BİRLİK SİMFONİYAMIZ BƏSTƏLƏNMƏLİDİR!!!

Bu yazının yazılmasından 20 il keçsə də, heç nə dəyişməyib, sadəcə o zaman həmin müdhiş hadisənin baş verdiyi gecədən 10, indi isə 30 il keçib. Dəyişməyən bir də qisasımızın qiyamətə qalma qorxusudur…

Artıq 30 ildir ki, xalqımızın tarixinə qara hərflərlə yazılmış 20 yanvar faciəsinin ildönümlərini böyük hüzn və kədərlə qarşılayıb yola salmadayıq. O qanlı, müdhiş gecədən bizi kifayət qədər uzun zaman fasiləsi ayırsa da, xalqımız dəhşətli yaşantıları bircə an da olsun yaddan çıxarmır. Faciənin qan yaddaşımızdan silinməməsi, belə dəhşətli hadisələrin bir daha təkrarlanmaması üçün öz milli varlığımızı, yenilməz xalq olduğumuzu düşmənlərimizə sübut etməliyik.

1990-cı ilin qanlı yanvar gecəsi böyük bir xalqın milli mənlik şüurunun məhv edilməsinə, onun dövlətçilik tarixi boyunca əyilməz, şahanə qürurunun sındırılmasına yönəldilən barbarcasına atılmış, düşünülmüş addım idi. Saysız-hesabsız günahsız qurban verdiyimiz həmin gecə bizi daha da mətinləşdirdi, sərtləşdirdi. Bizi bir xalq, bir millət olaraq daha sıx birləşdirən ümumi kədərimizdən, ümumi dərdimizdən müqəddəs bir And Yerimiz yarandı: ŞƏHİDLƏR XİYABANI!

Budur, kiçikdən-böyüyəcən hamımız şəhidlərimizin məzarlarını, onların müqəddəs ruhlarını elliklə yad etdiyimiz günləri yenidən yaşayırıq. İllərdən bəridir, Şəhidlər Xiyabanına, o günahsız insanların dəfn olunduqları məzarıstana axışıb gələn insan seli birliyimizin təsdiqini bir daha nümayiş etdirir. Bu ziyarətin kövrək anları video-lentlərin yaddaşına köçürülür, bütün televiziya kanallarımızın ekranlarından yayımlanaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Artıq 20 ildir ki, həmin faciənin gündən-günə şiddətlənən ağrıları ilə birbaşa təmasdayıq.

1990-cı ilin 20 yanvarında millətimizin başına gətirilən müsibətdən dünya xalqları təkrar-təkrar hali edilib, bütün dünyaya car çəkilib bu terror hadisələrinin dəhşətli nəticələri barədə. Xoşməramlı, sülhsevər bir ölkənin azadlıq, müstəqillik ideyalarına qarşı açıq-aşkar müharibə elan edənlərin mənfur niyyətləri, həyata keçirdikləri irimiqyaslı qanlı qırğından hər kəs çoxdan xəbər tutsa da, susmağa, gördüklərini görməzliyə vurmağa üstünlük veriblər.

Lakin hər ilin 20 yanvarında ŞƏHİDLƏR XİYABANI-na üz tutan ziyarətçiləri gün ərzində müşayiət edən həzin, kədərli milli musiqimiz matəm musiqisi kimi ürəklərimizi parçalayır, göz yaşlarımızı saxlaya bilmirik. Bəli, bunlar hər il təkrar olunur. Nə qədər ki, şəhidlərimizin qanı alınmayıb, bu göz yaşları soğulmayacaq.

Fəqət, sözümüz bunda deyil. Təəssüflər olsun ki, Azərbaycanımızın qan yaddaşına əbədi yazılmış matəm günlərimiz var və fikrimizcə, bu günlərin “Əbədiyyət simfoniyası” bəstələnməlidir – bir himn kimi! Ən azından belə faciələrin təkrarlanmaması naminə! Bu himni uşaqdan-böyüyə hər kəs əzbər bilməli və var səsiylə oxumalıdır – “düşmənə ölüm hökmü” kimi!

Təsəvvür edin ki, televiziya ilə elan olunur: – “Sabah, yanvar ayının 20-də gündüz saat 12.00-da ŞƏHİDLƏR XİYABANI-nda şəhidlərimizin ruhuna “Əbədiyyət simfoniyası” ifa olunacaq. Bu himn qəlbində vətəndaşlıq yanğısı olan hər bir Azərbaycan türkünün dilindən səslənməlidir!”

Gözlərinizin önünə gətirirsinizmi?! Sonsuz izdihama qoşulan insanlar deyilən vaxtda canlı heykəllərə dönərək böyük ehtişamla bu himni səsləndirir, gəmilərin fiti nəhəng izdihamın səsinə səs verir, sanki onu müşayiət edir. Bu qan coşduran birlik, həmrəylik simfoniyasının səsi bütün Bakını ayağa qaldırır. Evlərdə, küçələrdə olan bütün insanlar bir andaca ayaq saxlayır, yumruqlarını düyünləyərək başları üzərinə qaldırırlar. Bütün şəhər, bütün Azərbaycan, bütün Türk dünyası həmin an “Əbədiyyət simfoniyası”nı ifa edir və bu səsi təkcə dostlarımız eşitmir, düşmənlərimizin qulaqlarında da uğuldayan himnin sədaları onları təşvişə salır, qorxudaraq, lərzəyə gətirir. Bu himn onların bizdən oğurlayaraq zorla özlərininki etmək istədikləri xalq mahnılarına bənzəməz. Çünki bu himn bizim üçün “Əbədiyyət simfoniyası”, onlar üçünsə ölüm hökmü olacaqdır!

“Əbədiyyət simfoniyamız”ı tezliklə səsləndirməliyik!

Milli birliyimiz, milli qurtuluşumuz bu himni səsləndirməyimizlə başlanmalıdır!

Əziz qardaş və bacılarımız, siz bu himni oxumağa hazırsınızmı? İnanırıq ki, hazırsınız! Elə isə, səsimizə səs verin!!!

Qiymət MƏHƏRRƏMLİ,

Filologiya üzrə fəlsəfə doktoru

Yanvar, 2000.

 

Share: