Bu gün onun yubileyidir…

Dekabrın 27-sində bugünkü söhbətimin qəhrəmanının 60 yaşı tamam olur. Elə bu münasibətlə də onun ömür yoluna işıq tutmaq, haqqında bildiklərimi sizinlə bölüşmək istəyirəm.

On yaşından televiziyanın uşaq verilişlərində iştirak edib. Hüseynağa Sadıqov, Süleyman Ələsgərov, Əliağa Ağayev kimi sənətkarlarla ünsiyyətdə olub. Sonradan istedadlı olduğunu görən əməkdar artist Ofelya Məmmədzadə onu musiqili komediya teatrının direktoru Balağa Qasımovun yanına aparıb. Teatrda boş ştat olmadığı üçün, direktor onu xora işə götürüb. Beləcə, dörd il xorda çalışa-çalışa tamaşalarda da rmüxtəlif rollar alıb. 1989-cu ildə Cahangir Novruzov teatra baş rejissor gələndə onu aktyor truppasına keçirərək, əsas rolları verməyə başlayıb…
Deyir ki,- “1990-cı ildə teatrımız durğunluq dövrünü yaşayırdı. Hamımız teatrdan getmək istəyirdik. 1991-ci ildə bizə Qəzənfər Topçiyev adlı bir müdir qoydular. Onun teatra gəlməsi ilə Ofelya Aslan, Ofelya Məmmədzadə, Nəsibə Zeynalova, Məsumə Rzayeva, mən və bir neçə aktyor teatrdan uzaqlaşdıq. Elə bil ki, aktyorları incitməyə, küsdürməyə gəlmişdi. Mən Dövlət Gənclər Teatrına- Hüseynağa Atakişiyevin yanına üz tutdum. Onunla uzun müddət işlədim. 2001-ci ildə ANS telekanalına “Yeriniz məlum”u aparmağa dəvət etdilər. Ora böyük korifeyləri çağırdım. Maraqlı əhvalatlar, söhbətlər edirdik. Bir gün mənə dedilər ki, Hacıbaba Bağırov gəlmir verilişə. Dedim ki, bu saat zəng edərəm, gələr. Onu yığdım, dedim ki, “Hacıbaba müəllim, necəsiniz, nə var-nə yox? Verilişə baxırsan?”. Dedi ki, bəli, baxıram. Dedim, səni verilişə dəvət edirəm, dedi ki, bir şərtlə sənin verilişinə gəlirəm ki, sən teatra qayıdasan. Dedim, mənim vaxtım yoxdu, çəkilişdəyəm. Dedi, aktyora teatr lazımdı. Dedim ki, teatrda işləyirəm də. Dedi, “səni o teatrda görmürəm. Sən burda uzun müddət işləmisən, sonra buranı tərk eləmisən”. Dedim ki, “sizə qədər Səyavuş Aslan deyirdi ki, qayıt ata ocağına, mən də ona dedim ki, gəlmirəm”. Amma komandanın yanında biabr olmamaq üçün Hacıbaba müəllimə “yaxşı” dedim. Nə isə, getdim. Qapıdan içəri girəndə masanın üstündən bıçağı götürüb atdı ayağımın altına. Dedi ki, sən də bura gələrsənmiş…
Gördüm, ərizəm artıq hazırdır. Dedi ki, bir dənə bura qol çək, mən də çəkdim. Qaytdı ki, sevinirəm, sən ata ocağına qayıtdın, sən teatra lazımsan. Özünün oynadığı iki rolu verdi mənə. Yusif Əkbərovun rejissoru olduğu “Bir günlük siğə”, bir də Anarın “Aldın payını, çağır dayını” əsəri əsasında hazırlanmış eyniadlı tamaşalardakı rollarını. İki il onunla işlədim. 2006-cı ildə rəhmətə getdi…”
Yəqin ki, budəfəki qəhrəmanımı da tanıdınız. Bəli, yaratdığı obrazları, duzlu-məzəli söhbətləri ilə geniş auditoriya qazanmış aktiyor, əməkdar artist Çingiz Əhmədov haqqında danışıram. Əhmədov Çingiz Əli-Əşrəf oğlu 1962-ci ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1983-1991-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1991-2003-cü illərdə Dövlət Gənclər Teatrında işləyib. 2003-cü ildə yenidən Musiqili Komediya Teatrına qayıdıb. Bununla yanaşı bir sıra televiziya verilişlərinin aparıcısı kimi tanınıb. Hal-hazırda Spece Tv-da da çalışır. 2012-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. Bir neçə ildir ki, Prezident mükafatı alır…
“Belə bir məsəl var:- “Hər bir əsgər general olmağı arzulamalıdır.” Cənab Prezidentin sərəncamı ilə “Əməkdar artis” fəxri adını almışam. Prezident mükafatçısıyam. Cənab Prezidentimizdən çox razıyam. Allah onu və balalarını qorusun! Sağ olsun, var olsun! Mənə elə gəlir ki, artıq “Xalq artisti” məsələsi də yetişib…”- söyləyir.
Hind mahnılarını oxumağı, filmlərini seyr etməyi xoşlayır. Dedyinə görə, kumiri də Mitxun Çakrobortididir. Onu hind kino aləminin sonuncu mogikanı sanır. Ondan sonra gələnləri qəbul edə bilmir. Deyir ki,- “Hindistanın Cimisi varsa, Azərbaycanın da Çinası var”…
Bəli, bu gün Çinanın, yox, yox qüsura batmayım, milyonların sevimlisi- Çingiz Əhmədovun 60 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram.
Çox yaşasın!
Hörmətlə, Elman Eldaroğlu
Share: