Güntay Gəncalp Bayandırlı
“Ağqoyunlu məlikləri Oğuz Xanı başçıları olaraq qəbul edən ulu xaqan Bayındır Xanın soyundandırlar. Bayındır Xan dövründən bəri dövlət iqbalı bu boyun üzərindən əksik olmamışdır.”1[1] Bayındırlı kimliyi Əmir Teymurun axınlarından sonra daha da güclü şəkildə meydana çıxmışdı.
Teymur axınları ilə bölgədə türk nüfusunda böyük artış sağlanır. Teymur-Bayəzid savaşında Anadolu bəylikləri Teymurdan yana savaşa qatılırlar və Osmanlının yenilməsinin səbəblərindən biri də bu olmuşdur. Ankara meydan savaşında bayındırlılar da Əmir Teymurun yanında yer almışdılar. Əmir Teymur türk dilini dövlətinin dili etmiş, xatirələrini də türkcə yazmışdır. Bu üzdən Teymurun vardığı yerlərdə türk kimliyi və türk dili yüksəlməyə başlamışdı. Fars ədəbiyyatında hər zaman aşağılanan türk kimliyi Teymur dönəmi və sonrası olan bayındırlılar dönəmində öyülməyə başlar. Farscanın bənzərsiz şairi olan hafiz Şirazinin şeirlərində türk bir-iki yerdə deyil, onlarca kərə bir başa “türk” sözü keçərək və yüzlərcə kərə də dolayısıyla öyülmüşdür. “Hafiz Şirazinin şeiri ilə rəqs edib şərqi söylərlər, qara gözlü keşmir xanımları və Səmərqənd türk gözəlləri.”2[2] Türk kimliyini öymə və özümsəmə gələnəyi Bayındırlı dövləti zamanında da davam edər.
Bayındırlı dövləti türk kimliyi və türkcənin yazqısı açısından önəmli bir dövrdür. Kitab-Dədə Qorqud kimi türkcənin baş yapıtı olan bir əsər də bu dövr türk tarixinin nəticəsidir. Çünkü əsərdəki dastanlarda Bayaındırlı dövlət adamlarının sərgüzəşti dastan diliylə anlatılır nitəlikdədir. “Dirsə Xan oğlu Buğac” adlı əsərin ilk boyu Bayındır xanın saytalman (möhtəşəm) ortaya çıxışıyla başlar: “Xanlar xanı xan Bayındır ildə bir kərə toy edib Oğuz bəylərini qonaqlardı…”3[3] Bayındır dövlətinin tarixi haqqında iki önəmli tarix kitabı məvcuddur: “Tarixi-Əmini” və “Kitabi-Diyarbəkiriyyə”. Bu iki əsərdə mövcud olan bilgilərlə Dədə Qorqud dastanlarında bəyan edilən macəralar və anlatılar arasında açıqca sezilən ilişkilər və bənzəşimlər vardır. Bayındırlı dövlətinin ən önəmli dövlət adamı Uzun Həsən olmuşdur. Uzun Həsən dövründə Bayındırlı tarixinin yazılması önəmsənmişdir. “Uzun Həsənin atası Əlidir. Babası Qara Yoluq Osman (Bayındırlı dövlətinin qurucusu), Qara Yoluq Osmanın atası da Qutluq. Qutluq Trabzon təkfürünün Təsbinə** adlı qızını əsir olaraq yaxalar”4[4] “Kitabi-Diyabəkiriyyə”nin yazarı Əbubəkir Tehranı “Uzun Həsənin 33-cü dədəsini Salur Xan, 52-ci dədəsini Bayındır Xan, 53-cü dədəsini Gün Xan və 54-cü dədəsini Oğuz Xan olaraq sıralar.”5[5] Bu tarix kitabında sıralanan adlarla Kitabi-Dədə Qorqudda da qarşılaşırıq. Trabzon təkfürlərinin qızları ilə bayındırlılardan iki dövlət adamı evlənmişdir. Biri Uzun Həsəndir, biri də Uzun Həsənin dədəsidir. Evləndikləri hər iki qızın da adı Despina olmuşdur. “Yusif Duxarı öldürən Trabzon ləşkəri onun malını-mülkünü yağmalayaraq qadınlarını və qızlarını əsir apardı. Qutlu Bəy savaşa girərək öc almağa başladı. Trabzona girdi və təkfürün mal-mülkünü yağmaladı. Təkfürün qızı Despinanı da özüylə əsir olaraq gətirdi.”6[6] Bu tarixi faktla Kitabi-Dədə Qorqudda anlatılan “Salur Qazanın evinin yağmalanması” arasında böyük bir bənzəşim mövcuddur. Salur adı sadəcə dastanda keçməz. Həm də tarix qaynaqlarında bayındırlıların dədələrinin adlarındadır. “Bayındırlıların 33-cü dədəsi Salur Xandır. 52-ci dədələri Bayındır, 53-cü Gün Xan, 54-cü Oğuz Xan.”7[7] Göründüyü kimi Kitabi-Dədə Qorqudda keçən adlar təsadüfi olaraq seçilməmiş, Bayındırlı dədələrinin içindən özəlliklə seçilərək dastanda bəyan edilmişdir.
Dədə Qorqud dastanında anlatılan “Qanlı Qoca oğlu Qanturalı” boyu isə, sanki bütünüylə Uzun Həsənin həyatını bətimləməkdədir (təsvir etməkdədir). Tarix kitablarında Uzun Həsənin Trabzon imperatorunun qızı Despina ilə evləndiyini yazmaqdalar. Dastanda isə, Qanturalı Trabzon təkfürünün qızı ilə evlənir. Uzun Həsənin evləndiyi qızın adı Despina ikən, Qanturalının evləndiyi qızın adı Despina deyil, Səlcən Xatundur. Despina olmamasının səbəbi var. Çünkü bu ad yabancı sözdür və həm də xristain adıdır. Dastanın bütünüylə despina ismi ziddiyyət təşkil etməsin deyə, Despina yerinə, Səlcən yerləşdirilmişdir. O zaman Səlcən Xatun kimdir? Səlcən də Uzun Həsənin birinci xanımının adıdır. Bu şəkildə dastan Bayındırlı Uzun Həsənin ailə həyatının bütünü dışına çıxmamaqdadır. Uzun Həsənin Səlcən Xatun, Dövlətşah Xatun və Despina olaraq üç xanımının adı bilinməkdədir. “Uzun Həsənin xanımı Səlcuqşah”8[8] və “Səlcuqşah xanımın ölümü”9[9] üzərinə də ayrıntılı bilgi vardır. Səlcuqşah xatunun adının bəzi qaynaqlarda Səlcən Xatun olaraq keçməsinin səbəbi bu iki adın quruluşca bir-birinə bu qədər çox yaxın olmasından qaynaqlanmalıdır. Dədə Qorqudda isə Bayındırlı dövlət adamlarının öyküsü dastan dili ilə anlatmışdır. Dastan dili olduğu üçün türkcənin ozan dili yapısına uyqun olaraq tarixi adları dəyişdirmək və asan tələffüzə, dastanın ümumi axışına uyqunlaşdırmaq təbii bir müdaxilədir.
“Oğuznamə” 14-cü əsrdə yazılmış olmalıdır.10[10] Oğuznamələrlə Qorqud dastanları arasında fərq görən Faruq Sümər yazır: “Qorqud dastanları 15-ci əsrin ikinci yarısında təsbit edilmişdir. 16-cı əsrdə bir ozanın ağzından yazıya alındığı fikrinə qəti şəkildə gəlmiş oluruq.”11[11] F. Sümərin Qorqud dastanlarının XVI əsrdə yazılmış olması görüşünə varması inandırıcı olaraq görünməməkdədir. Çünkü XVI əsr Səfəvi dövlətinin qurulduğu dövrdür və Səfəvi dövləti qurulduqdan sonra Əbubəkir, Ömər, Osman və Ayişə adı keçən əsərlərin yazılmasına imkan olamazdı. Bu üzdən kitabın qələmə alınması da Bayındırlı dövlətinin öz zamanında, yəni XV yüzildə olması daha məntiqli olaraq görünür. Qorqud dastanlarının Bayındırlı dövlətinin başkəndi Təbrizdə kitablaşdırılması gerçəyə daha yaxındır. Dastan kitablaşdırılırkən Bayındırlı dövlət dəstəyi olmasaydı onu kitablaşdırmaq asan iş olamazdı. Böylə bir girişim olsaydı da, Səfəvi dövlətinin sərt uyqulaması və basqısıyla əsərə şiə görüşlər yerləşdirilərək, Ayişənin, Əbubəkirin, adları çıxarılmalıydı.
Səfəvi dövlətinin quruluşundan sonra ozan kimliyinin yerinə, aşıq kimliyi girmişdir və bunlar bu sənətin aqibəti baxımından ayrı-ayrı mərhələlərdir. Bu gün aşıq sənəti adlandırdığımız olqunun dörd mərhələsi təsbit edilmiş bulunmaqdadır. Qam-şaman, yanşaq, ozan, aşıq. Qam İslam öncəsi türk sənət anlayışını içərməkdədir. Yanşaqçılıq İslamın gəlişiylə deforma edilən qamçılıqdır. Ozançılıq türk-İslam kimliyinin birləşmə, bütünləşmə evrəsidir. Ozançılıq sünni türk gələnəyi olaraq meydana çıxmışdır. İslamdan sonra özünü toparlayan qamçılıq sənəti və qam kimliyinin adı ozançılıqdır və ozandır. Ən böyük ozan da Bayat boyundan olan Dədə Qorqud özüdür. Bayat boyundan Qorqud kimi dəyərli insanlar daha da yetişmişdir. Böyük Şair Füzuli də bayat boyundandır. Dədə Qorqud sünni dünyagörüşünə sahibdir. Çünkü əsərdə dörd xəlifənin öyülməsinə də yer verilmiş, Peyğəmbərin xanımı Ayişə sayqı ilə anılmışdır. Bir halda ki, Səfəvi dövləti qurulduqdan sonra meydana gələn aşıq sənətində dörd xəlifəni öymə deyə bir girişim olmamış, onun yerinə, 12 imam öyülmüşdür. Səfəvi dövləti vizionunun hakim olmasıyla ozançılıq bütün tarixi təcrübələri və vizionuyla bir yerdə İran və Azərbaycan türklərinin tarixindən silinərək, yerini aşıqçılığa buraxır. Bu üzdən aşıq dastanlarında Dədə Qordud anlatıları ilə qarşılaşmaq mümkün olmur. Çünkü Qorqud vizionu başqadır və şiələşmiş topluma o dastanları anlatmaq mümkün olamazdı, təhlükəli olardı. Qorqud dastanlarının unudulmasının bir səbəbi də Səfəvi dövlətinin qurulmasıyla xalqın bilincaltı bilgilərinin, dini görüşlərinin və törələrinin dəyişməsi olmuşdur. Qorqud dastanlarında şiəlik-səfəvilik təsiri yoxdur. Dörd xəlifənin adı ilə bir yerdə Ayişənin də adı Fatimə ilə bir yerdə sayqıyla keçməkdədir: “Ayişə ilə Fatimənin baxışı su.”12[12] Bir haldakı bu adlar üzərinə şiəliyin həssasiyyəti olmuşdur və bu adlar şiə ədəbiyyatında əsla keçməz. Bu sənətin ozançılıq dövründə ilk dörd xəlifənin və Hz. Ayişənin adlarının dastanlarda öyülməsi doğal olaraq qarşılanırkən, aşıqlıq dövründə bu adların dastanlarda keçməsi tamamən yasaqlanmışdır. Ayişə adını dilinə gətirən aşıqı yaşatmazdılar. Sənətdə, musiqidə, siyasətdə və uyqulamada Bayındırlı dövründə şiə-sünni deyə bir ayrım olmamışdır. Bayındırlı ədəbiyyatında dörd xəlifə, Hz. Ayişə sayqıyla anımsanırkən, 12 imam da hörmətlə xatırlanmışdır.
Ən önəmlisi Bayındırlı dövləti zamanında digər boylar da öz mədəni və mənəvi gücünü göstərmə imkanını əldə edirlər. Nitəkim Qorqud özü Bayındır boyundan deyil, Bayat boyundandır. “Kitabi-Dədə Qorqud” əsəri böylə başlar: “Rəsul Əleyhissalam zamanına yaxın Bayat boyundan bir ər qopdu…” Bayındır boyunun sərgüzəşti Bayat boyunun ərmiş kişisi Qorqud tərəfindən “Bir gün Xaqan oğlu Bayındır yerindən durmuşdu… Xanlar Xanı Bayındır Xan ildə bir kərə toy edib Oğuz bəylərini qonaqlardı…” şəklində anladılar. Bayat boyundan olan Qorqud dədə sadəcə Bayındır boyunu deyil, Osmanlı dövlətinin qurucusu olan Qayı boyunu da bərəkətli övgülərlə öyər.
Səfəvilərdən sonra xatirələrdən silinməyə başlayan Bayındırlı kültür və kimliyi şəxs adlarında, kiçik bölgə və kənd adlarında qalmışdır. İranda türk kəndlərində Bayındır adlı uşaqlarla qarşılaşmaq mümkündür. Azərbaycan cümhuriyyətinin Tərtər bölgəsində Bayındır adlı kənd vardır.
Türk ədəbiyyatşünaslığı tarixi açısından Bayındırlı dövləti dövrü türkcənin önəmli çağıdır. Çünkü sadəcə Qorqud dastanı deyil, arınmış və anlaşılan türkcədə yazan Kişvəri, Həbibi, Füzuli kimi şairlər bu dövrün yazarlarıdırlar. Son araşdırmaların verilərinə görə, Füzuli “Leyli və Məcnun”13[13] əsərini Bayındırlı dövründə yazıb Bayındırlı sultanına həsr və hədiyyə etmişdir. Quranın da Bayındırlı dövləti zamanında türkcəyə tərcümə edildiyi bilinməkdədir. O dövr ədəbiyyatının dili ilə tanış olmaq üçün Bayındırlı şairi Kişvərinin qəzllərindən birinə baxalım:
“Ey pəri, sənsiz pərişan ruzigarəm doğrusu,
Sən gedəndən bərlü**** bisəbrü qərarəm doğrusu.
Yüz qəmim vardır vəli bir qəmgüsarım yuxdurur,
Bidilü bidilbərü biqəmgüsarəm doğrusu.
Mey gətir saqi, məni qurtar nəmazü zühddən,
Kim mən ol zühdü riyadən tövbə karəm doğrusu.
Xalq der ki, Kişvəri bir aşiqi-məhrum irər,
Hər nə derlərsə bana yüz onca varəm doğrusu.”14[14]
Səfəvi dövlətinin quruluşuyla Bayındırlı dövlətinin təcrübələri tamamən yox edilmişdir. Sadəcə bayındırlı dövlətinin deyil, onlardan öncəki ortaq tarixi təcrübələr, görüşlər və sənət anlayışı tamamən yox edilərək, yerinə fərqli kimlik və kültür təsis edilmişdir. Əski çağlarda dövlətlər bir boy üzərinə qurulurdu. Çünkü ancaq bu yolla millətin tarixi xatirələri qorunudur. Modern çağla əski çağı fərqləndirən bir özəllik də budur. Dədə Qorqud bir tarixi mitoljik xatirədir. Bütün millətlərdə belə olmuş. Farslarda, ərəblərdə, çinlərdə də dövlətin qurucuları əski çağlarda fürsəti ələ keçirən bir boy olmuş və sonra digər boyları öz ətrafında birləşmişdir. Türk tarixində də böylə olmuş. Qaraxanlı-Qarluq, Səlcuqlu-Qınıq, Osmanlı-Qayı, Ağqoyunlu-Bayındır, Qaraqoyunlu-Baharlı, … boyları üzərinə qurulmuşdur. Hər bir türk dövləti bir boy üzərinə qurulmuş. Yalnız Səfəvi dövləti heç bir türk boyunu əsas almayaraq köklərini ata tərəfindən ərəbə (şiənin VII imamına) və ana tərəfindən Sasani farslarına bağlamış olarlar. Guya şiənin III imamının Şəhrbanu deyə bir fars xanımı olmuş! Ancaq ərəb Hüseyinlə fars Şəhrbanu hansı dildə anlaşmışlar bəlli deyil.
Bayındırlı dövləti zamanında mövcud olan kültür olqularından biri də xanigahlardı. Şah İsmayılın dədələri də xanigah sahibləriydilər. Həm Qaraqoyunlu, həm də Bayındırlı dövləti zamanında xanigahlarda mədəni fəaliyyət göstərirdilər. Xanigah o dövrlərdə gözəl sənətlər institutu kimi bir yerdi. Çünkü xəttatlıq, rəssamlıq, musiqi, rəqs, əruz və şeir sənəti də xanigahlarda tədris edilirdi. Bu səbəbdən də muğam sənəti sufilərin xanigahlarında inkişaf edirdi. Səlcuqludan başlayıb davam edən və Bayındırlı zamanında daha da güclənən Xanigahlar Səfəvilər zamanında yox edildi. Şah İsmayıl dövləti qurduqdan sonra şiəliyi rəsmi ideologiya olaraq elan etdi. Livandan şiə mollaları gətirdi. Bu mollalar İslamda təğənninin haram olduğunu duyararaq musiqini və rəssamlığı yasaqladılar. Bayındırlı xanigahlarının fəaliyyətləri durdurularaq “hüseyniyyə”lərə, yəni Hz. Hüseyni anma mərkəzlərinə dönüşdürüldülər. Bütün xanigahlar mərsiyyəxanalara, mərsiyyə evlərinə dönüşdürüldülər. Bu mərsiyyə evlərində xalqı ağlatmanın bütün hiylələri mollalara öyrədilir və bu şəkildə molla-feodal dövrü başlayırdı. Səfəvilərin icad etdiyi yeni inanc sistemi türk kimliyinə özgü nə varsa, hamısını tarixdən silirdi. Hətta qızılbaş ibadət törənləri də yasaqlandı. Dövlətin vurucu və qurucu gücü olan qızılbaşların törələri də qeyri-islami olaraq duyuruldu və qızılbaşları sürətlə şiələşdirməyə başladılar. Saz çalıb ibadət edən qızılbaşları ağlaşaraq, başalarını yarıb zəncir vuraraq ibadət etməyə alışdırdılar. Molla-feodal sinfinin ətəyinə qapanaraq ağlını itirmiş mələşən gərəksiz sürü oluşdurdular. Artıq bu qullar və kölələr sürüsünə nə Dədə Qorqud, nə də başqa kitab lazım olacaqdı. Bundan sonra səfəvizədə köllə toplum meydana çıxdı. Molla köləsi. Buna etiraz edənləri qılıncdan keçirdilər. Varsaqlar necə bir xəta etdiklərini anlayıb Anadoluya yenidən fərar etdilər, geri döndülər. Geri qalanları bəlli proqram uyqulaması üzərinə şiələşdirməyə başladılar. Şiələşdikcə də əski tarixi xatirələrindən qoparaq farsizə edilən bir toplum meydana çıxırdı. İştə Avşarçılıq Səfəvilərin 250 illik bu uyqulamaısna və farslaşdırmasına qarşı etiraz hərəkəti olaraq meydana çıxdı. Avşarların yüksəlişi və Səfəviləri tarixə gömmələri bundan sonrakı mövzudur. İndi əsas mövzuya keçəlim: Nədən Avşarçılıq?
*****************
Qaynaqlar:
1- Fəzlullah Ruzbehan Xunci, Tarixi- Əmini, s. 67.
2- Hafiz Şirazi, Divan:
Ze şeir Hafeze Şiraz mirəqsəndo minazənd,
Siyəh çeşmane Keşmiri o torkane Səmərqəndi.
3- Kitabi-Dədə Qorqud, Dirsə Xan oğlu Buğac boyu.
* Bəzi qaynaqlarda Despina olaraq keçər.
4- Əbubəkir Tehrani, Kitabi-Diyabəkiriyyə, s. 13.
5- Əbubəkir Tehrani, Kitabi-Diyabəkiriyyə, s. 24-25.
6- Əbubəkir Tehrani, Kitabi-Diyarbəkiriyyə, 12-13.
7- Əbubəkir Tehrani, Kitabi-Diyarbəkiriyyə,, s. 20, 24, 25.
8- Əhməd ibni Hüseyn Münşi Qumi, Xülasətuttəvarix, s. 37.
9- Fəzlullah Ruzbehan Xunci, Tarixi- Əmini, s. 341.
10- Faruq Sümər, Dədə Qorqud dastanları, ərəb əlifbasına köçürən: Hümmət Şəhbazi, s. 16.
11- Faruq Sümər, Dədə Qorqud dastanları, ərəb əlifbasına köçürən: Hümmət Şəhbazi, s. 16.
12- Muhərrəm Ərgin, Dədə Qorqud kitabı, s. 26.
13-Bu mövzuda araşdırmaçı Əkbər Nəcəfin araşdırmasını burada verməkdə fayda görürəm:
Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının ən qədim nüsxəsi Diyarbəkirdə aşkarlanıb. Əlyazmanın 130-cu səhifəsində “Kitabi-Bayındır Bəyan” möhürünün yer alması əsərin Ağqoyunlu saray kitabxanasına məxsus olduğunu göstərir. Bu, əsərin Osmanlı hökmdarı Qanuni Sultan Süleymandan əvvəl Ağqoyunluların axırıncı hökmdarı Sultan Murada ithaf edildiyini təsdiqləyir. Türkiyəli alim Necdet Sakaoğlunun aşkarladığı bu nüsxə, alimin öz fikrincə, Füzulinin “Leyli və Məcnun” poemasının bəlkə də ilk əlyazması hesab edilməlidir. Alim əlyazma haqqında qələmə aldığı bir məqaləsində tapılmış nüsxəni geniş təhlil edib:
Əlyazmanın başqalarından fərqi
Öncə onu deyək ki, professor Necdet Sakaoğlu əlyazmanı Diyarbəkirdə kitabxanaçı Şəfiq Gültəkin vasitəsilə tapıb. Tədqiqatçının satın aldığı 10 ədədə yaxın qədim əlyazma arasında Ağqoyunlularla əlaqədar bir məcmuə ilə Füzulinin “Leyli və Məcnun” poemasının ilkin variantı da varmış. Əlyazmanın yazıldığı tarix qeyd edilməsə də, alim onun ilk nüsxə olduğunu müəyyənləşdirib. Misal üçün, əlyazmada Ağqoyunlu dövlət simvollarının yer alması, Ağqoyunlu hökmdarı Sultan Muradın adının qeyd edilməsi, ən mühümü, səhifələrin birində əsərin Ağqoyunlu kitabxanasına aid olduğunu göstərən damğanın varlığı bunu təsdiqləyir. Bir başqa mühüm dəlil isə əlyazmanın Ağqoyunlu sarayında formalaşan tə´liq xətti ilə yazılmasıdır. Bu yazı növünü Ağqoyunlu saray katiblərindən Xacə Tac Səlmani İsfahani (vəfatı 1491) yaratmış və başqa bir Ağqoyunlu saray katibi Xacə Əbuhəyy Münşi Əstərəbadi (vəfatı 1501) tərəfindən yazı üslubu kimi formalaşdırılmışdı. Tə´liq yazısını Səfəvilər dövründə İxtiyarəddin Münşi (vəfatı 1582) daha da kamilləşdirmişdi. Füzulinin tapılan məsnəvisi də bu yazı növünün meydana gəldiyi dövrdə qələmə alınıb. Bütövlükdə əlyazma 141 vərəqdir, səhifələrin ölçüsü isə 15×20 sm-dir. Sarı abadi kağızına yazılmış və hər səhifədə 11 beyt var. Əlyazmanın ilk və sondan iki vərəqi cırılıb. Məlum olur ki, əsər sonradan cildlənib. Amma cildləmə zamanı əlyazmanın orijinal nüsxəsinə toxunulmayıb. Alim Necdet Sakaoğlu çoxsaylı mütəxəssislərin fikirlərinə istinadla belə qənaətə gəlib ki, əlyazma səhifələri üzərində aparılmış düzəlişlər Füzulinin özünə aiddir. Onun fikrincə, bu mətn indiyə qədər Füzulinin bəlli əsərləri arasında ən qədim əlyazması hesab edilməlidir.
Füzulinin Azərbaycanda tanınan əlyazmaları
Məlum olduğu kimi, Məhəmməd Füzulinin əsərləri Azərbaycanda axırıncı dəfə 2005-ci ildə nəşr edilib. Prezident İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı əsasında altı cilddə hazırlanan Füzuli külliyatı məşhur alim Həmid Araslının (1909-1983) redaktəsi əsasında çap olunub. Külliyatın birinci cildinə əlavə edilmiş Həmid Araslının ön sözündən aydın olur ki, Füzulinin əsərlərinin nəşrində Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılan külliyatından istifadə edilib. Bu əlyazma instituta vaxtilə Salman Mümtaz tərəfindən verilib və onun 1569-1572-ci illər arasında yazıldığı bildirilir. Füzuli külliyatının bir başqa qədim nüsxəsi isə Sankt-Peterburq Şərqşünaslıq İnstitutunda saxlanılır ki, bu əlyazmanın yazılma tarixi 1589-1590-cı illərə aiddir. “Leyli və Məcnun”un ən qədim əlyazması isə hazırda Türkiyənin Topqapı Sarayı Kitabxanasında saxlanılır. Bu əlyazmanın 1579-cu ildə yazıldığı qeyd edilir. Necdet Sakaoğlunun üzə çıxardığı yeni nüsxə isə Füzuliyə aid əlyazmalar arasında ən qədimidir və Ağqoyunlu mühitində yazılıb. Bu da tapılan əlyazmanın qiymətli bir nüsxə olduğundan xəbər verir.
Azərbaycan nəşrlərindəki böyük səhvlər
Elmi ədəbiyyatda Məhəmməd Füzulinin “Leyli və Məcnun” məsnəvisinin Osmanlı sultanı Qanuni Sultan Süleymanın 1534-1535-ci ildə Bağdad səfəri zamanı yazıldığı və Osmanlı hökmdarına ithaf edildiyi fikri hakimdir. Bu fikrə görə, əsər Taşlıcalı Yahya Bəylə Hayali Bəyin təşviqi ilə qələmə alınıb. Amma əlyazmada bu iki şəxsin adı qeyd edilmir. Füzuli öz əsərini Sultan Süleymana təqdim etsə də, Osmanlı padşahından istədiyi maddi-mənəvi yardımı görə bilmədiyi ədəbiyyat tariximizdə yer alan fikirlər arasındadır. Amma tədqiqatçılar bir sualı cavabsız buraxıblar: Hansı səbəbdən belə bir əsər özü şair olan Sultan Süleyman tərəfindən yüksək dəyərləndirilməyib? Sualın cavabı aydındır. Osmanlı sultanı bu əsərin özündən əvvəl başqa bir sultana ithaf oldunduğunu bilirdi. Tapılan yeni əlyazma nüsxəsi də bunu sübut edir. Necdet Sakaoğlunun aşkarladığı Diyarbəkir nüsxəsi onun Sultan Sülyemandan xeyli əvvəl yazıldığını göstərir… Bəlli olduğu kimi, Sultan Süleyman atası Yavuz Səlimin vəfatından sonra, 1520-ci ildə taxta çıxıb. Amma Füzuli “Leyli və Məcnun” məsnəvisini XV əsrin axırı, XVI əsrin əvvəllərində qələmə alıb. Yəni “Leyli və Məcnun” iddia edildiyi tarixdən ən azı 30 il əvvəl yazılıb. Leyli və Məcnun məsnəvisinin bəlli əlyazmalarında “Bu bir təriq ilə kəsri-nəfsdir və müqəddimeyi-mədhi padişahi-əsrdir” adlı bir saqinamə yer alır. Saqinamənin Sultan Süleyman Qanuniyə ithaf olunduğu həmin şeirin sonundakı
“Tuğrayi-misai Ali-Osman,
Sultani-sipəhşikən Süleyman.”
beytindən də aydın olur. Amma eyni saqinamənin bir yerində açıq-aydın Ağqoyunluların axırıncı hökmdarı Sultan Muradın adı çəkildiyi halda, bütün araşdırmaçılar həmin yeri səhv oxuyublar. Misal üçün, Azərbaycanda nəşr olunan “Leyli və Məcnun”un axırıncı nəşrində (Füzuli əsərləri, 2-ci ild, Bakı 2005, s. 35) bu hissə belə verilir:
Ol padişahi-büləndbiniş,
Kim, xaki-rəhidir afəriniş.
Müstəhfizi-din, pənahi-islam,
Məxdumi-zəman, məlazi-əyyam.
Əbr istehsanü bərq kinə,
Şahənşahi-Məkkəvü Mədinə.
Müstəlzəmi-həq, müxilli-batil,
Sultani-Murad bəxşi-adil.
Ərbabi-hünər ümidgahi,
Türkü ərəbü əcəm pənahi.
Azərbaycan nəşrində səhv oxunuşla birlikdə, işarələr də səhv qoyulub. Yəni “Məkkə vü Mədinə” yerinə “Məkkəvü Mədinə”, “bülənd-biniş” yerinə “büləndbiniş”, “Ol əbr-i səha vü bərqi-kinə” sətri isə tamamilə səhv oxunaraq “Əbr istehsanü bərq kinə” yazılıb. Bu səhvləri bağışlamaq mümkündür, amma şeirin aşağıdaki hissəsi Füzuli əsərlərinə ölkəmizdəki münasibətin də nə yerdə olduğunu göstərir:
Müstəciri-haq məhvi-batil,
Sultan Murad Bəxşi-adil.
yerinə, Füzulinin Azərbaycan nəşrlərində bu beyt belə verilir:
Müstəlzəmi-həq, müxilli-batil,
Sultani-muradbəxşi-adil.
“Müstəciri-haqq” ilə “müstəlzəmi-həq” arasında böyük fərq olduğu kimi, Füzuli açıq şəkildə Ağqoyunlu hökmdarının adını “Sultan-i Murad Bəxşi-adil” olaraq yazarkən, bizim tədqiqatçılar bunu “Sultani-muradboxşi-adil” olaraq oxuyublar. Azərbaycan nəşrində yer alan bu beytdən “muradın sultanı, ədalət bəxş edən” mənası çıxdığı halda, doğru oxunuşda “Sultan Murad Adil-bəxş” hökmdar adı ortaya çıxır. Tədqiqatçıların Ağqoyunlu tarixini bilməməsi Sultan Muradın “Adil-bəxş” ləqəbini daşıdığından bixəbər qalmalarına səbəb olub. Üstəlik, şeirdə keçən “Məkkə və Mədinənin şahənşahı” ifadəsi də onları dolaşığa salıb və bununla Sultan Süleymanın nəzərdə tutulduğu fikrini yaradıb. Halbuki Ağqoyunlular Məkkə və Mədinəyə sahib olmaq üçün uzun illər Misirdəki türk dövləti Məmlüklərlə mübarizə aparıblar. Bir başqa xüsus isə “türkün, ərəbin və əcəmin” bir yerdə göstərilməsidir. Məlum olduğu kimi, Ağqoyunlu hökmdarı Sultan Murad “İraqi-Ərəb, İraqi-Əcəm və Azərbaycanın (türk)” hökmdarı hesab edilirdi. Tapılan yeni nüsxədə bu şeirin sonunda Sultan Süleymanın adı qeyd edilmir. Üstəlik, əsl nüsxədə saqinamə 41 beyt olarkən, sonrakı nüsxələrdə bu say çoxalıb. Bu da göstərir ki, “Leyli və Məcnun” məsnəvisi Ağqoyunlu hökmdarı Sultan Murada yazılıb. Məlum olduğu kimi, Sultan Murad 1498-1503-cü illər arasında Ağqoyunluların Bağdad hökmdarı, 1503-1508-ci illərdə isə Ağqoyunluların baş hökmdarı olub. Dahi şair Məhəmməd Füzuli də “Leyli və Məcnun”u 1498-1508-cü illər arasında Sultan Murad üçün yazıb. Sultan Murad Ağqoyunlu hökmdarı Sultan Yaqubun oğlu olub, Sultan Əhməd Bəyin (Gödək Əhməd) 1498-ci ildə öldürülməsindən istifadə edərək Bağdadda özünü sultan elan etmiş, qardaşları və taxtın digər iddiaçıları ilə mübarizəyə başlamışdı. Onun kiçik yaşda taxta çıxdığı məlumdur. Araşdırmaçılar Füzulinin anadan olduğu tarixi dəqiq müəyyənləşdirə bilmirlər. Təzkirə müəlliflərinin bir çoxu onun 1480-ci ildə anadan olduğunu qeyd edirlər. Belədə Füzuli “Leyli və Məcnun”u 18-28 yaşları arasında yazıb və bu, onun ilk əsərlərindən biri hesab edilməlidir. Tapılan əlyazmada Ağqoyunlu hökmdarlarının “Bayındır möhürü”nün yer alması, Ağqoyunlu gerçəyinin olması və əlyazmanın Ağqoyunlu saray kitabxanasına aid olduğunu göstərən işarə ilə Sultan Muradın adının keçməsi bunu isbat edir. Belə məlum olur ki, Füzuli “Leyli və Məcnun” əsərinə sonradan Sultan Süleymanın adını əlavə edərək 1534-1535-ci ildə Osmanlı padşahına təqdim edib. Amma Osmanlı padşahı əsərin ondan əvvəl başqa bir hökmdar adına yazıldığını bildiyi üçün şairin bu hərəkətini yüksək qiymətləndirməyib.