Bu gün poeziya günü və Səməd Vurğunun doğum günüdür. – Təranə Məmməd

Bu gün poeziya günü və Səməd Vurğunun doğum günüdür.
Sözü sözlə bəzəyən şairlərimizi təbrik edir və dəfələrlə paylaşdığım xatirəmi bir daha Vurğun yaradıcılığına ehtiramla yada salıram.

Lap kiçik yaşlarımdan evimizdə Səməd adını tez-tez eşidirdim. Atam həmişə o adamdan xüsusi bir fərəhlə danışar, sonda isə mütləq kövrələrdi.
Mən məktəbdə rus dilində oxuyurdum, evdə isə atam mənə azərbaycan dilində şeirlər öyrədərdi. Bu şeirlərin çoxu Səməd Vurğunun şeirləri idi. Qardaşım və bacılarım Səməd Vurğunun şeirlərinin əksəriyyətini əzbər bilirdilər.
Sonradan bildim ki, atamın həmişə qürurla yada saldığı adam məşhur şairimiz Səməd Vurğun idi.
İndi yazdıqlarım evimizdə danışılan xatirələrdəndir və heç vaxt heç bir yerdə çap olunmayıb.
Atam Səmədlə (atam ona belə deyərdi) təsadüfən bir məclisdə tanış olur. Atamın şeirə, saz musiqisinə, muğamlara sevgisini görən Səməd onunla bir neçə dəfə zəngləşir və dostlaşır. Sonra atam Ağdaşda işləyəndə bizə qonaq gəlir. Ağdaşda atamla bir neçə dəfə ova gedirlər. Atam danışırdı ki, Səməd heç vaxt heç bir heyvanı vurmazdı. Amma ova gedəndə təbiətdən xüsusi zövq alardı. Ceyran, cüyürlərin gözəlliyinə valeh idi.
Sonralar Səməd görkəmli rus yazıçıları Fadeyev və Simonovla da dəfələrlə bizim evdə qonaq olur.
Uşaqlıq yaddaşımda evimizdəki şəkillər çox aydın qalıb. Çox təəssüf ki, həmin şəkillər Ağdamın işğalından sonra itirilib.
Bacım deyir ki, Səməd əminin atamıza “ayə Mamed” deyə müraciəti bizə qəribə gəlirdi əvvəllər, ancaq sonra bu müraciətdə nə qədər səmimilik və sadəliyin olduğunu hiss edirdik.
Günlərin bir günü Atamı Qazax rayonuna işə təyin edirlər. Bu illər atam Səmədlə lap yaxınlaşır. Ailəvi dost olurlar.
Bacım danışır ki, Səməd əmi Qazağa gələndə Ağstafada dəmir yol qatarından düşüb uzun bir məsafəni piyada gedərdi. Piyada getdiyi küçələrdə hər görən onu xüsusi hörmətlə qarşılayar və tezliklə bütün rayon onu qarşılamağa çıxardı. Qohumları hazırlıq görənə qədər mütləq bizə gələr, atamla görüşər, bir stəkan çay içib sonra öz evlərinə gedərmiş.
Atam Səmədi xüsusi qarşılayarmış.
Qazax mahalının aşıqları gələrmiş bu görüşə, qoyun kəsilərmiş. Bir ədəbi məclis yaranarmış.
Anam danışardı ki, Səmədin ən çox sevdiyi xörək içalat idi . Lakin həmişə gecikərmiş Səməd qonaqlıqlara və içalat da soyuyub donarmış. Bir gün yenə növbəti qonaqlıq ərəfəsində anam atama iki ədəd “keroqaz” ( nöyütlə işləyən qızdırıcı) aldırır.
Bu “keroqazları” yandırıb qoyurlar stolun üstünə ki, içalat isti qalsın.
Anam danışırdı ki, Səməd bu yeniliyi çox bəyənmiş və hər dəfə hər yerdə danışarmış bu haqda.
Son dəfə atam Səməd Vurğunu evində xəstə olanda ziyarət edir. O gün onlar çox uzun söhbət edirlər. Bacım deyir ki, heç kim bilmədi nə danışdıqlarını, amma ikisi də kövrəlmişdi.
İllər ötdükcə ailəmizdə Səməd Vurğun adı heç unudulmadı.
Qardaşım Vaqif Səmədoğluyla dost oldu.
Onlar da ataları kimi tez-tez görüşüb sakit-sakit söhbət edər, keçmişi, Səmədli günləri xatırlayardılar. Sonda isə mütləq qardaşım tar çalar, Vaqif isə öz qısa ,lakin, dərin mənalı şeirlərindən oxuyardı.
Bu insanlar yalnız xarirələrdə yaşayır indi.
Allah hamısına rəhmət eləsin.
Bu gün Səməd Vurğunun doğum günüdür. Bəlkə bu bir təsadüfdür, amma atamın da ad günü məhz bu gün 21 martdadır. Allah ikisinə də rəhmət eləsin.
Hərdən mətbuatda Səməd Vurğun şəxsiyyətinə yaraşmayan yazılara rast gəlirəm. Təbii ki, Səməd Vurğun öz yaradıcılığı ilə özünə ucaltdığı heykəli yıxmağa cəhd edənlər uğursuzluğa məhkundur, ancaq mən onu bilirəm ki, hər bir zamanda Vətən sevgisiylə, Azərbaycan deyəndə dili titrəyən insanlar yaşayıb. Və bu gün fəxrlə deyirəm ki, atam da Səməd Vurğun da belə insanlardan olublar və bunun hələ canlı şahidləri var.

Təranə Məmməd

Share: