Biz kimik: Türk, yoxsa azərbaycanlı?

Aristotel “Metafizika” əsərini hər insanın bilmə potensialı daşıdığı cümləsiylə başlayır. Buradan hər insanın dəqiq/fəlsəfi/epistemoloji biliyə (knowledge) yetişməyəcəyini ifadə etmək mümkündür. İnsan “Biz kimik?” sualı ilə bağlı bilikdən daha çox əsaslandırılmış doğru inanca (Justified True Knowledge) sahib olur. Bilik, əksinin düşünülməyi mümkün olmayan bir hadisədir. Buna müqabil ƏDİ isə yalnışlana (falsification) biləndir.

Müqayisə üçün “biz kimik?” sualı eyni cəmiyyətdə müxtəlif cavablar doğura bilər. Belə olduğu halda insanlar arasında yalnız filosofların dəqiq, yanılmaz və ya əksinin düşünülməsi mümkün olmayan biliyə sahib olduğunu əsaslandırmaq mümkündür. Xülasə “mən kiməm?”, “biz kimik?” sualına verilən cavab bilikdən daha çox ƏDİ olacaqdır. Bu inancın əsasını isə fəlsəfədən daha çox tarix formalaşdırmaqdadır. Yəni “biz kimik?” sualını əsaslandırmaq üçün tarixə müraciət etmək lazım olacaq. Misal üçün millətçiliklə bağlı əksər tədqiqatlar niyə insanların ölkələri üçün ölməyi qəbul etdikləri? sualı ilə başlayır. Cavabı insanın inanmağında, qane olmağında axtarmaq mümkündür. Pre-modern dövrdə – xüsusən Orta əsrlərdə – insan “mən kiməm?” sualının subyekti ola bilməmişdir. O səbəblə insan “mən kiməm?”, “biz kimik?” sualıyla modern dövrdə qarşılaşmışdır.

Modern dövrün əsas xüsusiyyəti insanın ön plana çıxmağındadır. Məsələnin mahiyyətini aydınlaşdırmaq üçün modern fəlsəfənin qurucusu olaraq qəbul edilən Dekartla başlamaq olar. Dekart təsirləndiyi Avqustindən fərqli olaraq həqiqət axtarışında olan insanın həyatında bir dəfə hər şeydən şübhə etməli olduğunu mərkəzə qoyan insan mərkəzli bir fəlsəfə yaratdı. Dekartdan sonra modern Avropa/Qərb düşüncəsi Con Lokk, David Yum, İmmanuel Kant kimi filosoflar tərəfindən insanı mərkəzə qoyan bilgi fəlsəfəsi ilə davam edib. Modern “siyasi gövdə”nin formalaşmağında müstəsna izləri olan aydınlanma və fransız inqilabı bu prinsipdən hərəkət edərək insan mərkəzli bir anlayışı/siyasəti ortaya çıxardı. Nəticədə suverenliyini hüquqi olaraq insana/millətə əsaslandıran modern milli-dövlətlər (nation-states) formalaşdı. Modern bir sual olan “biz kimik?” sualını modern insanın əsas xüsusiyyəti olan bilmək/inanmaq xüsusiyyətindən ayrı düşünməmək lazımdır.

Modern “siyasi gövdə”ni formalaşdıran və bu gün də təsirini mühafizə edən əsas ideologiya millətçilikdir. “Biz kimik?” eyni zamanda millətçi bir sualdır. Yəni veriləcək cavab ölkənizin, millətinizin millətçiliyinin əsasını müəyyən etmiş olacaq. Azərbaycan konteksində isə məsələ mübahisəli olaraq qalmağa davam etməkdədir. “Biz kimik?” sualına cavablar adətən tarixçilər tərəfindən verilib və verilməyə də davam edir. Çünki millətçiliyə və ya “biz kimik?” sualına tarixin dəstəyi olmadan cavab vermək müşkül məsələdir. Tarix mühakiməsi isə ƏDİ olaraq nəticələnir. Bununla bərabər “biz kimik?” sualını mərkəzə alan bir yazı fəlsəfi sorğulamaya əsaslanmalıdır.
Əvvəla, modern insanın nə üçün kim olduğunu müəyyən etmək ehtiyacı hiss etdiyini, yuxarıda başladığımız hissəni davam etdirirək ələ almaq mümkündür. Modern insan Orta əsrin idərəçilik anlayışına qarşı əldə etdiyi azadlıq nəticəsində özünü tanımaq, kimliyini formalaşdırmaq ehtiyacı hiss edib. Xülasə modern milli kimlik anlayışı pre-modern dövrün kimlik anlayışının rəddi sonrası yaranan boşluğu doldurub. Şübhəsiz burada modern iqtisadi münasibətlərin (kapitalizm) rolunu da inkar etməmək lazımdır. Beləliklə, modern dövlətlər milli-dövlətlər olaraq formalaşıb.
Azərbaycanın modern hekayəsi/təcrübəsi Peterburq (Çar Rusiya) və İstanbul (Osmanlı) şəhərlərinin dolaylı və birbaşa təsirləri nəticəsində formalaşıb (Ətraflı bax. Şəkil 1). Azərbaycan orta əsrlərdə Səfəvi dövlətinin bir parçası olub. Səfəvi dövləti İran və Azərbaycan platosunda/coğrafiyasında Türk soylu qrupların/tayfaların qurduğu bir dövlət olmağına baxmayaraq fars mədəniyyətinin, dilinin təsirində qalmaqdan xilas ola bilmədi. Daha doğrusu, dövlətin institusionallaşması təmin edilə bilmədiyindən əvvəl dövlətin farslaşmağı baş verdi, ardınca Çar/Rus işğalına qədər davam edən bir proses/dağılma ortaya çıxdı.
Çevrənin Periferiyası (şəkil 1)
Tarixçilər, adətən, Azərbaycanın modern hekayəsini Səfəvini də ehtiva edərək yazmağa üstünlük verirlər. Ancaq institusional olaraq Səfəvi dövlətinin XIX əsr Çar Rusiya tabeçiliyində formalaşan Azərbaycan milli hərəkatına təsiri mübahisəlidir. Çünki Səfəvi dövləti türk/türkmən qruplardan farsların nəzarətinə keçmişdi. Nəticədə Səfəvi dövləti institusional olaraq İran modernləşməsinə daha çox təsir edib. Misal üçün Səfəvinin dövlət mərkəzləri olmuş şəhərlər hazırda İranın sərhədləri daxilindədir. Belə olduğu halda Azərbaycan konteksində “biz kimik?” sualı başlanğıcından etibarən dövləti nəzərdə tutmadan -çünki dövlət olmayıb[8]– cavablandırılıb.

Azərbaycanlılar arasında “biz kimik?” sualı ilə bağlı ilkin/modern yazılı qaynaq “Kəşkül” qəzetinin səhifələrində Sokratik dialoq formatında nəşr edilən mətndən başlayır. Mətnə diqqət yetirək:

– Millətin nədir?
– Müsəlmanam, həm də türkəm.
– Osmanlımısın?
– Xeyr, bicanlıyam (Azərbaycan).
– Azərbaycanlıların ölkəsi haradır?
– Bildiyim qədərilə Arazın o tayında azərilər yaşar, bu tərəfdə bicanlılar, ikisi birdən Azərbaycan olur. Biz ayrı ayrı bicanlıyıq.

Bununla bərabər, aydınlar arasında bicanlı/Azərbaycanlı olmaq başlanğıcdan etibarən vurğulanıb. Azərbaycanlıların və ya Azərbaycanda yaşayan xalqın “biz kimik?” sualına veriləcək cavabının gecikməyini birinci cümhuriyyətin (1918-1920) “tamamlanmamış bir milli-dövlət” (Baxın Şəkil 2) olmağında, 70 illik Sovet əsarətində, ikinci cümhuriyyətin başlarındakı ideoloji qarışıqlıqda və s. axtarmaq olar. Beləliklə, Azərbaycanda “biz kimik” sualı ikibaşlı olaraq qalıb: türklük və azərbaycanlılıq. Şübhəsiz, Azərbaycan siyasi tarixinin ilk müstəqil konstitusiyası (1995) ilə bu qarışıqlıq hüquqi/siyasi olaraq aradan qaldırılıb. Lakin intellektual, ideoloji mübahisələr davam edib və edir.
Şəkil 2

İlk öncə türkün kim olduğuna nəzər salaq. Misal üçün əksər tarixçilərin iddia etdiyi kimi Göytürk dövrü türk anlayışı ilə XIX əsrin sonlarından etibarən formalaşan, 1923-də isə siyasi və hüquqi olaraq bir dövlətdə cisimləşən türklük anlayışı arasında fərq yoxdurmu? Əlbəttə var. “Doğruluq” və “gerçəklik” bilgi fəlsəfəsinin anlayışları arasında qəbul edilir. Belə ki, qızıl bir gerçəklik olduğu halda, sarı qızıl isə doğruluqdur. Türklük tarixi etibarilə Göytürk və ya daha qədimə gedib çıxmaqla bərabər bir gerçəklikdir. Ancaq türklərin millət olaraq ortaya çıxmağı isə modern bir hadisə olaraq doğruluqdur.

Modern türklük anlayışı romantik konteksdə Çar Rusiyanın türk/müsəlman aydınlarının şeirlərində, yazılarında cücərib. Ancaq institusional olaraq Osmanlı dövlətində (İstanbulda) nəşət edib. Yusif Axçuranın dəlalətiylə türkçülük Osmanlı dövlətini xilas etmək üçün müraciət edilən modern ideologiyalardan biri olaraq ortaya çıxıb. Belə demək mümkündürsə, türklük Anadolu coğrafiyasında ortaya çıxıb və Osmanlıdan Türkiyə Cümhuriyyətinə keçidi və yeni yaradılmış dövlətin inşasını təmin və təsis edən bir ideologiya olub. Xülasə türklüyün institusional olaraq sahibi Türkiyə Respublikasıdır. Çünki ancaq Türkiyə dövlətinin Anayasasında millətin tərifi “türk” olaraq ifadə edilib. Yəni türklük ancaq Anadoluda yaşayan türklər üçün doğruluqdur. Son təhlildə türklük gerçəklik olaraq bütün türksoylu xalqları bağlamaqdadır. Ancaq doğruluq olaraq isə Türkiyə ilə əlaqəli bir fenomendir.
Sualın ikinci hissəsi isə sadəcə azərbaycanlılıqla bağlıdır. Mən deyərdim ki, azərbaycanlılıq anlayışı həm siyasi olaraq cümhuriyyətlə ortaya çıxıb, hüquqi nöqtəsi isə ilk konstitusiya (1995) ilə qoyulub. Belə demək mümkündürsə, “Əsrimizin Siyavuşu” “Azərbaycanlı” olub.
Belə olduğu halda sual ortaya çıxır: nə üçün türklük müzakirəsi bitmir? Çünki türklük və azərbaycanlılığın nə ifadə etdiyi doğru müəyyən edilməyib. Yuxarıdakı epistemoloji xətti davam etdirsək, belə demək mümkündür ki, türklük azərbaycanlılar üçün gerçəklikdir. O səbəblə Azərbaycan xalqı və dövləti özünü türksoylu olaraq ifadə edir. Ancaq azərbaycanlılıq isə doğruluqdur. Gerçəklik dəyişkən olmadığı halda doğruluq qızılın rəngində olduğu kimi dəyişə biləndir.

Xülasə “Əsrimizin Siyavuşu” üçün türklük bir gerçəklikdir və milli kimliyin əsas elementi olaraq qəbul edilməkdədir (bayraqda olduğu kimi). Siyavuşun ictimai/siyasi/milli kimliyi isə azərbaycanlılıq (doğruluq) əsasında formalaşdırılıb. Son təhlildə İkinci Qarabağ müharibəsində (2020) əldə edilən zəfər Siyavuşun siyasi (1918), hüquqi (1995) olaraq formalaşmış azərbaycanlılığı üçün milli bir hekayə – Türkiyənin İstiqlal hərbində olduğu kimi – də yaradaraq tamamlamış oldu.

Müəllif: Orxan Vəli, Siyasi Elmlər Fakültəsi, Siyasi Elm və Dövlət İdarəçiliyi Kafedrası,

Sakarya Universiteti, Türkiyə

xhamster izle

Share: