“Xocalı-Xocalı uduzdum səni…”-Ramiz Qusarçaylı…

Ramiz Qusarçaylı

Xocalı-Xocalı uduzdum səni

 

Bir qarlı-şaxtalı qış axşamında
Xocalı-Xocalı uduzdum səni.
Sənə şirin-şirin nağıl söyləyib
Acılı-acılı uduzdum səni…
Böyüklü-kiçikli uduzdum səni.
Uşaqlı-qocalı uduzdum səni.
Qar üstə səpilən gül balaların
Ana qucağını uduzdum,Vətən.
Bir ahıl kişinin başından düşən
Sənin papağını uduzdum,Vətən.

Qan-qan, ölüm-ölüm uduzdum səni,
Səni yesir-yesir uduzdum,Vətən…
Qız-qız, gəlin-gəlin uduzdum səni,
Səni əsir-əsir uduzdum,Vətən…

Ağdam Qarabağın “toy otağı”ydı,
O “toy”da başıma nələr gəlmədi.
O toyda Yerini uduzdum sənin,
O toyda Göyünü uduzdum,Vətən.
Dost deyib duz-çörək kəsdiklərinə
“Çörək muzeyi”ni uduzdum,Vətən.
Orda “Çay evi”ndə çayım soyudu,
Harayım soyudu, hayım soyudu…

Orda, Daşaltıda daş-qalaq oldum,
Gör səni Şellidə neylədim, Vətən…
Yırtdım ürəyini,
yırtdım üzünü,
Qanlı daşlarını iylədim, Vətən…
Qarğışı tutacaq “Xarı bülbül”ün
Şuşanı bazarlıq eylədim, Vətən…

Pozdum miqyasını,
masştabını,
Qoruya bilmədim baş kitabını,
Səni sənəd-sənəd uduzdum, Vətən,
Ərizə-ərizə uduzdum səni.
Səni sərhəd-sərhəd uduzdum, Vətən,
Ərazi-ərazi uduzdum səni…

Uduzdum rəngini, boyalarını,
Qədim laylarını uduzdum, Vətən.
Uduzdum dağını, qayalarını,
Sənin çaylarını uduzdum, Vətən.

Xəyanət göyərdi hər bucağında,
Sənin həndəsəni uduzdum,Vətən.
Yadlara yazdırıb tarix dərsini,
Sənin tədrisini uduzdum,Vətən.
…Sənə “Mədrəsəli” çaxır oxutdum,
Sənin mədrəsəni uduzdum,Vətən.

Səni Laçın-Laçın uduzdum, Vətən,
Kəlbəcər-Kəlbəcər uduzdum səni.
Səni naşı-naşı uduzdum, Vətən,
Eybəcər-eybəcər uduzdum səni.

Getməyə üz də yox Kərkicahana,
Kərkidə keyfini uduzdum, Vətən.
Qisas qiyamətə qaldı deyəsən
Mən sənin heyfini uduzdum, Vətən…

Dünyanın abrı yox,
xəcaləti yox,
Hələ xumarlanır xəcilliyinə,
Yaxası erməni əlində qalıb
Hələ də oynayır “dəcəlliyinə”…
ATƏT BMT- nin bic balasıdı,
Bicdən bu yerlərə hay olmaz, Vətən.
Qət etdi…etmədi, uduzan mənəm
Ədalət bu qədər zay olmaz, Vətən.
Şəhidsiz bir günün keçmədi sənin
Bu qədər yas olmaz, vay olmaz, Vətən…

Özüm öz günümə ağı demişəm,
Özüm öz dərdimi ötmüşəm, Vətən.
Rusiya Qafqazın ilan ağzıdı,-
Gəlib düz ağzında bitmişəm, Vətən…

Səni ATƏT-ATƏT uduzdum,Vətən,
BMT-BMT uduzdum səni.
Səni sammit-sammit uduzdum, Vətən,
Qətnamə-qətnamə uduzdum səni.

Share: