Bir hecası əsir düşüb vətənin- Və-tən olmur bir hecası yoxdusa…

Əlizadə NURİ

Hərdən dərdin özü elə əlacdı…

Bəlkə günah elə baxışlardadı-
Bəlkə də bu dünya heç kifir deyil?
Məni yağışlar da yuya bilmədi-
Məndə əzablardı, məndə kir deyil…
.
Qoy girim altına-söz də çətirsə,
Yola yol deyərəm, səni gətirsə.
Allah hamımızın içindədirsə,
Onda o tək deyil, onda bir deyil.
.
Ölü anladanda, diri anlaya,
Gərək pirə gedə, piri anlaya!
Biri başa düşməz, biri anlayar-
Heç kim yer üzündə həmfikir deyil…
.
Üzünü dəyişsən, üzünə baxmaz,
Tüstün əyri çıxsa, közünə baxmaz…
Bu qələm özgənin sözünə baxmaz-
Sürgünə getsə də, o, əsir deyil.
.
Qorxur kölgəsindən… bu nə ağacdı?
Hərdən dərdin özü elə əlacdı.
…Öldüm-ölümün də sirrini açdım,
Daha mənim üçün heç nə sirr deyil…

Hamı sol yanını sağ istəyirmiş…

Sevinc əkiləndə biz də varıydıq,
Yada salmadılar biçində, qadın.
Tanrı bir bağlama göndərib mənə-
Heyif ki, sən yoxsan içində, qadın.
.
Sən hara çəkildin? sən çəkiləndən
Bir gün də nəşəm yox, min gün ahım var.
Mən sənə min dəfə “bağışla “dedim-
Sən elə bildin ki, min günahım var.
.
Hamı sol yanını sağ istəyirmiş,
Bəlkə yaralara elə yar mənəm?
Qəm mənə nə gözəl heykəl ucaldıb-
Sən demə, hamıdan füsünkar mənəm!
.
Gəl, gedib oturaq öz küncümüzdə,
Bizim nə işimiz özgə masada?
Adam hərdən çıxıb getmək istəyir,
Lap elə getməyə yer olmasa da…
.
…Sevinc əkiləndə biz də varıydıq,
Yada salmadılar biçində, qadın.
Tanrı bir bağlama göndərib mənə-
Heyif ki, sən yoxsan içində, qadın…

Allah mənə çox görməsin…

Yanan zəmidən öyrənim
Qoy mən də, dən-dən ölməyi.
Dayazda ölməyə nə var,
Seçdim dərindən ölməyi…
.
Lap istəsən təki bölək,
Bölünürsə, nə ki-bölək…
Bir ölümü iki bölək-
Gəl, yaşayaq tən ölməyi.
.
Gül yaxası ox görməsin,
Nə bağbandı, bağ görməsin?!
…Allah mənə çox görməsin-
Sənin dərdindən ölməyi…

Dünya boyda imarəti neynirəm?

Necə öpüm mən bu sözün üzündən,
Nə məcazı, nə ecazı yoxdusa?
Bir hecası əsir düşüb vətənin-
Və-tən olmur bir hecası yoxdusa…
.
Əl tutmuşduq, oynayırdıq ələmnən…
Bir ləl tapıb, böldüm onu lələmnən.
…O, özünü bir gün vurdu qələmnən-
Neynəyəydi tapançası yoxdusa?
.
Dağdan ağır bu minnəti neynirəm?
Sədəqətək sədaqəti neynirəm?
…Dünya boyda imarəti neynirəm-
Sənə baxan bir bacası yoxdusa?!..
Share: