Ramiz Həsənov
Gürcüstandan olan bir qrup jurnalist və bloqerin Ağdam, Şuşa, Xankəndi və Gəncə şəhərlərinə səfərini Azərbaycan–Gürcüstan münasibətləri və xalqlarımız arasında mövcud olan tarixi dostluq və qardaşlıq əlaqələri baxımından mühüm hadisə kimi qiymətləndiririk.
Gürcü media nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olması, Ağdam və Şuşada erməni işğalının ağır nəticələri ilə, Gəncədə isə 2020-ci il müharibəsi zamanı dinc əhaliyə qarşı törədilmiş raket hücumlarının nəticələri ilə yerində tanış olması böyük əhəmiyyət daşıyır.
Belə səfərlər həqiqətlərin yerində görülməsi, obyektiv məlumatların ictimaiyyətə çatdırılması və xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi baxımından mühüm rol oynayır.

“Borçalı Cəmiyyəti” İctimai Birliyi olaraq hesab edirik ki, Azərbaycan və Gürcüstan xalqları arasındakı dostluq yalnız dövlətlərarası münasibətlərlə məhdudlaşmır. Bu dostluğun ən böyük dayağı xalqlarımız arasında əsrlər boyu formalaşmış qarşılıqlı hörmət, etimad və humanitar bağlardır.
Borçalı bu münasibətlərdə xüsusi mənəvi və tarixi körpü rolunu oynayır. Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcü icması iki xalq arasında dostluğun canlı nümunəsidir.
“Borçalı Cəmiyyəti” İctimai Birliyi olaraq öz fəaliyyətimizi də məhz bu tarixi dostluğun qorunmasına, inkişaf etdirilməsinə və gələcək nəsillərə ötürülməsinə yönəltməyi vacib hesab edirik.
Biz inanırıq ki, jurnalist və bloqerlərin qarşılıqlı səfərləri, mədəni-humanitar əlaqələrin genişləndirilməsi və xalqlarımızın bir-birini daha yaxından tanıması Azərbaycan–Gürcüstan münasibətlərini daha da möhkəmləndirəcək.
Azərbaycan və Gürcüstan xalqlarının dostluğu bizim ortaq sərvətimizdir. Bu dostluğu qorumaq, daha da gücləndirmək və gələcək nəsillərə əmanət etmək hər birimizin məsuliyyətidir.
Ramiz Həsənov,
“Borçalı Cəmiyyəti” İctimai Birliyinin sədri.






















