Bu dəfə sistem ipotekaya görə çökdü

İpoteka və Kredit Zəmanət Fondu bu gün saat 11:00-da ipoteka krediti ilə bağlı müraciətlərin qəbuluna başlanacağını elan etsə də, vətəndaşlar sistemə daxil ola bilmirlər.

“Qafqazinfo”nun məlumatına görə, sosial şəbəkə vasitəsilə etiraz edən vətəndaşlar sistemin çökdüyünü bildirirlər.

Qurumun “Qaynar xətt”inə müraciət edən şəxslərə verilən açıqlamada qeyd olunub ki, sistemdə xəta baş verdiyi üçün limit dondurulub: “Yenidən limit olacaq və gün təyin olunacaq”.

İpoteka və Kredit Zəmanət Fondundan “Qafqazinfo”ya bildirilib ki, ipoteka kreditləri üzrə əvvəlki dövrlə müqayisədə daha çox müraciətlərin olmasını nəzərə alaraq “Elektron ipoteka və kredit zəmanət” sistemindən istifadənin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə əlavə tədbirlər görülür:

“Bununla əlaqədar olaraq, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 24 yanvar 2023-cü il tarixinə təyin edilmiş ipoteka kreditləri üzrə müraciətlərin qəbulu prosesi qısa müddətə təxirə salınıb. İpoteka kreditləri üzrə müraciətlərin qəbulunun başlama vaxtı barədə vətəndaşlara əlavə məlumat veriləcək”.

Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2023-cü il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb.

İpoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət Portalında (www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə real vaxt rejimində həyata keçirilir.


Share: