“Bu şəxslər BQXK-nın əməkdaşları olmayıb” — Rəsmi

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən Laçın koridoru ilə bəyan edilməmiş məhsulların keçirilməsi ilə bağlı məlumatlara aydınlıq gətirilib.

BQXK-dən “Qafqazinfo”ya verilən məlumatda bildirilib ki, Komitə Laçın koridoru ilə bəyan edilməmiş məhsulların keçirilməsindən xəbərdardır və belə fəaliyyətləri dəstəkləmir.

“BQXK-ya məxsus olan heç bir nəqliyyat vasitəsində belə məhsullara rast gəlinməyib. Bütün humanitar yüklər Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən yoxlanılır. Lakin, təəssüflər olsun ki, icarəyə götürülmüş və üzərinə müvəqqəti olaraq BQXK emblemi vurulmuş dörd nəqliyyat vasitəsinin sürücüsü bizə məlumat vermədən öz maşınlarında kommersiya məqsədli yükləri keçirməyə cəhd ediblər.

Bu şəxslər BQXK əməkdaşları olmayıblar və onlarla olan xidməti müqavilələrə dərhal xitam verilib. Bizim Laçın koridoru boyu gördüyümüz işlər yalnız humanitar xarakter daşıyır. 600-dən artıq pasientin tibbi təxliyəsinə və səhiyyə ocaqları üçün lazımi ləvazimatların, o cümlədən ərzaq və uşaq qidalarının çatdırılmasına imkan yaratmış bu fəaliyyətlərin davam etdirilməsinə icazə verilməlidir. Humanitar fəaliyyətlər hər zaman tərəflərin razılığı ilə həyata keçirilir və minlərlə insanın həyatına müsbət təsir göstərir”, – deyə rəsmi məlumatda bildirilib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb.


Share: