Biri də var “levıy” hacılar və hacıxanımlar…

Kubra Məhərrəmova yazır…

Ey iman gətirənlər, oruc tutmaq sizdən əvvəlkilərə fərz buyurulduğu kimi, sizə də fərz buyuruldu ki, bəlkə, günahlardan çəkinəsiniz! –
Əl-Bəqərə surəsi (183). 

Bu gün 28 mart 2023-ü il Ramazan ayının 6-cı gününü yaşayırıq. Bu ayın fəzilətindən, bərəkətindən, işığından çox danışmaq olar. Amma bu ayın ən gözəl xüsusiyyətlərindən biri də paylaşmaqdır. Bu ay əsl ibadətdə olanların sayəsində olmayanlar da mərhəmət işığına yığışırlar. Amma necə? Bəziləri həqiqət axtarışında, bəziləri isə başqasının işığında, ibadətində forslanmaqla. 

Bu bir həqiqətdir ki, əsl ibadətdə olan şəxslər özlərini buna görə heç vaxt reklam etməzlər. Çünki bildikləri bir həqiqət var. O həqiqət ki, onlar bunu özlərinə bir ibadət borcu bilirlər. Böyük və mərhəmətli yaradanın qarşısında bəndənin borcu.

Bu şəxslər də hər addımında bu borcu elə gözəlliklə yerinə yetirirlər ki, onların sevgisinə də, ibadətinə də heyran olursan. Elə gözəl əməllərə imza atarlar ki, üstündən uzun zaman keçəndən sonra onların xəbər tutarsan onların işlərindən. Tək Ramazan ayında deyil, ilin bütün ayları ehtiyacı olanlara maddi-mənəvi dəstək olar, ibadətlərini axsatmazlar. Yəni bu kəslərin yolu da özləri kimi bəlli olar. Dəqiq və düz. 

Biri də var “levıy” hacılar və ya hacıxanımlar, 50 manatdan 200 manata kimi bütün “sifariş”lərə qapılarını taybatay açanlar, “Allaha and olsun” deyərək bütün mümkün dələduzluq və oğurluq edənlər… Qısaca, insanların haqqını yeyib, kolbasanın “halal”ını axtaranlar. Bu adamlar deyəndə ki, “orucam” məndə əsaslı şübhələr yaranır ki, əcəba bu, nəyin reklamıdır? Yəni bu cür oruc tutmaq hansı məqsədləri özündə birləşdirir? Nəyi havasıdır bu?

İlin on bir ayı alkoqol içən, gecə həyatı yaşayan, hər bir “hoqqa”dan çıxanların bu oruc sevdası nədir? Yoxsa arıqlamaq üçün bu aralar “trend” olan marafona çıxırlar? Sosial şəbəkələrdə on bir ay ərzində hər gecə məlum həyat tərzini ifadə edən status və fotolar da bir aylıq çönüb olur Qafqaz Müsəlmanlarının saytı. İftar, imsak vaxtı, həmin günün duası, ibrətamiz sözlər, Qurandan ayələr… 

İndi deyəcəksiniz ki, hər kəs özü bilər, kim necə istəyir, elə də yaşasın. Tam da razıyam. Kim necə həyat sürür, sürsün. Nə iş görür, görsün. Amma belələri gəlib adama ağıl verməsin! Belələri ortalığa çıxıb “mən orucam”, “namaz qılıram” çəkilin, mənə meydan verin deməsin. Geyindiyi ətəyin qısalığı vicdanından daha qısa olduğu halda insanlara oruc tutmağın fəziləti barədə danışmasın.

Əlinə keçən bütün narkotik vasitələrini, bilinən bilinməyən bütün alkoqollu nemətləri həzm edənlər, hər gecə maraqlı macəra yaşayan “bacı”larımız Ramazanda dönüb olur az qala imam övladı. Bir anlıq bunlara baxıb deyirsən ki, Ya Rəbb, mənmi koram, insanlarmı? Mənmi yolumu azmışam, bunlamı? 

Ciddi deyirəm, bu qədər riyakarlıq, bu qədər alçaqlıq, bu qədər rəzalət başqa heç yerdə yoxdur! 

Məhz bu kəslərə görə dünyanın ən gənc, ən rahat, özündə mərhəmət və dürüstlüyü daşıyan İslam dini düzgün anlaşılmır. Axı hər kəsin yaşı və düşüncəsi imkan vermir bunu anlamağa.

Adam baxır ki, dünən min-bir oyundan çıxan bu gün oruc tutur, bir aydan sonra yenə də əski fəaliyyətinə qayıdaraq vələdüzzinalıq edir, düşünür ki, bu nə “layt müsəlmanlıq”dır”,  bu nə dindir, bu nə ibadətdir? Bu nədir, bir ay əvvəlki nə idi?

Təəssüf ki, bu gün hər addımda belə nümunələr görürük. Bu isə məyusedicidir. Qorxuludur. Bir kəslərin ki, mənəviyyatı oruc tutmaqla alver edəcək qədər alçaqdır, onlardan hər bir alçaqlığı, satqınlığı gözləmək olar. Çünki onlar üçün tutuna biləcək heç bir qayda-qanun yoxdur. Əsas demək istədiyim budur. 

Hər işimizdə riyakarlıq etmişdik, bir bu qalmışdı. Allaha şükür bunu da, bir aylıq “müsəlman” olmağı da bacardıq.  

Allah bu gözəl ayda niyyəti gözəl və pak olan cəmi müsəlmanların oruc və ibadətini qəbul etsin. Zənnimcə onların dualarıdır ki, biz də onların savabına yaşayırıq.

Share: