“BU HEKAYƏ DEYİL!”-Südabə Sərvi…

Müstəqil.Az Südabə Sərvinin  sosial şəbəkə vasitəsilə paylaşdığı mövzunu olduğu kimi təqdim edir:

BU HEKAYƏ DEYİL!
Şahidi oldugum hadisədi…((

Dayanacaqda 11 saylı avtobusa yetmiş yaşlarında qoca və otuz-otuz beş yaşlarındsa cavan bir qadın mindilər. Rus olduqları bilinir. Bizdən iki oturacaq qabaqda əyləşən gənclər dərhal qocaya yer verirlər.

Yaşlı qadın əyləşir. Hiss olunur ki, o birisi onun qızıdır. Səliqəsiz, pırtlaşıq saçları, boz sifəti var. Ağzında dişləri də yoxdur. O, anasının başı üzərində dayanaraq bərkdən-bərkdən onu təhqir etməyə başlayır.

Eşidənlər və mən dəhşətə gəlirik. Qızının qarşısında titrəyən ana heç nə demir. Dodaqları və əlləri əsir. Yavaşca başını aşağı salıb titrəyən əlləriylə çantasından eynəyini çıxarır. Qız hirslə və çox kobud şəkildə eynəyi onun əlindən alaraq “day mne!…” qışqırır. Sonra dodağının altında təhqiredici sözlər deyir. Arvad yenə heç nə demir. Başını aşağı salır. Bəlkə də ağlayırdı.

(Belə övlad tərbiyə etdiyinə görəmi? Gecdi artıq!) Çox təsirlənmişdim…Sərnişinlər də, mən də rahatsız olmuşduq. Fikirləşdim, ona nə deyim ki, təsir etsin? Yanımda oturan qadın mənə agzımı açmaga imkan vermədi. “Nəyinizə lazımdır, ay bacı? Sizə pis cavab verər. Cəhənnəm olsun. Rusdu da…” Cavab verdim: “Rus olanda nolar? Guya bizdə yoxdur?” “Var e, ancaq inanmıram beləsi ola.”
-Ay bacı, ondan da pisi var. -Arxada oturan bir xanım söhbətə qarışdı: Mən övlad tanıyıram ki, anasını basıb döyür”-dedi.
Cavan qadın sərnişinlərin reaksiya verdiyini görüb dərhal keçib arxada əyləşdi.
Yol boyu çox fikirləşdim. Səbəb nədir buna? Bəlkə də vaxtilə həmin yaşlı qadın öz anasına qarşı belə kobud olub ki, onun övladı da ona qarşı belədir. Və yaxud əksinə, heç belə deyil. Bəzən atalar demiş, “Oddan kül də törəyir”. Bilmirəm. Hər halda səbəb vardır buna.

Südabə Sərvi

Share: