Bütün dünyanın diqqəti bu oyunda olacaq – Byazi

Bilirəm, ölkə olaraq çətin dövr yaşayırıq. Azərbaycan üçün qeyri-adi situasiyadır. Sabahkı oyuna maksimum konsentrasiya olacağıq. Qrup lideri olmaq istəyiriksə, mütləq qalib gəlməliyik.

Müstəqil.Az xəbər verir ki, bunu UEFA Millətlər Liqası çərçivəsində Monteneqro millisinin qonağı olacaq Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazi oktyabrın 9-da təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, qrupda yer alan komandalar reytinqdə bizdən üstün olsalar da, inanıram ki, futbolçularım yaxşı oyun göstərəcək və lazım olan nəticəni qazanacaqlar. Rəqib haqda onu deyə bilərəm ki, geniş heyətə malikdir. Bir çox oyunçuları legioner həyatı yaşayır. Həm gənc, həm də təcrübəli futbolçulardan təşkil olunub. Oyunlarını yaxşı analiz etmişik. İki oyunda qalib gəlsələr də, bu, o demək deyil ki, məğlubedilməzdirlər. Sabah kim az səhv etsə, o da qalib gələcək.

“Bütün futbolçular ölkədə baş verən hadisələr barədə düşünür. Belə demək mümkünsə, hamısı bir qədər narahatdır. İndiki anda bu hadisələrə ən gözəl cavab baxımlı oyun göstərib qalib gəlməkdir. Bütün dünyanın diqqəti bu oyunda olacaq. Futbolçularımız qələbə qazanmaqla əsgərlərimizə dəstək ola bilərlər”, – deyə Canni de Byazi əlavə edib.

Qeyd edək ki, Monteneqro-Azərbaycan oyunu oktyabrın 10-da Podqoritsa şəhərindəki “Qradski” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Müstəqil.Az 

Share: