Canni De Byazi: “Azərbaycan millisi ilə müqaviləni uzatmayacağam”

“Düşünürəm ki, müqavilə müddəti bitəndən sonra onu bir daha uzatmayacağam”.

“Report”un məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi “Radio Crc”ə açıqlamasında deyib.

67 yaşlı mütəxəssis yığmanın ardıcıl beş qələbə qazanmasını qeyri-adi hadisə hesab edib:

“Mənim Azərbaycandan kənarda çıxış edən dörd oyunçum var. Anton Krivotsyuka baxmaq üçün Cənubi Koreya çempionatını izlədim. İtaliya A Seriyası üçün hazır futbolçu yoxdur. Amma düşünürəm ki, bəzi gənc futbolçular inkişaf edə bilər. Mahir Emreli yaxşı keyfiyyətlərə malikdir. Lakin onlardan istifadə edə bilmir”.

İtaliyalı baş məşqçi növbəti görüşdə 20 yaşlı qapıçıya (Yusif İmanov – red.) şans verəcəyini söyləyib:

“Çünki artıq qapıçılarım yoxdur. Onun yaxşı bacarığı var. Məncə, bir oyunçu gənc olsa da, ona şans vermək düzgündür”.

Qeyd edək ki, Azərbaycan millisi martın 24-də AVRO-2024-ün seçmə mərhələsində Avstriyanın qonağı olacaq.

Share: