“Bir vaxtlar qoruduğum bir torpağım var idi…”- Aygün Sadiq…

QARABAĞIM VAR İDİ
Aygün Sadiq
 
Mənim bir yurdum vardı- dörd fəsildə rəngbərəng,
Zaman həmən zamandı, çağlar o çağlar idi.
Davaya yollananda əlimdə bircə tüfəng,
Bir də evdə xəbərsiz üç uşağım var idi…
 
O zaman ölməmişdik, onda bu yurdda vardıq,
Dosta dəyər göstərib, düşmənin qovlayardıq.
Uşaqkən nə maraqlı oyunlar oynayardıq,
Şərtləri qəsdən pozub ağlamağım var idi…
 
 
Gör necə həsrətdəyəm, sanki çatışmır havam,
Gözüyaşlı gözləyir soyuq ocaq, boş yuvam.
Mənim orda gör neçə dost-tanışım, əqrəbam,
Böyük, barlı-bəhərli, gözəl bağım var idi…
 
 
 
Biz ölüncə savaşdıq, hər şeyi aldıq gözə,
Düşündük qorumasaq, Vətən haramdır bizə.
İndi məzarım belə sanki dönüb məhbəsə,
Bir vaxtlar qoruduğum bir torpağım var idi.
 
 
 
Adına həsrət ölən neçə gözdən yaş gələr,
Oğul, ruhum inciyir, haçan bu savaş gələr?…
Hərəyə öz yuvası doğma gələr, xoş gələr,
Mənim də bu dünyada Qarabağım var idi…
Müstəqil.Az
Share: