Müstəqil.Az-ın “Azərbaycan Dəmir Yolları” QSC Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramovadan aldığı məlumata görə “Azərbaycan Dəmir Yolları” QSC-nin Belarusda səfərdə olan nümayəndə heyəti İsveçrənin “Stadler Rail Group” Şirkətinin “Stadler Minsk” zavodunda olub. Cəmiyyətin sədri Cavid Qurbanov şirkətin direktorunun birinci müavini Sergey Karpoviçlə görüşüb.
Sonra müəssisədə “Azərbaycan Dəmir yolları” QSC-nin sifarişi ilə yığılan KİSS markalı ikimərtəbəli elektrik qatarları və yataq tipli vaqonlara baxış olub. Layihə rəhbəri Martin Halmo qatarların texniki göstəriciləri və üstünlükləri barədə məlumat verib. Geniş və işıqlı salon, rahat oturacaqlar və müasir məlumatlandırma mərkəzi sistemi sərnişinlərin rahatlığını yüksək səviyyədə təmin edir. Giriş meydançalarının genişliyi sərnişinlərin vaqonlara giriş-çıxışını sürətləndirərək, asanlaşdırır. Qatarlar Azərbaycanın iqlim şərtləri nəzərə alınaraq xüsusi işlənmiş kondisioner sistemi ilə təchiz edilib.
Bütün sərnişin salonlarında Wifi şəbəkəsinə giriş təmin olunub. Səfər zamanı nümayəndə heyətinə “Stadler Minsk” zavodunun istehsal gücü barədə də ətraflı məlumat verilib. Bildirilib ki, Stadler konserninin hissəsi kimi 2014-cü ildən istehsala başlayan zavod şəhərdaxili, şəhər və regionlararası qatarlar, metro qatarları və tramvaylar, digər zəruri texniki avadanlıqlar istehsal edir. Sənaye müəssisəsi MDB məkanında mövcud geniş zolaqlı dəmir yolları üçün tərkib heyətlərinin istehsalı üzrə ixtisaslaşıb. Zavodun maksimal istehsal gücü ildə 150 aliminium vaqon və 100 polad seksiyadir.
“Stadler Minsk” zavodunda MDB dövlətlərinin, o cümlədən Belarus dəmir yolunun sifarişləri üzrə nəqliyyat texnikası istehsal olunur.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İsveçrənin “Stadler Rail Group” şirkəti ilə 2015-ci ildən əməkdaşlıq edir. Bu günə kimi “Stadler Rail Group” şirkətindən “Stadler Minsk” zavodunda istehsal olunan, hər biri 4 vaqondan ibarət olan KİSS markalı 7 ədəd ikimərtəbəli elektrik qatarı alınıb və Bakı-Sumqayıt-Bakı və Bakı-Sabunçu-Bakı marşrutlarında işləyir.
Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək 10 vaqondan ibarət sərnişin qatarı bu ilin aprel ayında Azərbaycana gətirilib.
Müstəqil.Az