Bu gün onun ad günüdür…

Bu gün onun ad günüdür…

Yaradan səndən heçnəyi əsirgəməmişdi. Var-dövlət, nüfuz, şöhrət, imtiyaz heçdən gəlib səni tapmışdı. Daha doğrusu, bütün bunlar Ulu Öndər Naxçıvana ilk təşrif buyurduğu dövrlərdə bir müddət sənin ata evində qaldığının mükafatı, az-çox göstərdiyin xidmətə böyük minnətdarıq idi. Bəs sən nə etdin? O boyda muxtar respublikada elə bir sahə qalmadı ki, at oynatmayasan. İçindən çıxdığın xalqa divan tutdun, insanları bir tikə çörəyə möhtac qoydun. Mülklərini, əmlaklarını əllərindən aldın…

Axı kim idin sən? Vur-tut Naxçıvan alt trikotaj fabrikində kadrlar üzrə inspektor. Birdən birə vəzifə pillələri ilə irəliləyib yarım milyona yaxın əhalinin rəhbəri oldun. Və bu gün heç yerdə adını çəkmək olmur, təhqir hədəfinə çevrilirsən. Necə deyərlər, söyüşün biri bir qəpikdən…

Məgər bilmirdin ki, bütün mülklər Allaha məxsusdur- onların aqibətini Allah təyin edir.
Məgər bilmirdin ki, qul haqqına təcavüz etmək olmaz- Tanrının qəzəbinə tuş gələrsən. Bu haqq səndən çıxmasa da balandan, nəvəndən çıxar…

Siyasi səhvlərindən, idarəetmədə buraxdığın nöqsanlardan söhbət açmaq istəmirəm, bu barədə mütəxəsislər hələ zaman-zaman danışacaqlar. Naxçıvanın tarixində adın həmişə pislərin sırasında çəkiləcək. İnsanlar nifrətlə səni yad edəcəklər…

Nəyin çatmırdı ki? Xeyirxahlıq, yaxşılıq edib, xalqının gözündə qəhrəman da ola bilərdin. Sən isə özünü “XAN” sanıb insanlara divan tutdun. Nə qazandın? Bir məşhur mahnıda deyildiyi kimi:

“Keçdi şirin çağlar,
Soldu yaşıl bağlar.
Xatirələr ağlar,
Gecdi daha…”

Yanvarın 14-də ad günündür, 63 yaşın tamam olur. Yəqin ki, indiyədək keçirdiyin ad günlərinin içində belə ağrı-acılısı olmayıb.
Bəli, zamanında insanları sevsəydin, səni də sevərdilər…

Əlqərəz, qoy sənin aqibətin qaniçən məmurlara görk olsun!..

Elman Eldaroğlu

Share: