BİR QATI SÖYÜŞÜN AÇILMAYAN SİRRİ

Pərviz  CƏBRAYIL

 

Deyəsən 13 yaşım vardı onda. Yay tətilinə çıxıb elə sabahı, bir günü də bada verməyib atamın əqrəbası, məndən 5 yaş böyük dağlar oğlu Cabbarla onların – az qala Savalanın ətəklərində yerləşən dağ kəndinə gedirdim.

Onda əlbəttə, internet-şop, onlayn alış-veriş yox idi. Amma maraqlı sifariş jurnalları buraxılırdı, istədiyini gətirdə bilirdin. Hər şey saat kimi nizamlanmışdı. Sifarişini sağ-salamat poçtda təhvil alıb pulunu ödəyirdin.

İndi o musiqi alətinin adını bilən yoxdu. O vaxt “Faema” deyirdilər. “Malış” qarmonum daha məni təmin etməyəndə atamı inandırmağa çalışdım ki, bu, artıq mənim istedadıma az gəlir. Bir gün kişi xəstəydi nəsə. Yataqdaydı. “Mənə bir şey çal, — dedi, — xoşuma gəlsə…” (Faemaya indiki sintezatorların “malış”ı demək olar). “Belə qəmli dayanma, sevənlərindi dünya”nı çaldım, kişi əməllicə təsirləndiyi yerdə əlim gəlib sonuncu dildə bənd aldı, ordan o yana dil olmadığı üçün musiqi yarıda kəsildi. Özüm qəsdən dillərdən o üzə keçib mahnını uçurumdan atıb öldürmüşdüm… Xəstə atam musiqi yarımçıq kəsiləndə diksindi, əməllicə dilxor oldu, alnımdan öpdü və “sifariş elə, gəlsin” dedi… Bəlkə mən elə o zaman onun ömrünü kəsmişdim? Sonra kitablarım kəsdi, mahnıları yarımçıq qaldı…

***

Faema gələnəcən “Malış” xarab oldu, səsi xaric çıxdı, sonra da küçük səsi kimi ciyildəməyə başladı.

Cabbar da musiqi həvəskarı idi, hətta “zakaznoy” qarmonu vardı, deyirdilər, usta Mirzağanın qarmonu olub bu haçansa… Əlim onun dillərinə dəyəndə özümü Aftandil İsrafilov hiss eləyirdim. Məni belə çaparaq kəndə getməyə də Cabbar o qarmona əlimi toxundurmağa izn verəcəyinə söz verib şirnikləndirmişdi. Yoxsa nə itim azmışdı, durub qanlı-başlı yollara düşüm (o vaxt nənəm dağ yollarına belə deyirdi)… Onun da dərdi zamanına görə möcüzə olan bu elektron alətdə çalmaq idi… Əlbəttə, heç kəs öz əlində olan xoşbəxtliyi görmür, gözü həp onun-bunun ovcundakında.

Xülasə, sarı “Paz” avtobusuyla 150-200 kilometr atılıb düşə-düşə dolama yollarla yoxuşları aşıb o dağ rayonuna çatdıq. Günortanı keçmişdi. Kəndə gedən maşınlar – ora yalnız “Uaz”, “Qaz-66”, “Qaz-53”-lər gedə bilirdi – çoxdan yüklərini çatıb dağa qalxmışdılar.

Mehmanxanada gecələyib səhər kənddən gələn maşınları gözləməkdən başqa yolumuz qalmamışdı. Bir yandan yol yorğunluğu, bir yandan aclıq əhdimi kəsmişdi. O vaxtlar burnumu tutsan, canım çıxardı. Cabbar atamın verdiyi yol xərcliyini özünün dar günləri üçün göz bəbəyi kimi qoruyurdu, deyəsən and içmişdi ki, kəndə məni basdırıb getsin, ancaq pulun başından bir qəpik də əskik etməsin. Üstəlik faemanı da ürəyi soyuyana kimi çalacaqdı.

— Əmioğlu, — atamın üç köynək iraq qollu-budlu qohumu müdrik qərar verirmiş kimi dedi, — məcburuq qəstinə gedək, maşın-zad yoxdu. Axşam rahat-rahat çalarıq özümüzçün. Sənə də öyrədərəm…

***

Sovet dövrünün ənənəvi rayon mehmanxanaları kimi bu “qəstin” də ikimərtəbəliydi. Qapıdan girən kimi rütubət qoxusu məni vurdu, alaqaranlıq holldan hansısa bir istiqamətə irəlilədik və gəlib qəstin müdirinin masasının qarşısında bənd aldıq.

— Qulu əmi, maşınlara çatmadıq, başuva dönüm bizə yer verə bilərsən? – Qohum salam-əleykdən sonra dili topuq vura-vura dilləndi. O cəngavər cüssəsi qorxudan büzüşmüşdü. Qəstindəki ölü sükutundan anlaşılırdı ki, orda üzündən dəhşət saçılan Qulu kişidən, qonaqları ilk qarşılayan proletariatın dahi rəhbəri Leninin büstündən, büstün ayağı altında büzüşüb mürgüləyən pişikdən və bizdən başqa bir ins-cins yoxdu. Kişi sanki sevindiyindən gülmək istədi, ancaq özünü tox tutdu, ciddiyyətini saxladı, üzü sanki yer yoxmuş kimi qayğılı cizgi almaq istədi, ancaq ala bilmədi…

Yaşı yetmişi ötmüş adamdı. Piy basmış, tüksüz başı yerində dayanmır, başı saniyə sürətilə “yox” deyirmiş kimi sağa-sola əsir, sözləri də bu əsməcəyə uyğun, hər hecanın arasında defis işarəsi qoya-qoya deyirdi. Başı əsəndə tənikləşmiş əlcə qulaqları yellənirdi. Ətli, qalın dodaqları, yupyumru sifəti, domba qanlı gözləri, üzündə iri ət xalları və kiçik adalara bənzəyən qəhvəyi ləkələr vardı. Masanın üstündə bir şüşə Kəlbəcər “İstisu”yu qoyulmuşdu, yarısı içilmiş stəkandan qaz qovucuqları həzin səs eləyərək qalxırdı. Adamın ağzının suyunun su üçün də axa bildiyini də ilk dəfə onda kəşf etdim.

Sənədimiz olmadığından kimlərdən, kimsələrdən, hansı kənddən olduğumuzu soruşdu. Cabbar hər şeyi yerli-yataqlı dedi. Qulu kişi başını yelləyə-yelləyə qarşısındakı dəftərçəni nə üçünsə bir neçə dəfə vərəqlədi, özü kimi qorxu saçan eynəyini taxdı, çıxardı, yenə taxdı, o arada məni həyəcan təri basdı, içimi xof bürüdü, qorxdum ki, bu dəqiqə ya yer yoxdu deyəcək, ya da sənədimiz olmadığına görə bizi qovub gecəni küçələrdə qoyacaq.

— Han-sı kənd-dən-siz dedin? – Qulu kişi birdən gözlərini eynəyin altından bərəldib soruşdu. Məni vahimə basdı, Cabbar sarsılmış səsilə suala cavab verdi. Sonra kişi qəfildən pis söyüş söydü: “S… Ba-ba-xan-ın go-ru-nu!..”

Gözüm kəlləmə çıxdı, ancaq otaqlarımızın nömrəsini deyib açarı bizə uzadanda ürəyimə işıq gəldi. Yeri gəlmişkən, azərbaycanlıların hətta ən fantastik formaları belə kölgədə qoyan ağlasığmaz cinsi əlaqə söyüşləri var: “sənin filankəsinin qabırğasını… sənin filankəsinin gorunu… sənin eynəyini… sənin papağını… yastı dabanını… keçəlini” və s.

***

Həyatında ilk dəfə bir mehmanxanada qalmaq ayrı bir hissdi. Həm tanımadığın bir yerdə sığınacaq tapmağına sevinirsən, həm də yadlığın vahiməsi bürüyür səni. Yəqin hər kəs bunu haçansa yaşayıb. Kişinin əli əsə-əsə verdiyi mələfələri götürüb boş mehmanxananın ikinci qatında özümüzə yer açdıq. Sərin mələfə üstə uzanıb bir az dincimizi aldıq. Qohum faemanı alıb bir də baxdı, düyməsini basıb açdı, əllərini dillərin üstündə gəzdirdi, ancaq batareyaları öldüyündən bir şey alınmadı. Cabbar hirslə üzümə baxdı. Elə bildim batareyaları öldürdüyümə görə məni bu dəqiqə o dünyaya göndərəcək. Ancaq göndərmədi…

Avazımış rəngimi, cadar-cadar olmuş dodaqlarımı görüb yazığı gəldi, ya qorxdu, yoxsa faemanın üzü suyuna:

— Gedək, sənə piçennik də alım, ye, kef elə, — səxavətindən ləzzət ala-ala dedi.

Bayaqdan ürəyimdə onu simic adlandırdığıma görə xəcalət çəkdim…

***

Qəstinə çatana kimi qohum peçenyeni açmadı. Gözüm əlindəki paketdə qaldı. Rayonun dağlara bitişik lap bitəcəyində yerləşən qəstinə gəlib çıxınca canım çıxdı. Əlbəttə, uzun yolu da piyada gedib, piyada qayıtdıq. Yerimizə uzananda qohum peçenyenin ağzını açdı, hərəmiz üçün birini çıxardı. Elə ilk dişləmdə quru taxta peçenye ağzımda islana bilmədi, boğazımı cıra-cıra keçdi, bir qırıntısı nəfəs yoluma getdi, boğuldum. Özümə gəldiyim heyndə birdən qohum yeni qərar verdi:

— Gəl çıxıb gedək kəndə. – Sual dolu baxışımı tutdu, — piyada gedək. Axşama çatarıq. İki manatı nəyə görə verək axı boş yerə? Yolda bulaqlardan su içə-içə peçenyemizi də yeyərik…

Yola düşəcəyimizi deyib pulumuzu geri istəyəndə kişi heç nə demədi, qaytarıb verdi, ancaq yenə də həmin söyüşü söydü: “S… Babaxanın gorunu…”

***

Biz yola düzələndə şər qarışırdı. Qaranlıqda 30 kilometr yolu necə dırmanacaqdıq, azıb-eləməzdik ki? Vəhşi heyvanlarla dolu olan bu meşələrdə qurda-quşa yem olmazdıqmı?

Rayondan aralanandan bir saat sonra hər yanı qatı sis-duman bürüdü. Yaxınlıqdan çaqqalların, bəzənsə canavarların ulartısı eşidilirdi. Yörəmizdə sanki hansısa heyvan birdən qaçıb səs salır, yarpaqların xışıltısı adamın tüklərini ürpədirdi.

Qohum dözməyib faemanı futlyarından çıxarmış, yoldaca aldığı batareyaları salmış, yol boyu meşələri segahla şənləndirəcəyini düşünmüşdü. Ancaq yarım saat gedəndən sonra sis, yarpaqlardan süzülən damlalar faemanı sıradan çıxardı, bəzi dillər cüyüldəməyə başladı, bəzilərininsə səsi tam kəsildi.

***

…Səhər obaşdan hardasa yaxınlıqda çobanların səsini eşidib itlərin hürüşməsindən vahiməyə düşəndə dumandan çıxacağımızı, azmayıb doğru gəldiyimizi anladıq — yaylaqlara çatmışdıq. Burdan oyanasını əzbər bilirdi Cabbar. Bir azdan kənd uzaqdan ovuc içi kimi görünəndə yenidən dünyaya gəldik. Cabbarın büzüşmüş qaməti də dikəldi, yenə həmin azman adam oldu. Ancaq o faema bir də heç vaxt adam kimi səs çıxarmadı. Ya susdu, ya hirslə cüyüldəyib kiridi. Sanki Qulu kişiydi, bir kəlmə “S-s-s… Babaxanın gorunu”, — deyir, başını xarab, tərəddüd edən saat kəfkiri kimi əsdirirdi.

…Hə, hələ mehmanxanada nömrəmizin açarını alıb Qulu kişidən aralanan kimi Cabbardan soruşdum ki, Babaxan kimdi, bizimlə nə əlaqəsi var?

Məlum oldu ki, Babaxan onların kəndində adi kolxozçudu. Bu, Quluya nə eləyib, nə eləməyib, heç kim bilmir, ancaq “qəstinə” kim gəlsə, Qulunun ilk sözü qonağa bu söyüş olur. Mən bu günəcən də Babaxan kimi məzlum adamın Qulunun ürəyinə nə dağ çəkə biləcəyini anlaya bilmirəm.

***

İndi hamı bir şey olan kimi günahkar axtarır. Cəmiyyət-filan. Mən isə o günahkarı yaxşı tanıyıram və gündə azı on kərə Qulu kişinin içi yana-yana söylədiyi həmin şifrəli söyüşü təkrarlamağa məcbur oluram…

Dünyada hər kəsin bir Babaxanı var.

Share: