Bu gün onun ad günüdür…

İnsanlar haqqında danışarkən, “səmimidir” kəlməsi tez-tez dilə gətirilsə də, çox vaxt yerində deyilmir, ünvanı səhv olur. Əslində, bu ifadə olduğu kimi görünən, göründüyü kimi olan adamlara şamil edilməlidir. Çünki səmimiyyət insana xas olan təbii xüsusiyyətlərin ən alisidir. Səmimi insanlar düşündüklərini uşaq kimi dilə gətirməkdən çəkinmirlər. Fikirlərini açıq-aşkar ifadə edib, niyətlərini olduğu qədər biruzə verirlər. Onlar su kimi saf, büllur təki şəffaf olurlar…

Uzun illərdir ki, “sehirli qutuda” öz müəllif verilişi ilə tamaşaçıların görüşünə gəlir. Şirin söhbətlərilə zövqləri oxşayır. Maraqlı suallar verib, qonaqlarını danışdırır. Onların mənəvi dünyasını tamaşaçılara təqdim edir. Məhz səmimi olduğundan Azərbaycan televiziya məkanında ən baxımlı verilişlərdən biri də onun ərsəyə gətirdiyi “Könül dünyamız” verilişidir.
Ürəklərə yol tapan bu telelayihənin qəhrəmanları sevildikcə, aparıcısına da rəğbət qazandırıb. Bəli, mən Səyyarə Səyyafdan danışıram. O, 1979-cu ildə Ağdam şəhərində dünyaya gəlib. Orta təhsilini Quba rayonunda başa vurub. 1996-cı ildə tibb texnikumunun əczaçılıq fakültəsinə qəbul olunsa da, sonradan Təfəkkür Universitetinin jurnalistika fakültəsində təhsilini davam etdirib. Üç il “Lider” televiziyasında müxbir işləyib. İTV-də “Ovqat” ədəbi-bədii verilişinin aparıcısı olub. Hazırda “Könül dünyamız” verilişinin aparıcısıdır…
Deyir ki,- “Verilişimdə elə qonaqlarım olub ki, yazdıqları ilə nitqi üst-üstə düşməyib. Yəni əsərlərində, yazılarında daha maraqlıdır, nəinki adi ünsiyyətdə. Deməli, o şəxs yazı masasının arxasında daha məzmunludur. Biri var qələm yaxşı yazır, biri də var dil yaxşı danışır. Dil danışa bilməyəndə mənə bir balaca əziyyət olur. Çünki veriliş boyu həm özümü, həm də həmsöhbətimi vəziyyətdən çıxarmaqla məşğul oluram”…
Ədəbiyyatı çox sevir. Mütaliə etməkdən yorulmur. Eşitdiyi, oxuduğu yeni fikirlərin vurğunudur, məntiqin gözəlliyini duyub anlaya bilir. Qeybət etməyi xoşlamır. Səxavətlidir. Milli təamlarımızı hazırlamaqdan xüsusi zövq alır, əla aşpazdır. Sirr saxlamağı bacarır. Sadə, mehriban, gülərüz xanımdır. Bəli, insan səmimi olanda təbii olur və onu əhatə edən mühitə müsbət təsir bağışlayır…
18 iyul Səyyarə xanımın doğum günüdür. Bu münasibətlə onu təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram.
Yeni yaşınız mübarək, Səyyarə xanım!
Elman Eldaroğlu