunda ifa olunub. Eyni zamanda mədəni proqramın davamı olaraq Cenevrədə fəaliyyət göstərən Azərbaycanlı uşaqlardan ibarət “İRS” rəqs qrupu tərəfindən Azərbaycanın xalq rəqsləri nümayiş etdirilmişdir.

Tədbirin davamı olaraq qonaqlara Azərbaycandan dəvət edilmiş peşəkar aşpazların hazırladığı Azərbaycan mətbəxinin ləziz təamlarından ibarət ziyafət verilib.


Share: