Bir nağıl danışdın

Mirbağır Bünyatlı

Məni atam bilməz, övladım bilməz,
məni elim bilməz sən bilən kimi
Bilmirəm nə qədər yol gedə bildim,
özümdən-özümə sən gələn kimi…

Bu necə gedişdi, bu necə sondu!
Elə bölünmüşəm bir hissəm ondu.
Başıma ayrılıq quşumu qondu,
qara saçlarıma dən gələn kimi…

Gəldi qulağıma küy hardan belə,
İçib ayıldığım mey hardan belə..
Yer hardan biləcək, göy hardan bele,
Dağların dərdini çən bilən kimi…

Batdı, öz içində boğuldu hərə.
Bir nağıl danışdın, div də ki belə…
Heç nə buraxmadın evdəkilərə,
böldün ürəyimi tənbölən kimi…

Məni atam bilməz, övladım bilməz,
məni elim bilməz sən bilən kimi.

Share: