Bütün mətnlər təsəllidir, amma təsəllilər… – Ulucay Akif yazır…

Kulis.az Ulucay Akifin “Mətn və təsəlli” yazısını təqdim edir.

İlham Əzizin “Beşmərtəbəli binanın birinci mərtəbəsi” hekayəsini oxudum. Hekayədə müəllifin əsərin obrazları ilə amansız rəftarı tez-tez üzərində düşündüyüm bir mövzunu mənim üçün yenidən aktuallaşdırdı.

Hekayənin bütün qəhrəmanları müəllif tərəfindən bədbəxt obraz kimi təqdim olunur. Feyzi, Şəlalə, Rafiq, Sənubər, Zaur və Gülşən. Qoşalaşmış bu üç cütlüyün heç biri xoşbəxt deyil. Müəllif isə heç bir vəchlə onlara təsəlli verməyə çalışmır, əksinə sonda hər şeyi tamamilə alt-üst eləyir.

Bəs niyə müəllif obrazlarını və oxucularını təsəllidən məhrum edir, hətta iynə ucu boyda ümid yeri də saxlamır? Ya da təsəlli verməyə çalışır, amma sonra bütün ümidlərin üzərindən xətt çəkir. Müəllif bunu bilərəkdən edir, yoxsa özü də obrazlarını xilas etməyə çalışır, amma bacarmır? İkinci variant mənə inandırıcı gəlmir. Çünki obrazlarına qarşı bu qədər mərhəmətsiz olan müəllif, mütləq ki, mətndə mərhəmətini də rahatca sərgiləyə bilərdi.

Mətn və təsəlli

Antik dövrlərdə təsəlli duyğusu eyni adda bir ədəbiyyat janrına da çevrilə bilmişdi. Consolatio adlanan bu janr latınca tərcümədən məhz “təsəlli” mənasını verib.

Consolatio janrının yeganə uğurlu olmaq şansı isə fəlsəfənin əlində idi. Bu janrın nümunələrinin dayaq nöqtəsi fəlsəfə idi. Daha dəqiq desək, bu ədəbi janrın mətnləri PlatonizmStoisizm (Stoyaçılıq) məktəblərinə söykənirdi.

Eramızdan əvvəl IV-III əsrlərdə yaşamış platonçu filosof Krantorun əsərləri bu janrın ilk nümunələrindən sayılır. Təəssüf ki, həmin əsərlər dövrümüzə qədər çata bilməyib.

Qədim Yunan ədəbiyyatından bu janra məxsus olan yalnız iki ədəbi nümunə dövrümüzə qədər çatıb. Bunlardan biri neoplatonçuluğun yaradıcılarından olan Plutarxın “Arvadım üçün təsəlli”, digəri isə müəllifi bəlli olmayan “Apolloniya üçün təsəlli” traktatlarıdır.

Qədim Roma ədəbiyyatında isə bu janra aid edilən ən qədim nümunələri SiseronSeneki qələmə alıb.

Sonralar aktuallığını itirən bu janr İntibah dövründə İtaliyanın bir sıra humanist yazıçılarının, xüsusən Canotso ManettiFrançesko Filyefonun yaradıcılığında müşahidə olunur.

Bəs niyə bu janr zamanla tamamilə sıradan çıxdı?

İnsanların təsəlliyə ehtiyacımı azaldı, yoxsa yazıçıların insanları təsəlli edə bilmək bacarığı?

Düşünürəm ki, hər iki sualın bir cavabı var və o cavab “YOX!”dur. Cavab var, amma o cavab “YOX!”dur.

Çünki insanların təsəlliyə ehtiyacı hər yeni dövrdə əvvəlkindən daha da çoxalır. Hətta təsəlli edilmək ehtiyacı dövrümüzdə özünü daha bariz büruzə verir, daha təhlükəli hala gəlir.

Bir tərəfdən kapitalizmin qəddar marşları (haqqında bəhs etdiyim hekayənin əsas mövzusu da elə budur), digər tərəfdən dünyanı “ağuşuna” alan müharibələr, bomba səsləri və ölümlər (ölüm mövzusu da bu hekayənin son akkordunu vuran mövzudur).

Yəni insanoğlu var olduğu müddətcə təsəlliyə ehtiyac duyacaq və bu təsəllini hər yerdə axtaracaq, son nəfəsinə qədər.

Bəs niyə yoxa çıxdı bu janr?

Havada asılı qalmış sualımıza yenidən qayıdaq və cavabını tapmağa çalışaq.

Çünki bir müddət sonra ədəbiyyat özü geniş anlamda təsəlliyə çevrildi. Bu, şəxsən, mənim fikrim olduğu üçün bunu hansısa bir dövrə aid etmək, hansısa etaplara bölmək iqtidarında deyiləm.

Ancaq qənaətimdə qətiyyəm: artıq ədəbiyyat janrından asılı olmayaraq insanların təsəllisidir.

Bir zamanlar sırf hansısa janra xas olmuş bu xüsusiyyət artıq ədəbiyyatın mahiyyətinə, daha doğrusu missiyasına çevrilib. Təsəlli vermək missiyası! Yazıçı yazıb təsəlli tapır, oxucu isə oxuyub.

X=Y, amma Y≠X

Ədəbi mətni şərti olaraq X , təsəllini isə Y olaraq işarələsək, bu iki anlayış arasındakı bərabərlik bu cür olacaq: X=Y

Yəni bütün ədəbi mətnlər təsəllidir.

Bu tənliyə güzgü effekti ilə baxsaq, ortaya çıxan mənzərədə bu məfhumlar arasındakı işarənin dəyişdiyini görəcəyik: YX

Yəni bütün təsəllilər ədəbi mətn deyil.

Ortaya çıxan yekun mənzərə isə belədir: X=Y, amma YX

Yəni bütün ədəbi mətnlər təsəllidir, amma bütün təsəllilər ədəbi mətn deyil.

Mətn və təsəlli analogiyamıza davam edərək mətnin bir çox kriteriyaya cavab verib-vermədiyini də müəyyənləşdirə bilərik.

Təsəllilərin (mətnlərin) növləri.

Bu prizmadan (mətn və təsəlli) yanaşsaq, mətnləri geniş mənada iki qrupa bölmək olar.

  1. şablon təsəllilər (mətnlər)

– bu cür təsəllilərdə təsəlli verən şəxsin (yəni müəllifin) deyəcəyi sözləri əvvəlcədən bilirik və həmin təsəlli bizim üçün maraqsız, faydasız olur.

  1. şablon olmayan təsəllilər (mətnlər)

– bu cür təsəllilərdə təsəlli verən şəxs (müəllif) təsəlli axtaranın (oxucunun) beynində yeni qapılar, yeni pəncərələr açır, tamam fərqli yolları göstərir. Bu təsəllilər çox vaxt heyrətlənməyimizə, yeni nələrsə öyrənməyimizə kömək edir. Bu səbəbdən təsəlli verən şəxsin novatorluğu ciddi amil sayılır.

Bəs müəllifin ustalığı özünü nədə göstərir?

Yenə qayıdırıq ədəbiyyatın ən vacib sualına:

Nə yazmaq, yoxsa necə yazmaq?

Bu suala “nə yazmaq” cavabını verənlərin axtardığı mətn şablon olmayan mətnlərdi. Onlara eşitmədikləri, bilmədikləri şeyləri demək lazımdır.

Ol səbəbdən şablon olmayan mətnlərdə müəllifin mövzu novatorluğu ön plana çıxır. Onlara yeni nəsə deməsən, təsəllin uğursuz sayılır, təsiri olmur.

Bu suala “necə yazmaq” cavabını verənlər üçün isə mətnin şablon olması heç bir problem yaratmır. Onlar üçün önəmli olan təsəlli verən şəxsin doğmalığıdır, yəni üslubu.

Amma mətndən təkcə oxucunun yox, yazıçının özünün də təsəlli tapdığını unutmaq olmaz. Və yazıçının təsəlli gözləntisi ilə oxucunun gözləntisi arasında həmişə böyük uçurum olur. Çünki yazıçının mətni yazarkən aldığı təsəlli ilə oxucunun mətni oxuyarkən aldığı təsəlli bilmərrə fərqlidir.

Hətta bu fərq o qədər nəhəngdir ki, oxucu bu iki təsəlli arasındakı uçurumdan yerə çırpılıb çilik-çilik ola bilər.

Bəs necə olmalıdır? Yazıçının vəzifəsi oxucuya təskinlik vermək, başını sığallamaqdır, yoxsa elə həmin uçurumdan yerə atmaq? Bu suala cavabı hərənin öz ixtiyarına buraxmaq istəyirəm.

“Beşmərtəbəli binanın birinci mərtəbəsi” hekayəsində isə müəllif qəhrəmanlarını və (ən əsası) oxucularını bir qədər əvvəl danışdığım təsəlli uçurumundan yerə çırpır və onları seyr edir. Göstərmək istədiyi həqiqətlərin acılığı müəllifin mərhəmət hissinin, təsəlli etmək arzusunun qarşısını alır. Qəhrəmanlar və oxucular müəllifin təsəlli uçurumundan aşağı atılıb sıldırım qayalara (yəni həqiqətlərə) çırpılır və çilik-çilik olur.

Share: