“Bu şəkil üzləri asma üstümdən,  Mən sərgi evində divar deyiləm.”-Vasif Zöhraboğlu

İlahi…

Belə darıxdırma məni, İlahi,
Biraz tənhalıq ver baş qatmaq üçün.
Özün de saatı neçəyə qurum,
Yazdığın kor bəxti oyatmaq üçün?

Biraz yaşamağa həvəsim qalıb,
Hələ öz canımdan bezar deyiləm.
Bu şəkil üzləri asma üstümdən,
Mən sərgi evində divar deyiləm.

Sən də dindirməsən, danışdırmasan,
Axı kim oyadar sükutdan məni?
Bezmişəm göylərdə bulud olmaqdan,
Yağdır yer üzünə buluddan məni.

Alsın ürəyimi qəribsəyəndə,
Bir qadın səsi ver qulaqlarıma.
Bir doğma üz tanıt döyüm qapısın,
İş tapım bu tənbəl ayaqlarıma.

Belə darıxdırma məni, İlahi,
Biraz tənhalıq ver baş qatmaq üçün.
Özün de saatı neçəyə qurum,
Yazdığın kor bəxti oyatmaq üçün?

 

Bilərsən…

Tükənər ağzında sözün, bilərsən,
Yaraşmaz, bu gediş xanıma, qayıt.
Get hara istəsən, özün bilərsən, 
Sevilmək istəsən, yanıma qayıt.

Oxunar dilimdə bəstəbəbəstə,
Məni bir sükutluq qorxu aparar.
Başını qoyarsan sinəmin üstə,
Öpərəm gözündən, yuxu aparar.

Ruhumu ələ al, məni məst elə,
Qibləmsən əymişəm baş ürəyinə.
Əzizim, gəl məni bütpərəst elə,
Tapındır Allahsız daş ürəyinə.

Sənsizlik ömrümü-günümü yeyib,
Nə çıxar hər kəsə bunu deməkdən.
“Necəsən” sözünə, yaxşıyam deyib,
Bezmişəm, yalandan gülümsəməkdən.

Bu yol ki, əzəldən tanrı yoludur,
Bəlkə də döngələr səni çaşdırır.
Sevgi də ürəyin binokoludur,
Sevdiyin hər şeyi yaxınlaşdırır…

Tükənər ağzında sözün, bilərsən,
Yaraşmaz, bu gediş xanıma, qayıt.
Get hara istəsən, özün bilərsən,
Sevilmək istəsən, yanıma qayıt…

 

Hardasa bir ünvan mənə gəl deyir…

Adam ölməyə də darıxır hərdən,
Bir ucuz ölümün möhtacı olur.
Həyatı dünyaya gəldiyi yerdən,
Getdiyi yerəcən tapmaca olur.

Bu kasıb ömrümdən kimdir pay uman?
Bu uçuq daxmamın qonağı olsun.
Mən ölüm eşqiylə alışan, yanan,
O mənim eşqimin çırağı olsun.

Göylərin həsrəti başıma döyür,
Evimin damından yağış, qar keçir.
Hardasa bir ünvan mənə gəl deyir,
Hardasa könlümdən intihar keçir.

Anam, dərd eləmə, daha qəm yemə,
Bu ömür olmadı səbirdən sonra.
Dur məni yola sal oldüyüm günə,
Deyirlər həyat var qəbirdən sonra…

Fevraldan soyuqdu münasibətin…

Saatlar heç vaxt gəlməyəcəksəndə dayanıb,
Ömrümün sənsizliklə bol vaxtıdır.
Gedirəm üzümü ayrılığa tutub.
İndi ayaqlarımın yol vaxtıdır

Şeir oxu,
Qulağına bir pıçıltı səs apar,
Sükutdan boğular otaq istəsən.
Heç olmasa qollarımı kəs apar,
Dizlərin bir büküm qucaq istəsə.

Yox, daha gözləmə bu tərs adamı,
Bəlkə qayıtmağa ömrüm yetmədi,
Bəlkə özümdən də, səndən də bezdim.
Bəlkə bu sevgiyə səbrim yetmədi.

Məndən ürəyini payızla getsin,
Görsən soyuq düşür, hava dəyişir,
Qaranquş ömrüdür şairin ömrü,
Ürəkdən-ürəyə yuva dəyişir.

Səni sevməmişdən qabaq da hələ,
Pəncərən bir ovuc daş görməmişdi.
Milyon il, milyon il uzaqda hələ,
Bu şəhər heç belə qış görməmişdi.

Fevraldan soyuqdu münasibətin…

Share: