Bir alimin şərəfli ömür yolu…

(Doğma elimizin əziz və kübar şəxsiyyəti, görkəmli alimi professor Sakit Hüseynova ithaf olunur!)

Bu qısa yazıda əziz oxucuların yaxın zamanlarda 75 illik yubileyi olacaq doğma yurdumuz Cəlilabadın və eyni halda Odlar Yurdu Azərbaycanın kübar ziyalısı və görkəmli alimi Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Sakit müəllim Hüseynovla daha yaxından tanış olmasına çalışacam:

Qısa bioqrafik məlumat:
Hüseynov Sakit Yəhya oğlu 25 may 1948-ci ildə Odlar Yurdu Azərbaycanın ayrılmaz parçası sayılan sirli və füsünkar Muğan zonasının Cəlilabad rayonunda (keçmiş Astraxanbazar rayonunda) yerləşən və öz bərəkətli torpağı və məhsulları ilə bol olan Ocaqlı kəndində bir sadə və zəhmətkeş ailədə dünyaya göz açmışdır.
1966-cı ildə orta məktəbi əla qiymətlərlə bitirib Azərbaycan Pedoqoji Universitetinin tarix fakültəsinə daxil olmuş, 1970-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Respublikası Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun sosiologiya ixtisası üzrə əyani aspiranturasına qəbul olunmuş, aspiranturanı bitirdikdən sonra ordu sıralarında qulluq etmiş və yenidən EA-nın Fəlsəfə və Hüquq İnstitutunun Sosiologiya şöbəsində elmi işçi kimi fəaliyyət göstərmişdir.
Sakit Hüseynov 1978-1980-ci illərdə Rusiyanın Yekaterinburq (keçmiş Sverdlovsk) şəhərində, keçmiş SSRİ-də tanınmış sosioloq, fəlsəfə elmləri doktoru, professor L.N.Koqanın yanında təkmilləşmədə olmuşdur.
1980-ci ildə namizədlik, 2001-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1985-2005-ci illər ərzində Azərbaycan Texniki Universitetinin Fəlsəfə və Politologiya kafedrasında dosent vəzifəsində çalışmışdır. Cəlilabad rayonundan fəlsəfə elmləri doktoru elmi dərəcəsi və profesor elmi adı almış ilk alim olaraq tarixə düşmüşdür.
2005-ci ildən AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda baş elmi işçi vəzifəsində işləmiş, 2009-2018-ci illərdə institutun “Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri” şöbəsinin müdiri olmuşdur.
2011-ci ildə Qafqaz Regional Ekoloji Mərkəzi Beynəlxalq Məşvərət Şurasının üzvü seçilmişdir.
2012-ci ildə Dünya Azərbaycanlıları Konqresinin (DAK) XII qurultayında DAK Məşvərət Məclisinin üzvü seçilmişdir.
2012-ci ildə filologiya elmləri doktoru, tanınmış alim, ictimaiyatçı, professor Vaqif Arzumanlının rəhbərlik etdiyi İctimai-Siyasi Proseslər və Beynəlxalq Elmi Araşdırmalar Mərkəzinin vitse-prezidenti vəzifəsinə seçilmişdir.
2018-ci ilin yanvarından etibarən AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda “Davamlı inkişafın fəlsəfəsi” şöbəsinin müdiridir.
Professor Sakit Hüseynovun əsas elmi fəaliyyəti məişət mədəniyyəti, dini tolerantlıq mədəniyyəti, dövlət və din münasibətləri, dini etiqad azadlığı, milli-mənəvi dəyərlər, davamlı inkişaf, davamlı insan inkişafı, məişət ekologiyası və s. sahələri əhatə edir. O, 6 monoqrafiya, ali məktəblər üçün 1 dərslik, 7 broşüra və metodik vəsait, həmçinin, 200-dən çox elmi məqalənin müəllifidir.
İndiyədək BMT, İP, ACİ-YF, “Oksfam”, Dünya Bankı və digər beynəlxalq təşkilatların həyata keçirdiyi layihələrdə müstəqil ekspert kimi fəal iştirak etmişdir.
Onun dövrümüzün qlobal ekoloji və ailədə sağlamlıqla bağlı problemlərin həlli yolunda zəhmətləri böyükdür. Məlumat üçün qeyd etmək lazımdır ki, professor Sakit Hüseynov 1999-cu ildən başlayaraq Qarabağ və Şərqi Zəngəzur bölgəsində 30 ilə yaxın müddət ərzində erməni işğalı altında qalmış ərazilərimizdə ermənilərin ekoloji cinayətləri haqqında KİV-də xeyli məqalə çap etdirmiş, bu barədə öz alim səsini ucaldaraq həyəcan təbili çalmış və bir sıra beynəlxalq təşkilatlara müraciətlər göndərmişdir.
Doğma elimizin bu görkəmli alimi və dəyərli pedaqoqu indiyədək istər Azərbaycan, istərsə də, xarici ölkə vətəndaşlarından sayılan çoxsaylı tələbə və alimlərin yetişməsində müstəsnasız rol oynamışdır.
İndiyədək elmi nailiyyətləri və uğurlarına görə bir çox mükafat, fəxri fərman və təltiflərə layiq görülmüşdür. Azərbaycan, rus və fars dillərini bilir. Evlidir, Könül adlı 1 qızı, Rəşid adlı 1 oğlu və 6 nəvəsi var.

Xüsusiyyətləri:
Həyatda kimisə tərifləmək və eyni halda barəsində müsbət sözlər danışarkən mübaliğə etmək və şişirtmək doğru yanaşma deyil. Əslində kimisə tərifləmək deyil, yalnız dəyərli insanları obyektiv və ədalətli şəkildə dəyərləndirmək, bununla da, həm belə dəyərli simalara mənəvi stimul vermək, həm də başqalarına gözəl örnək göstərmək tövsiyə olunur.
Həmin prinsipə əsaslanaraq doğma yurdumuzun dəyərli və görkəmli alim və ziyalıları, elm sahəsinin parlaq simalarından sayılan professor Sakit Hüseynovun əsas xüsusiyyətləri olaraq aşağıdakıları qeyd edə bilərəm:
1. Həyatda əqidəli, diqqətli və əzmkarlıq;
2. Zəka və dərin düşüncə sahibi;
3. Ziyalı və aydın şəxsiyyət;
4. Kübarlıq, yüksək mədəniyyət və etika sahibi;
5. Vətənpərvərlik (öz vətəni, torpağı və elinə möhkəm və səmimi şəkildə bağlı olan);
6. Dövlətçilik;
7. Səmimiyyət və pozitivlik;
8. Sadəlik və təvazökarlıq;
9. Alim və tədqiqatçı (ciddi elmi problemlərin ciddi elmi araşdırmaçısı);
10. Həyatda qətiyyətli, prinsipial və ciddilik;
11. Şəfqətli və mərhəmətli;
12. Milli adət-ənənələrə bağlı olan və bunu gənc nəsilə aşılayan dəyərli pedaqoql;
13. Müdrik el ağsaqqalı;
14. Gözəl ailə başçısı, dəyərli ata və sevimli baba.
Məlumat üçün qeyd etmək lazımdır ki, professor Vaqif Arzumanlı tərəfindən görkəmli filosof və hörmətli alim Sakit Hüseynovun 65 illik yubileyinə həsr edilmiş “Tanınmış filosof, ekoloq və sosioloq Sakit Hüseynov” adlı əsər 2013-cü ildə “Hüquq ədəbiyyatı” Nəşriyyatı tərəfindən nəfis şəkildə nəşr edilmiş və həmin kitabda onun yaxın dostları və həmkarlarından 59 nəfərinin barəsində xoş sözləri, məqalə və yubiley təbrikləri yer almışdır…

Subyektiv baxışım:
Bu təqdimat yazısı elini-obasını və millətini sevən, eləcə də gənclərin milli şüurunun formalaşmasında bütün gücünü əsirgəməyən bir filosof-alim haqqındadır.
Bu dəyərli filosof-alimin haqqında təqdimat məqaləsini qələmə almazdan öncə onun iş yeri və iş yoldaşları, həmçinin tələbələri, aspirant və dokorantları ilə maraqlandıqda, hər kəsdən barəsində yalnız xoş və müsbət sözlər eşitdim. Belə ki, iş yerində bacarıqlı və təşkilatçı rəhbər, tələbələri üçün qayğıkeş və mehriban müəllim, qardaş və səmimi dost, dostları üçün etibarlı və sadiq sirdaş, iş yoldaşları və alimlər üçün dəyərli həmkar, cəmiyyətimiz arasında isə görkəmli alim və ziyalı şəxsiyyət olduğunu təsbit etdim.
Mənə görə bu həyatda ləyaqətli alim olmaq üçün yalnız ali təhsil alıb, müxtəlif elmi dərəcə və elmi titullara sahiblənmək kafi deyil. Bununla yanaşı həm də, sözün əsil mənasında insan olmaq və insani dəyərlərin həqiqi daşıyıcısına çevrilmək lazımdır. Məhz belə olan təqdirdə elm və elmi bacarıqlar cəmiyyətə, insanlara və bütün bəşəriyyətə mükəmməl fayda verə bilər. Heç şübhəsiz, həmyerlimiz və fəxarətimiz professor Sakit Hüseynov da belə ləyaqətli və görkəmli alimlərdəndir. Çünki o, görkəmli alim olmaqla yanaşı həm də, ziyalı insan və dəyərli şəxsiyyətdir.
Şərəfli ömrünü elm və biliyə sərf etmiş bu dəyərli ziyalımız ixtisasına uyğun olaraq gələcəyimiz üçün bir çox dəyərli tələbələr, magistr və doktorantlar yetişdirmiş, eyni zamanda dahiyanə düşüncələri və elmi nəzəriyyələrini müxtəlif monoqrafiya, kitab və elmi məqalələrdə qələmə almışdır. Elmi əsərlərinin mövzusuna ümumi nəzər salmaqla onun bir dəyərli alim olaraq Dövlətimiz, Ölkəmiz və Xalqımızın inkişafı üçün öz dəyərli fikir və düşüncələrini qələmə alıb oxuculara və xüsusilə də, alimlərə təqdim etdiyini müşahidə etmək mümkündür. Bu da fəlsəfə, ekologiya və sosiologiya sahələrində özünü daha aydın şəkildə göstərir. Əsərlərinin əsası və mahiyyəti sülh və təhlükəsizliyin qorunması, insanların xoşbəxtliyinə xidmətdən ibarətdir.
Onun “elm yolunun yorulmaz fədaisi” kimi təqdimatı heç də, əbəs olmazdı. Çünki hələ gənc yaşlarından etibarən elm və bilik sahəsində yorulmadan çalışır, yaşının 75-ə çatmasına baxmayaraq hələ də, gənc yaşlarında olan tələbələr kimi elmi araşdırmalara xüsusi həvəslə yanaşır. Yəqin ki, M.F.Axundov adına Milli Kitabxananın rəhbərliyi və işçiləri professor Sakit Hüseynov barədə bu sözümü təsdiq edə bilərlər. Çünki əldə etdiyim məlumata görə, professor S.Hüseynov hələ 18 yaşından etibarən bu kitabxananın üzvüdür və təxminən 60 ilə yaxın müddət ərzində həftənin bəlli günlərini həmin kitabxanada mütaliə və elmi araşdırmalarla məşğuldur.
Professor Sakit Hüseynov sözün həqiqi mənasında peşəkar və görkəmli alimdir. Məşğul olduğu elmi-tədqiqat sahələrdə respubika üzrə sayılıb-seçilən alimlərdən biri sayılır. Bura qədər 75 illik şərəfli ömrü boyu ülvi və elmi ideyalara xidmət etmişdir.
Onu yalnız müəyyən bir sahədə deyil, humanitar sahəyə aid olan fəlsəfə, ekologiya və sosiologiya fənləri üzrə əsil peşəkar alim olaraq təqdim edə bilirik. Çünki hər üç sahədə fikir sahibi, bir-birindən qiymətli elmi əsərlərin müəllifidir. Bu baxımdan onun elmi fəaliyyəti çoxcəhətli və çoxşaxəlidir.
Onun davranış və danışığı büsbütün etika və mədəniyyəti tərənnüm edir. Gənclər və xüsusilə də, gənc alim və tədqiqatçılara ata qayğısı göstərməyi bacarır və bununla da, ləyaqətli kadrların yetişməsində əlindən gələni əsirgəmir.
Sakit müəllim görkəmli alim olmaqla yanaşı həm də, müxtəlif peşə adamları ilə ünsiyyət qurmaq və dostluq münasibətləri yaratmaq qabiliyyətinə malikdir.
Onun Azərbaycan Dövlətçiliyi, Ulu Öndər Heydər Əliyev irsi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə olan sayğı və sədaqəti hər kəsə bəllidir. Elmi əsərlərinə diqqət yetirdikdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın milli-mənəvi dəyərləri, Dövlət və Din münasibətləri, ekologiya, eləcə də, ölkəmizin davamlı inkişaf konsepsiyası ilə bağlı baxışlarını doğru-düzgün tərzdə təsbit və təbliğ etdiyi aydınlaşır.
Elmin yüksək zirvələrinə nail olsa da, həyatda öz sadəliyi, səmimiyyəti və təvazökarlığı ilə bir çoxlarına nümunə ola biləcək ziyalı alim, görkəmli şəxsiyyətdir.
Düşünürəm ki, məhz bütün bu dəyərlərinə görə professor Sakit Hüseynov öz şərəfli və uğurlu həyat yolu ilə gənclər üçün örnək məktəbi sayılır. Həm Dövlət, həm də Xalqımız belə qiymətli və dəyərli şəxsiyyətlərin hörmətini hər zaman uca tutmalı, onların qayğısını çəkməli və qorumalıdırlar…

Arzu və diləyim:
Ulu Tanrıdan doğma yurdumuzun əziz, dəyərli, görkəmli və fəxarətli simalarından, eyni halda elm sahəsinin yorulmaz fədailəri və ziyalı şəxsiyyətlərindən sayılan hörmətli professor Sakit müəllim Hüseynova uzun və mənalı ömür, möhkəm can sağlığı, ailə xoşbəxtliyi, həmçinin işlərində və elmi fəaliyyətində yeni-yeni uğurlar diləyirəm!

İlqar İsmayılzadə

(Fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü və “Qızıl Qələm” Media Mükafatı Laureatı)
[email protected]
18.05.2023

Share: