Bu da Tanrının işidir, Qismətə yazar daşları

Arif Pənahoğlu

A DAŞ YİYƏSİ
(Ruhun şad, məqanın cənnət olsun əzizimiz Fərqanə xanım…Heç adamın inanmağı gəlmir sizin vaxtsız gedişinizə.Heyif, çox heyif...)
 
Ağlar qoydun əzizləri,
Gözlərdəki yaş yiyəsi.
Hazırlanıb sifarişin,
Gəl apar, ay daş yiyəsi…
 
Özün oldun müştərisi,
Özün seçib behin verdin.
Bilirsənmiş insafını,
Özündən ağır bu dərdin.
 
Çatırmı paran almağa,
Gör sənə yaraşan daşı?!
Bazarı tuğyan elədi,
Daşını yonan nəqqaşın.
 
Bu da Tanrının işidir,
Qismətə yazar daşları.
Hər biri, bir daş insandı,
Bu soyuq məzar daşları.
 
Axı necə qara daşa,
Ad da qoyub, yozaq səni?!
Gah yandırar, gah üşüdər,
İsti, soyuq, sazaq səni.
 
Ağlar qoydun əzizləri,
Gözlərdəki yaş yiyəsi.
Hazırlanıb sifarişin,
Gəl apar, ay daş yiyəsi.
 
Share: