“Biz susduq tankın adamlardan əvvəl ayaq izlərini öldürməyinə…”- Allahşükür Ağa

Ayaqların xatirəsinə

(Allahşükür Ağa)

Mən susdum, sən susdun, biz
susan kimi
Ayaq izlərimiz qarışqalartək,
Dırmaşdı dağlara…
Qayalara,
Qayaların başındakı
çalalara…
Orda yuva qurdular.
Daha mehriban oldular.

Bilirsən, tanklar gəlirdi
Ayaq izlərimizi ayaqlamağa…
Mən susdum,
Sən susdun,
Biz susduq
Tankın adamlardan əvvəl
ayaq izlərini öldürməyinə.

Tək bir əsgər ayaqqabısı
qalmışdı.
Yolun tən ortasında,
Amma ayaq izləri
Quş dəstəsi kimi
Göy üzünə
Çoxdan uçmuşdular.

Bax, o vaxtdan durna qatarı
Göy üzündə
Ayaq izlərinə oxşayır.
Sanki göylər
Abidə qoyub
Ayaqların xatirəsinə…

Müstəqil.Az
Share: