Bir gül – Mənsurə Qaçayqızının yeni hekayəsi

Onunla bağlı xatirələrim çoxdur. Maraqlı, həm də həyata baxışları fərqli qız idi. “Həyatla dolu insan” deyirlər, bax, onun haqqında elə düşünmək olardı.

Hər kəsdə, təbii ki, mənfi cəhətlər də var, amma onun müsbət tərəfləri daha çox görünürdü. Buna baxmayaraq, mənə elə gəlirdi ki, o, yaddaşımda ən çox bir xatirəsi ilə yer tutub…

-Yığışdır telefonu, müəllim baxır…

Aysu bir neçə dəfə xəbardarlıq etsə də telefona gələn mesajlardan ayrıla bilmirdim. O, israrla yazırdı: “Təcili görüşməliyik. Səbəbini görüşəndə deyəcəm”.

Müəllim gəlir.

Aysunun sonuncu xəbərdarlığına telefondan gözümü çəkdim və başımı qaldırdım. Müəllim mühazirəni dayandırıb məzəmmət dolu baxışlarını mənə zilləyərək, bizə doğru gəlirdi.Telefonun səsini alıb, çantama qoydum. O, telefonu gizlətdiyimi görüb, bir söz demədən lövhənin önünə qayıtdı və mühazirəyə davam elədi. Fikrim yenə də mesayların yanında idi. “Nə olduğunu qısaca demək olmazdımı? Bəlkə universitetdə problem var? Bəlkə…”.

Dərs bitən kimi, müəllimin çıxmasını gözləmədən çantamı götürüb, otaqdan çıxdım. Qızların “Hara gedirsən?” sualına qısaca “Sabah deyərəm”cavabını verib, pillələri sürətlə endim. İlk işim Ayşənə zəng etmək oldu.

– Hardasan, görüşək.

-Sizə gəlirəm, – dedi.

– Hava yaxşıdır. Dəniz kənarına çıxaq.

Havanın gözəlliyi adamı dəniz kənarına səsləyirdi.

Ayşən:

-Yox, sizə gəlirəm, – dedi.

Belə gözəl havada evə getməyə həvəsim olmasa da avtobus dayanacağına yollandım…

***

Ayaqqabılarımı təzəcə çıxarmışdım ki, arxamca qapı döyüldü. Çantanı dəhlizdəki asılqana keçirib qapını açdım.

– Öpmürəm, xəstəyəm… – Hay-küylə içəri girən Ayşən kürkünü asılqandan asa-asa dilləndi: – İndi deyəcəksən, xəstəsən, qaxıl otur evində. Nə gəzirsən, hə?

– Yox, elə demirəm. Nə olub?

– Yaxşı olub və yaxşı da olacaq. Kağız, qələm çıxar, deyəcəm.

Otaqda Ayşənin arxasınca gəzirdim.

– Axı, nə olub? Nə hadisə baş verib?

– Heç nə, sən qələm götür, deyəcəm. – Ayşən əlimdən tutub, yazı masasının yanına apardı. – Əyləş.

Masanın üzərindəki dəftərlərin arasından qoşa vərəq çıxardı. Hələ də çaşqın-çaşqın onun hərəkətlərini izləyirdim.

– Bəlkə deyəsən..? – Ayşənin dinmədiyini görüb, ayağa qalxdım. – Yaxşı, onda qoy çay dəmləyim, içək, sonra danışarıq.

Ayşən çiyinlərimdən aşağı basdı.

– Sən yaz, çayı mən hazırlayaram.

– Nə yazım?

– Bir gül haqqında. Bir gül haqqında yaz. Bir gül, sadəcə, bir gül.

– Necə yəni “bir gül”?

– Bir gül… Tək açan gül görməmisən?

– Görmüşəm.

– Bax, o gül haqqında yaz. O tək açan gül haqqında… Nə istəyirsən, yaz. Təsvir elə o gülü. Necə görürsən, necə düşünürsən, yaz. Bir gül haqqında düşüncələrini yaz.

– Bu nə deməkdi… Dəlisən, vallah. Başına iş qəhətdi? – Hirsli-hirsli vərəqi qatlayıb kənara qoydum və elə o anda da Ayşənin gözlərindəki ifadəni görüb yenidən qarşıma çəkdim.

Mövzu maraqlı olsa da vəziyyət qəribə idi. Yəqin elə ona görə də çaşqın-çaşqın dilləndim:  – Bir-iki cümlə bəsdi?

– Sən yaz, çox olacaq. Yaz. Başla, görəcəksən ki, davamı gəlir. Mən də çay hazırlayım, – deyərək mətbəxə keçən Ayşən sanki xəbərdarlıq elədi:

– Bir gül haqqında ha…

***

Yenə Ayşən idi.

– Hardasan?

– Universitetdəyəm, qızlarla kitabxanaya gedirəm.

– Evə get.

– Nə olub yenə?

– Heç nə. Saat dörd tamamda evdə ol.

– Yenə nə olub? Bu dəfə hansı gül?

Ayşənin xəfif gülüşündən sonra səsi də titrəkləşdi sanki:

-Yaxşı, hirslənmə. Nə deyirəm ona qulaq as. Evə get, sonra danışarıq.

***

Saat dördə beş dəqiqə qalırdı, xəbər yox idi. Ayşəndən gələn zəng narahatlığıma son qoydu:

– Hardasan?

– Evdə.

– Radioya qulaq as.

– Nə var? Yenə nə olub axı?

– Heç nə olmayıb, qorxma. Qulaq as. Dinləyicilərdən gələn məktublara.

Aparıcı bir gül haqqında yazdığım yazını oxuyurdu. “Əziz dinləyicilər! Bir gül…”.

***

Uzun zaman idi görüşmürdük. Axırıncı dəfə bir neçə ay əvvəl telefonda danışmışdıq. Deyəsən, mağaza açmaq niyyətində idi. Demişdi ki, adını “Bir gül” qoyacaq. Dərslər və imtahanlar başımı elə qarışdırmışdı ki, ondan xəbər tuta bilməmişdim. Qəribədir, o özü də məni axtarmırdı. Yəqin, işlərinin çoxluğundan idi.

Metrodan çıxırdım ki, telefonuma Ayşənin nömrəsindən zəng gəldi. Sevindim.

Xəttin o başından kobud kişi səsi: “Siz Ayşən xanımın nəyisiz?”- deyə soruşurdu.

“Bu qız məni dəli edəcək. İndi də bu hoqqası çıxdı”… İstədim deyim ki, “heç nəyi”, demədim.

– Rəfiqəsi. Telefonu Ayşənə verin.

– Ayşən xanım avtoqəza keçirib, vəziyyəti ağırdı. Telefonunda olan nömrələrə zəng edirəm. İlk nömrə sizin idi. Mən polis işçisiyəm.

“Yox, doğru deyil! Yox, ola bilməz!”… İnanmaq istəmirdim.

– Hadisə harda baş verib?

– “Bir gül” mağazasının qarşısında…

 

 

Share: