Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

22 oktyabr 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni  Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirildi.

Müşavirədə Binəqədi  Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova, Rayon İcra Hakimiyyəti başçısının müavini və Aparatın məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, tam orta ümumtəhsil məktəblərinin, ali təhsil, səhiyyə müəssisələrinin, idarə və xidmət sahələrinin rəhbərləri, gənclər, ictimai birliklərin və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Müşavirədən öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.

Müşavirədə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Müşavirədə geniş məruzə nitqi ilə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında müəyyənləşdirilən strateji hədəflərin və qarşıya qoyulan vəzifələrin ölkəmizin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladı. Qeyd olundu ki, müasir dövrdə dövlətimizin siyasi, iqtisadi və hərbi qüdrətinin daha da artırılması ilə yanaşı, milli kimliyin qorunması, dövlətçilik düşüncəsinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği və ideoloji təhlükəsizliyin təmin edilməsi xüsusi aktuallıq kəsb edir. Bu istiqamətdə məqsədyönlü fəaliyyətin gücləndirilməsi, gənc nəslin milli ruhda və vətənpərvərlik prinsipləri əsasında yetişdirilməsi mühüm vəzifələrdəndir. Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi Zəfərin xalqımızın birliyinin, milli iradəsinin və dövlətimizin gücünün təzahürü olduğunu diqqətə çatdırdı. Tarixi nailiyyətlərin qorunmasının, ordumuzun müdafiə qüdrətinin daha da möhkəmləndirilməsinin, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin davam etdirilməsinin, iqtisadi inkişafın sürətləndirilməsinin və əhalinin sosial rifahının yüksəldilməsinin qarşıda duran əsas vəzifələr sırasında olduğunu bildirdi.

Müşavirədə qarşıya qoyulan vəzifələr haqqında çıxış edən Rayon Ağsaqqallar Şurasının sədri, əməkdar hüquqşünas, III dərəcəli Ədliyyə general-mayoru Akif Rəfiyev, Vətən müharibəsi şəhidi, “Qarabağ” ordenli baş leytenant Cəmil Nəcəfovun anası Mətanət Nəcəfova, 246 № li məktəb-liseyin əməkdar müəllimi Sevda Namazova, Vətən müharibəsi iştirakçısı və qazisi, “Cəsur döyüşçü” medalı ilə təltif olunmuş Ruslan Şıxıyev, N.Babayev adına 144 № li tam orta məktəbin direktoru İlahə Həmidova qarşıya qoyulan vəzifələr, onların həyata keçirilməsində müxtəlif sahələrin rolu və ictimai məsuliyyət məsələləri barədə fikirlərini bölüşdülər. Çıxışlarda ordu quruculuğunun möhkəmləndirilməsi, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısının davam etdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə aşılanması məsələlərinə xüsusi diqqət yetirildi. Bildirildi ki, ideoloji təhlükəsizliyin təmin olunmasında təhsilin və maarifləndirmənin mühüm rolu vardır. Müəllimlərin, ağsaqqalların, gənclərin və ictimaiyyət nümayəndələrinin bu istiqamətdə birgə fəaliyyəti, tarixi həqiqətlərin gələcək nəsillərə düzgün çatdırılması, milli yaddaşın qorunması və vətənpərvərlik ruhunun gücləndirilməsi dövlətçilik ənənələrinin davamlılığının təmin edilməsinə xidmət edir.

Müşavirənin sonunda yekun nitqi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev müzakirə olunan məsələlərin əhəmiyyətini bir daha vurğulayaraq qarşıya qoyulan vəzifələrin hər bir sahə üzrə ardıcıl və məsuliyyətlə həyata keçirilməsinin vacibliyini qeyd etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərdən irəli gələn vəzifələrin icrasında dövlət qurumlarının, təhsil müəssisələrinin və ictimaiyyət nümayəndələrinin üzərinə düşən məsuliyyətə diqqət çəkərək dövlətimizin davamlı inkişafı, milli həmrəyliyin daha da möhkəmləndirilməsi və xalqımızın rifahının yüksəldilməsi naminə birgə səylərin gücləndirilməsinin mühüm əhəmiyyət daşıdığını vurğuladı.

Share: