Bayrağım

Sabir RÜSTƏMXANLI

 

Başımızın üstündə dalğalanan, dev bayrağım!
Yarı torpaq, yarı göy, yarı alov bayrağım!
Dalğalan, qoy havanla Bakımız küləklənsin,
Düşmənin gözü çıxsın, sevənlər ürəklənsin!

Bu məğrur ucalıqda tarixin ərintisi,
Səni kəfən yerinə geyənlərin gur səsi!
Səni ümid yerinə qəlbində gizləyənlər
Əsarətin, işğalın sonunu gözləyənlər,
Səni namus səngəri, Səni qutsal əmanət,
Səni ocaq sayaraq gizli əzizləyənlər,
Dərindən nəfəs alıb dincəlsinlər süsündən.
Sənə əyri baxanlar dağlansınlar gözündən…

Hava tutqun olanda Ayı çək qucağına,
Ulduzun işıq səpsin yurdun hər bucağına!
Mavi – türklük şərəfim, varlığımız əbədi!
Yaşıl – dinim, imanım, Sevgimizin Məbədi!
Qırmızı da al qanım, axdı vətən yolunda,
Əsarət zəncirini atmaq üçün qolumdan!
Ucal başımız üstə, ruhumuz kimi ucal!
Qanadlanan eşqimiz, duyğumuz kimi ucal!
Dünən səni cıraraq ayaqlara atanlar
Qızıldan tökdürərək oxşasın sinəsində!
Xəzər səndən rəng alsın, sən Xəzərdən coşqunluq.
Yurdumun üzü gülsün bu birlik nəğməsindən!

Sən Günəşə qalxsan da, bu torpaqdı beşiyin,
Daha sənə əl çatmaz dursalar da qəsdində.
Bu gün azadlığımsan Bakının göylərində,
Sabah da bütövlük ol, ucal Təbriz üstündə!

 

Share: