“Çəkəcəyəm gözümə kölgən düşən torpağı, Azərbaycan bayrağı!”-Ramiz Qusarçaylıdan günün şeiri…

Bayraq günü,müstəqillik günü tarixi qeyd olunanda bir daha içimizdəki vətənpərvərlik hissini anlatmağa kəlmələr,sözlər yetmir bəzən…
Bu sevgini anlatmaqda aciz qalırsan…
Bu zaman Şairlərin,yaradıcı insanların düşüncəsi,dili ilə danışır içindəki duyğular…
Bu gün Bayraq günüdür.
 Və bu gün ağlıma ilk olaraq gözəl şair Ramiz Qusarçaylının yazdığı möhtəşəm şeir düşdü…
Müstəqil.az  saytı adından bütün Azərbaycan xalqını “9 Noyabr Dövlət Bayrağı Günü” münasibəti ilə  tanınmış şair Ramiz Qusarçaylının “Azərbaycan bayrağı” şeiri ilə təbrik edirik:

 Azərbaycan bayrağı
Şənini vəsf etməyə yetər, qüdrətim yetər,
Ulduzunu, ayını göydə mələklər öpər,
Hər rəngində “ya qazi, ya şəhid” bir mən bitər,
Sən ey İstiqlalımın əbədiyyət sancağı, –
Azərbaycan bayrağı !

Yağının min hiyləsi küydən, kələkdən keçər,
Sən sancılan ucalıq min-min ürəkdən keçər,
Dağlar yerindən oynar, daşlar ələkdən keçər,
Göylərin nur yağmuru, yerlərin göy qurşağı,-
Azərbaycan bayrağı !

Sən Arazın, Samurun umuduna bələndin,
Çəni ağlar Göyçənin buluduna bələndin,
Dərbəndin dərd hıçqıran sükutuna bələndin
O tayımda Savalan, bu tayımda Şah dağı,
Azərbaycan bayrağı!

Cəngidə cövlan yerim, cövlanda can yerimsən,
Barışda gül çələngim, savaşda qan yerimsən,
Sən mənim and yerimsən, mənim iman yerimsən,
Dalğalı ləngərlərin yelpiklənən yarpağı, –
Azərbaycan bayrağı !

Sənsən Azadlıq eşqim, sənsən Hürr, – deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı,
Azərbaycan bayrağı!
Azərbaycan bayrağı!

Hazırladı:Aysel Səfərli.
 
Share: