Bayrağımız qürurumuz, konistitusiyamız hüququmuzdur

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrar iqtisadiyyat, Aqrobines və idarəetmə fakültələrində “Bayrağımız qürurumuz, Konstitusiyamız hüququmuzdur” adlı tədbir keçirilib. İctimai elmlər və multikulturalizm kafedrasının əməkdaşları tərəfindən hazırlanan tədbir Dövlət himni ilə başlayıb.

ADAU-nun mətbuat xidmətinin xəbərinə görə tədbiri təhsil müəssisəsinin prorektoru Aidə Qasımova açıb və bildirib ki, ölkəmizdə dövlət rəmzlərinə ən yüksək səviyyədə hörmət və ehtiram göstərilir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir.

 İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov çıxışında özünütəsdiq simvolu olan bayrağımızın  bütün dünyada qürur və güvənc yeri sayıldığını deyib və bayrağımızın tarixi barədə ətraflı məlumat verib. Professor onu da əlavə edib ki, Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız milli qürurumuzdur. Azərbaycanlı milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, milli bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayraq həm də xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.

Kafedranın baş müəllimi Sevda Abdullayeva, tələbələrdən Gündüz Cəlilov, Günel Bayramova və Sevinc Rüstəmova üçrəngli bayrağımızın dövlət rəmzlərindən biri kimi qəbul edilərək ucaldılmasının tarixi dəyərlərindən danışıblar, bayrağımızla qürur duyduqlarını bildiriblər.

Tədbirdə müstəqil Azərbaycanın iilk Konstitusiyasından da ətraflı danışılıb. İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi Zümrüd Qəhrəmanova Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurətindən geniş məlumat verib.

Tələbələrdən Orxan Muradzadə, Sevinc Abdullayeva və başqaları çıxışlarında bildirib ki, Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoyub. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

Share: