“Bu sevda möhtəşəm məğlubiyyətdi, Yalandan adını qələbə qoyma..”- Ayaz Arabaçı…

Yalandan adını qələbə qoyma..

Bir səsə bənzədib,bir ünə yozub,
Məni unutduğun birinə yozub,
Acı günlərini şirinə yozub,
Şərbətə batırma,gülaba qoyma..

Sən ki,nur verərsən Qəmərə-Şəmsə,
Səni anlatmırmı o boyda “Xəmsə”.
Gözündə-könlündə təkcə mənəmsə,
Ayrı bir yad adı o ləbə,qoyma.

Uçuş meydanına dönməz hər sinə…
Durnalar dayanıb üzü tərsinə.
Tədris elədiyin sevgi dərsinə,
Bir də mənim kimi tələbə qoyma.

Yarıda saxlama hökmünü tam et,
Bir daş parçasını çevir adam et,
Məni burda soydur,burda edam et,
İraqa göndərmə,Hələbə qoyma.

Sorma nə qaydadı,nə təbiətdi,
Hər sözüm,hər kəlməm sənə biətdi..
Bu sevda möhtəşəm məğlubiyyətdi..
Yalandan adını qələbə qoyma..

 Nə sən yazasan…

Bir qıza məktub yazıb qardaşına verəsən,
Çəkə baha ömrünü sənə ucuz oxuya.
Narın-narın qar yağıb,bağlaya yolu-izi,
Qəlbini şaxta vura,içində buz oxuya.

Bir saatın içində düşəsən neçə dərdə,
Bütün hakimiyyətin qəfildən keçə dərdə,
Sübhə kimi qovasan yuxunu küçələrdə,
Səsində ney ağlaya,yaranda duz oxuya.

Yerlərə hirslənəsən,göylərə aslanasan,
Bir dirəyə söykənib,bir küçə yaslanasan,
Dəli bir yağış yağa ölüncə islanasan,
Saçlarını dan yeli ulduz-ulduz oxuya.

Bir kəpənək soyuda ürəyinin tərini,
Bütün evlər,ağaclar dəyişə yerlərini,
Havalanıb yazdığın sevgi şeirlərini,
Küləklər şəhər boyu quduz-quduz oxuya.

Yuvarlanıb düşəsən zirvədən bir dərəyə..
Yer üzü gözlərində dönə bircə çərəyə,
Boylanıb öküz kimi sən baxan pəncərəyə,
Tindən bir qaqaş çıxıb,sənə “üç tuz”oxuya..

Bir anın ayrıığı bir təqvimlik illənə,
Özgə baxışlarından bulaqların lillənə,
Hönkürəsən gözlərin uzaqlara zillənə,
Gəlib bir qara sevda sənə “bluz” oxuya..

Qara qərənfil aça tutduğun eşqin yası,
Bel-belə qalaqlana min ilin hisi-pası,
Heç harda tapılmaya dərdinin əlifbası,
Gözündəki dumanı təkcə payız oxuya..

Oyanasan illərin toz basmış yuxusundan,
Ağlın başından çıxa bənövşə qoxusundan,
Ödün ağzına gələ,arvadın qorxusundan,
Nə sən məktub yazasan,nə də o qız oxuya..

Share: