SÖZ aləminin ŞAHİNİ

Ürəyim dözmədi, susa, daha doğrusu ad gününə biganə qala bilmədim. Axı bir vaxtlar xalq məhəbbəti səni hər yerdə, hər zaman müşaiyət edirdi. Səninlə görüşməyə can atanların, şəkil çəkdirmək istəyənlərin, səni teleməkanın bir nömrəli söz ustadı bilənlərin, dostumdur deyənlərin say-hesabı yox idi.

Ad günlərində ən azı on-on beş müəllif səni mediada, sosial şəbəkələrdə təbrik etməyə tələsirdi. Bu gün qardaşın Rəşaddan başqa bunu heç kim etmədi. Qəribədir, elə bil, sənə göz dəyib, necə deyərlər, qaraçuxan yatıb. Doğrudur, indi adını çəkmək çətindir, adamın yeddi arxa dönənini söyüşə tuturlar, amma zamanında səndən bəhrələnənlər, ağsaqqal, qarasaqqal, dost kimi özünü təqdim edənlər bəs haradadırlar? Niyə görünmürlər? Deyəsən, onlar da adını tutmağa, səni ictimai şəkildə təbrik etməyə ürək etmirlər. Guya abırlarından qorxurlar…
Bilirəm, çətin günlərin çox olub, qarabaqara izlənmisən. Getdiyin hər yerdə, lap elə evinin içində də təhlükə ilə üz-üzə dayanmısan. Düz danışdığın üçün, heç kimin deyə bilmədiyini dediyin üçün. Təhdidlər səni cana yığanda arxanda heç kimin olmadığını görüb, anlamısan ki, biz qəhrəmanımızı dar ağacında görməyə alışmışıq…
Sadə bir ailədə- el-obanın ruhanilərindən biri- Mir Dilavər ağanın ocağında, çoxuşaqlı bir ailədə dünyaya gəlmisən. O, Mir Dilavər ağanın ki, bu gün yataqda xəstə yatsa da, Yardımlıda onun ziyarətinə gələnlərin, xeyir-duasını almaq istəyənlərin sayı hələ də tükənməyib.
Kimsə deyə bilməz ki, sənin yüksəlişində zəhməti olub. Əksinə, sənin istedadından, qələmindən, nüfuzundan bəhrələnənlər az olmayıblar…
Bu gün sənin həyatında heç bir xidməti olmayan kəslər, “bilmir ki, bilmir”lər gah səni istedadsız, gah yaltaq, gah da dünyanın ən pis adamı kimi qələmə verib, söyüş atəşinə tuturlar. Unutma ki, Həzrəti Peyğəmbərin başına kül tökən, Nəsiminin dərisini soyan, General Mehmandarova küçə süpürtdürən, Qatır Məmmədi kürəyindən güllələyən, Qaçaq Nəbinin əllərinə qandal vuran, Ələkbər Sabiri çərlədib öldürən də biz olmuşuq. Bu nümunələrin sayını çoxaltmaq da olardı, amma yadıma məşhur bir deyim düşdü- “Bu da keçər!”
Nə isə, məqsədim səni ad günün münasibəti ilə təbrik etməkdən ibarət olduğu üçün vaxtını çox alamayacam. 59 yaşın mübarək, Mir Şahin Ağayev!
SÖZ aləminin ŞAHİNİ, çox yaşa!
Elman Eldaroğlu
Share: