“Bu prosedurlar boyun və bel fəqərələrini sındıra bilər” — Neyrocərrah Fəzail Kərimov

Neyrocərrah Uzm.Dr. Fəzail Kərimov. 2014-cü ildə Azərbaycan Tibb Universitetinin “Müalicə işi və profilaktika” fakültəsindən məzun olaraq həmin ildən Mərkəzi Neftçilər Xəstəxanasında həkim-rezident olaraq fəaliyyətə başlayıb. 2018-ci ildə Türkiyə Cumhuriyyətinin “Tibbdə Uzmanlığa qəbul” imtahanını uğurla verərək, “İstanbul Eğitim və Araştırma Xəstəxanasının Beyin və Sinir Cərrahiyyəsi şöbəsində uzmanlıq təhsilinə başlayıb.

2023-cü ildə uzmanlıq təhsilini bitirmə imtahanını uğurla verərək Beyin və Sinir Cərrahiyyəsi uzmanı adını alıb. Vətənə dönərək Caspian International Hospitalda fəaliyyətə başlayıb.

 “Qafqazinfo” Fəzail Kərimovla müsahibəni təqdim edir:

– Fəzail həkim, vətənə xoş gəlmisiniz. Bizdə əvvəllər, adətən, xaricə gedən həkimlər müzakirə mövzusu olurdu, son günlər isə xaricdə işləmək imkanı olduğu halda, vətənə dönməyi üstün tutan həkimlərimiz müzakirə edilir. Qardaş ölkədə qalıb işləmək imkanınız olduğu halda, ölkəyə dönmək qərarını vermək çətin olmadı ki?

– Doğrudur, hal-hazırda Türkiyədə uzmanlıq təhsili alıb orada işləmək maddi cəhətdən daha sərfəlidir. Daha çox pasiyent kütləsinə sahib ola bilərsən. Qısa zaman ərzində istər cəmiyyətdə tanınma, istər maddi baxımdan daha üst səviyyələrə çıxmaq mümkündür. Mənim xaricə təhsil üçün gedişimi planladığım zamanlardan bəri, məqsədim uzmanlıq təhsilimi tamamlayıb, uzman həkim kimi vətənimə dönmək, xalqımıza xidmət etmək idi. Burada insana yol göstərən əsas faktor qarşındakı məqsəddir. Hazırda səhiyyəmiz çox irəliləyib. Bir çox xəstəxanamızda dünyanın inkişaf etmiş ölkələrində istifadə olunan tibbi cihazlar var. Dünya səviyyəsində icra olunan çox əməliyyatlar Azərbaycanda da icra olunur. Təbii ki, bunlara çox sevinirik. Xalqımıza faydalı olmaq məqsədilə gəldim və bunu bacaracağıma inanıram.

– Peşənizin adındakı “cərrah” hissəsi seçdiyiniz sahənin çətinliyindən xəbər verməklə yanaşı, pasiyentlərlə bağlı da bəzi ön problemlər yarada bilir. Hamı düşünür ki, neyrocərraha getdimsə, mütləq əməliyyat olunmalıyam, odur ki, gəlməkdən çəkinir. Bəs əslində necədir? Konkret desək, bir neyrocərrah kimi, neyrocərrahi patalogiyalarda  müalicə yolları varmı? Yoxsa, elə bütün xəstələr əməliyyat olunmalıdır?

– Çox təəsüf hissi ilə demək istəyirəm ki, cəmiyyətdə bu fikir formalaşıb, cərraha getdimsə mütləq əməliyyat tövsiyyə edəcək. Bunun da əsl səbəbi biz cərrahlarla bağlıdır. Əməliyyata göstəriş olmadan nəyinsə xatirinə əməliyyat olunan xəstələr, təbii ki, fayda görmədikcə inamsızlıq yaranır. Müasir zamanda demək olar ki, neyrocərrahi patalogiyaların çox böyük hissəsi müalicə olunandır. Hal-hazırda müalicə olunmayan problem yox deyiləcək qədər azdır. Elm və texnologiyanın bu qədər irəlilədiyi 21-ci əsrdə, yaxın zamanda müalicə olunmayan bir xəstəlik qalmayacağını düşünürəm.

– Fəzail həkim, neyrocərrahi patalogiyaların yaranması üçün müəyyən bir yaş senzi varmı? Deyə bilirikmi ki, bu şişlər, bu ağrılar müəyyən yaşdan sonra olur?

– Hər hansısa xəstəliyin bu yaşda yaranacağı ilə bağlı dəqiq məlumat verə bilməsək də, hər xəstəliyə aid daha çox rastlanan yaş aralıqları söyləmək olar. Məsələn “meningiom” adlandırdığımız xoşxassəli beyin şişləri bütün yaş qruplarında görülə bildiyi kimi, 50-70 yaş arası insanlarda daha çox görülür. Bel yırtığı daha çox gənc yaşdakı insanlarda görülərkən, bel kanal (onurğa) daralmasına daha çox yaşlı insanlarda rast gəlinir. Təbii ki, bu misalları bir çox xəstəliklər üçün çəkmək mümkündür.

– Doktor, inkişaf edərək ağır nəticələr gələ biləcək xəstəliklər üçün adətən “erkən diaqnoz can qurtarır” deyilir. Ağrı və narahatlıq verməyən neyroloji patologiyalarda erkən diaqnoz necə mümkündür? Məsələn, ilkin yaranma dövründə ağrı və narahatlıq verməyən beyin şişlərini adamlar hansı əlamətlərlə anlaya bilərlər?

–  Erkən diaqnozla bağlı deyilənlərə birmənalı olaraq qatılıram. Bu, artıq aksiomdur. Erkən diaqnoz xəstəliyin irəliləyib daha pis nəticələrə və ya ağırlaşmalara gətirənə qədər müalicə olunmasına səbəb olur. Çox təəsüf edirəm ki, “check up”  dediyimiz müəyyən yaşdan sonra edilən müayinələr ölkəmizdə geniş yayılmayıb. Bəzən şikayət verməyən meningiom (xoşxassəli beyin şişi) xəstələrinə də rast gəlirik. Mənim “uzmanlıq tezisim” olan “Meningiomlu hastalarda klinik, radyolojik, patolojik takip və tedavi sonuçları” mövzulu araşdırmamda 107 xəstədən ikisində heç bir şikayət olmamış, avtomobil qəzası ilə əlaqədar çəkilən beyin tamoqrafiyasında şiş olduğu aşkarlanmışdı. Əgər xəstəyə şikayət vermirsə, bunun aşkarlanması başqa bir səbəblə çəkilən, MRT, KT zamanı ortaya çıxa və ya “Check up”  müayinə zamanı aşkarlana bilər.

– Ölkəmizdə ən çox yayqın olan bel-onurğa ağrılarının qədimdən bəri yüzlərlə “türkəçarə üsulları” ilə müalicə yolları olduğu deyilib. “Belə qır qoyulması”, “yaxma yaxılması”, “hansısa qurğuya bağlayaraq dartma”, “çarmıxdan asma” və s. kimi yollarla adamları sağaltdığını iddia edən “ara həkimləri” hələ də var və məsələnin maraqlı tərəfi budur ki, bu yolla sağaldığını iddia edənlər də az deyil. Hər zaman müzakirə olunan bu mövzuya sizin münasibətiniz necədir?

– Təəssüf hissi ilə söyləmək lazımdır ki, bu prosedurları görən “həkimlər” vardır. Əslində bunlar fizioterapiya prosedurlarıdır və həkim-fizioterapevt tərəfindən məsləhət görülüb, tətbiq edilməlidir. Bu prosedur heç bir tibbi təhsili olmayan şəxslər tərəfindən edilərsə, daha da pis nəticələrə gətirib çıxara bilər (boyun fəqərələri, bel fəqərələrinin sınması kimi). Mən hər zaman tibb elminin təsdiq etmədiyi, özülündə elm durmayan bu prosedurlara və tibbi təhsili olmadan həkimlik iddiasında olanlara qarşı olmuşam. Xəstəliyin çarəsi yalnız və yalnız elm yolu ilə mümkündür.

–  Əməliyyat olunan beyin şişlərinin yenidən yaranma ehtimalı varmı? Əgər varsa, bundan qorunma yolları kimi nələri məsləhət görərdiniz? 

– Beyin şişlərinin təkrar yaranma ehtimalı az da olsa var. Amma bu hal bir çox faktordan asılıdır. Burada şiş toxumasının patohistoloji nəticəsi, şişin tamamilə xaric edilməsi, əməliyyatdan sonrakı zamanda həkimin tövsiyələrinə əməl edilməsi kimi amillər rol alır. Xoşxassəli şişlər tam olaraq çıxarılarsa, bir qayda olaraq yenidən yaranmır. Bədxassəli şişlərdə, təəsüf ki, bunu demək çətindir. Əməliyyatdan sonrakı zamanda həkimin tövsiyələrinə birəbir əməl olunması, kontrol müayinələr üçün bildirilən vaxtda müraciət edilməsi şişin təkrarlanma ehtimalını azaltdığı kimi, əgər təkrar yaranma varsa erkən zamanda aşkarlanması baxımından çox vacibdir.

– Ağır neyrocərrahi əməliyyatlarda təkcə cərrahın pəşakar olması bəs etmir. Saatlarla sürən əməliyyatlar üçün peşəkar anestezioloq, yaxşı komanda, baş verə biləcək komplikasiyaya qarşı dərhal müdaxilə edilməsi və əməliyyat sonrası çox ciddi reanimasiya şərtlərinin də lazım olduğu sirr deyil. Klinikanızda ağır neyrocərrahiyyə əməliyyatlarını etmək üçün bütün bu şərtlər sizi qane edirmi?

– Cərrahiyyə bir komanda işidir. Bu komandada həkim-cərrahdan ən kiçik tibb işçisinə qədər hər kəs, bir zəncir şəklində fəaliyyət göstərməlidir. Bu zəncirdə hər hansı bir həlqənin qırılması tamlığın pozulmasına səbəb olacaq. Özəlliklə də neyrocərrahiyyə sahəsində bu məsələ daha ciddidir. Çünki saatlarla davam edən cərrahi əməliyyatdan sonra xəstələrimiz reanimasiyaya köçürülür. Əməliyyat sonrası dönəmdə reanimasiyada, onun sonrasında stasionarda təqib də əməliyyat qədər önəmlidir. Sevinərək qeyd etmək istəyirəm ki, hazırda “Caspian International Hospital”da neyrocərrahi əməliyyatların icrası və əməliyyat sonrası müddətdə təqibi üçün zəruri olan hər cür şərait mövcuddur.


Share: