“Biz bıçaqsız, kəsiksiz ürək əməliyyatı edirik” — Dr. Elnur İmanov

Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı tibb üzrə fəlsəfə doktoru, invaziv uşaq kardioloqu Dr. Elnur İmanovdur. Müsahibimiz invaziv uşaq kardiologiyası haqqında suallarımızı cavablandırıb.

“Qafqazinfo” müsahibəni təqdim edir:

Arayış

İnvaziv uşaq kardioloqu Dr. Elnur İmanov 1998-ci ildə Türkiyə Respublikasının Cərrahpaşa Universitetini, 2004-cü ildə İstanbul Universitetini bitirib. Daha sonra təhsilini ABŞ-ın Çikaqo şəhərində yerləşən Ruş Universitetində davam etdirib. Yerli və xarici  ölkələrdə keçirilən bir çox beynəlxalq konfranslarda iştirak edib, müxtəlif elmi dərgilərdə nəşr olunan məqalələrin müəllifidir.

O, ABŞ-ın Pediatrik İnvaziv Kardiologiya Cəmiyyəti (PİCS), Avropa Pediatrik İnvaziv Kardiologiya Cəmiyyəti (CİS) və Türkiyə Kardiologiya Dərnəyinin üzvüdür.

İş fəaliyyətinə Türkiyədə başlayan Dr. Elnur İmanov hazırda Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında invaziv uşaq kardioloqu kimi fəaliyyət göstərir.

– İnvaziv kardiologiya nədir?

– Sinə yarılmadan, bud arteriyası, yaxud boyun venalarından bədənə  daxil olmaqla ürək içərisində apardığımız əməliyyatlardır. Söhbət qapalı ürək əməliyyatlarından gedir. Biz bıçaqdan istifadə etmədiyimiz üçün əməliyyatdan sonra bədəndə heç bir kəsik izi olmur. Uşağı görən kimsə ürək əməliyyatı keçirdiyini deyə bilməz. Onu da qeyd edim ki, bu texnologiyanı ölkəyə ilk dəfə biz gətirmişik. Ancaq artıq tələbələrim də müxtəlif klinikalarda bu əməliyyatı icra edirlər.

– Hansı ürək qüsurlarını əməliyyatsız bərpa etmək olar?

-Uşaqlarda anadangəlmə ürək qüsurlarının 30-40 faizini qapalı yolla bərpa edə bilirik. Belə bir şüarım var: “Mən artıq ürək qüsurlu deyiləm!” Bəli, dünənədək qüsurla yaşayan uşaq əməliyyatdan dərhal sonra artıq qüsurlu deyil.

– Ən sıx rast gəlinən anadangəlmə ürək qüsurlarından biri də mədəciklərarası çəpərin qüsurudur. Bunu da invaziv yolla aradan qaldırmaq olurmu?

– Əlbəttə! Uşaq mədəciklərarası çəpərdə bir qüsurla, el dili ilə desək, dəliklə doğulur. Qasıqdan daxil olmaqla və xüsusi bir avadanlıq vasitəsilə həmin dəliyi bağlayırıq. Bununla da problem aradan qalxır. Eyni üsulla qulaqcıqlararası çəpər qüsurunu da heç bir kəsik aparmadan, sırf qapalı yollarla bərpa edə bilirik.

– Dəliyi hansı vasitə ilə bağlayırsınız?

– Bu, xüsusi istehsal olunmuş, tor şəkilli, qapağa bənzəyən bir avadanlıqdır. Bütün dünyada bahalıdır. Çünki qızıldan da qiymətli materialdan hazırlanır. Heç bir əks təsiri yoxdur və qanla təmasda olduğu 6 ay müddətində ət toxumasına çevrilir.

– Qalıcılığı nə qədərdir?

– Ömürlük. Bəzi savadsız həkimlər insanları qorxudur, yalan məlumatlar yayaraq valideynləri  qapalı ürək əməliyyatlarından yayındırmağa çalışırlar. Guya bu avadanlıq şüa yayır, uşağa narahatlıq verir. Amma tam yalan məlumatlardır! Əksinə heç bir kəsik, travma olmadan həyata keçirilən ürək əməliyyatları uşaqlar üçün çox effektivdir.

– Açıq ürək əməliyyatından fərqli olaraq, invaziv yolla həyata keçirilən ürək əməliyyatlarının bir sıra çətinlikləri var. Bu əməliyyatın icrası bir kardioloqdan hansı bacarıqlar tələb edir?

– Çox böyük peşəkarlıq, bilik və özgüvən! Biz on addım qabağımızı görüb əməliyyata giririk ki, bir fəsad yaranarsa, dərhal müdaxilə edib aradan qaldıra  bilək.

– Nə zaman uşaq kardioloquna müraciət etmək lazımdır?

– Uşaq dünyaya gələndən 18 yaşınadək periodik olaraq 5 dəfə ürək müayinəsindən keçməlidir. Çünki bəzi ürək qüsurları heç bir şikayət və əlamət vermir. Onu da qeyd edim ki, ürək qüsurları iki cür olur: çəhrayı və göy. Uşağın ağız kənarında göyərmə yaranırsa, bunu gözlə görə bilirik. Amma çəhrayı qüsur görünmür və gizli qalır. Onu yalnız müayinə zamanı aşkar edə bilirik.

– Uşaq ana bətnində olduğu zaman da ürək qüsurunu aşkarlamaq mümkündürmü?

– Əlbəttə, mümkündür. Əslində, ana bətnindəykən qüsur varsa, aşkar edilməlidir. Müayinə zamanı ürəkdə qüsur görülərsə, uşaq kardioloquna müraciət etmək vacibdir. Bəzi qüsurları doğulduqdan sonra əməliyyatla aradan qaldırmaq olur. Bəzi mürəkkəb anomaliyalarda isə hamiləliyi sonlandırmağı tövsiyə edirik.

– Uşağın əlləri tez-tez tərləyirsə də, ürək qüsurundan xəbər verir?

– Bəli. Əllərin tərləməsi, hərəkət zamanı tez yorulmaq kimi hallar ürək qüsurunun əlamətlərindəndir. Valideyn diqqətli olmalı və bu kimi əlamətləri müşahidə edərsə, gecikmədən uşaq kardioloquna müraciət etməlidir. Biz müayinələr zamanı ürək qüsurlarını aşkar edirik.

– Exokardioqrafiyanın (EXO) uşağa bir zərəri varmı? Bəzi valideynlər bundan da ehtiyat edirlər.

– Qətiyyən! Heç bir zərəri yoxdur. Mənə də bununla bağlı çox suallar verirlər. Bəzi valideynlər EXO-nun şüa verdiyini düşünürlər. Hətta uşağı ikinci dəfə EXO-ya yönəldəndə narahat olurlar ki, övladımıza zərəri olmaz ki? Amma əsassız, yalan məlumatlardır. Əgər belə olsaydı, ilk növbədə, illərlə EXO ilə işlədiyimiz üçün özümüz zərər görərdik. Ürək müayinəsi olduqca vacibdir. Məhz bu müayinələr zamanı qüsuru aşkar edə bilirik. Zamanında və doğru müalicə uşaq üçün ən doğru seçimdir.

Asan bir peşəmiz yoxdur. Hər əməliyyat zamanı hansı stressləri yaşadığımızı bir biz, bir də Allah bilir. Deyərdim ki, hər əməliyyat ömrümüzdən ömür alır. Amma bütün çətinliklərinə baxmayaraq, mən peşəmdən razıyam, çünki ürək qüsurlu uşaqları xilas edirik. Bundan böyük nailiyyət ola bilməz.

Qeyd: Maraqlananlar Dr. Elnur İmanovla (050) 647-41-29 mobil nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər. Həmçinin www.elnurimanov.com saytı və  “dr_elnur_imanov” instaqram hesabları ilə də həkimə elektron müraciət etmək olar. 


Share: