Başını dik tut, Türkiyə: Dövlət və millət olaraq yanındayıq!

 

Dünyanın etnik və siyasi xəritəsi həddən artıq rəngarəng və müxtəlifdir. İrili-xırdalı dövlətlərin sayından dəfələrlə çox millətlər var. Bu siyasi-etnik müxtəliflik mühitində ən yaxın dostluq və əməkdaşlıq münasibətindən tutmuş, barışmaz düşmənçiliyə qədər fərqli situasiyalar yaşanır.Amma bütün bu münasibətlər arasında heç bir iki xalq, iki dövlət arasında rastlanmayan bir yaxınlıq var ki, bunun adı heç bir siyasi terminlə ifadə oluna bilməz.

Azərbaycan Türkiyə münasibətləri siyasi müttəfiqlik, iqtisadi əməkdaşlıq, humanitar yaxınlıqdan və bunların hamısının birgəliyindən üstün bir haldır. 100 il öncə Çanaqqala döyüşlərində türklərlə yanaşı azərbaycanlıların iştirakı, 1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Azərbaycana gələn türk əsgərlərinin Bakının azad olunmasında iştirakı dünya tarixində digər heç bir iki dövlət və xalq üçün rastlanmayan, analoqu olmayan faktlardır. Dünya tarixində ikinci elə bir hadisə yoxdur ki, bir xalq digər dövlətin istiqlalı uğrunda qan töksün, can versin. Siyasi basqılar, imperalizm belə bu münasibəti dəyişə bilməyib. Türkiyənin istiqlalının ilk illərində sovet işğalı altında olan Azərbaycandan Türkiyəyə təmənnasız pul, qızıl, neft və neft məhsulları göndərilib və “Qardaş qardaşa borc verməz” deyilib. Qars müqaviləsi ilə Naxçıvanın Azərbaycanın himayəsinə verilməsi, ərazisinin muxtariyyət statusu çərçivəsində Azərbaycan tərəfdən heç bir dövlətə güzəştə gedilməməsi məhz Türkiyə Cumhuriyyətinin diplomatik dəstəyi idi. Dahi şəxsiyyət Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” şüarı həm də dövlət siyasətinə çevrildi və Azərbaycanın istiqlala qovuşması ilə iki qardaş ölkə arasındakı mənəvi telləri siyasi, iqtisadi müttəfiqliklə elə bir səviyyədə möhkəmləndi ki, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” dahiyanə kəlamı yüzillik birgəliyi ifadə edən əbədi möhür oldu.

Azərbaycan Türkiyə qardaşlığı prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın sayəsində bu gün zirvə nöqtəsini fəth edib. Ötən əsrdə Balkan müharibəsi zamanı Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavad azərbaycanlı gənclərlə birlikdə Osmanlı ordusunun sıralarında döyüşdüyü, Çanaqqalada Azərbaycandan gələn igidlərlə Anadolunun dəliqanlıları birlikdə mübarizə aparıb, birlikdə şəhadətə ucalıb zəfər qazandığı, Qafqaz İslam Ordusunun aslanları – Nuru Paşanın əsgərləri Bakının azadlığı uğrunda birgə savaşdığı kimi 2020-ci il 10 dekabrda Bakıda Zəfər paradında da iki dövlətin liderləri çiyin-çiyinə Türkiyə və Azərbaycan əsgərlərinin Azadlıq meydanında birgə keçidini izlədi. Bu həm də qardaşlığın zəfər təntənəsi idi.
Bu gün bu qardaşlıq daha sınaqdan üzüağ çıxmaqdadır. Fevral ayının 6-da Türkiyənin tarixində ən faciəli zəlzələ hadisəsi baş verdi. Gecə saattlarında mərkəzi Kahramanmaraş olmaqla, 10 vilayətdə baş verən zəlzələlər nəticəsində on minlərlə insan həyatını itirdi, on minlərlə insan yaralandı və dağıntılar altında qaldı. Bu dəhşətli hadisəyə ilk səs verən qardaş Azərbaycan oldu. Türkiyə kimi bu xəbər Azərbaycanı da kədərə bürüdü. Prezident İlham Əliyev zəlzələnin baş verdiyi gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini bildirib. Dövlətimizin başçısının göstərişi ilə Azərbaycan ilk dəqiqələrdən, ilk saatlardan öz dəstəyini göstərdi. Bu gün də ölkəmizdən davamlı olaraq zəlzələ zonasına həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcək.Eyni zamanda, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən də qardaş ölkəyə böyük dəstək göstərilir. Ölkədə bütün qurumlar səfərbər olub. Amma bütün rəsmi fəaliyyət bir yana qardaş ölkəyə yardımlarda sadə vətəndaşlarımızın da fəal iştirakı qürurvericidir. Bu gün Azərbaycan xalqının könüllü olaraq qardaş ölkəyə yardımlar göstərməsi fonunda bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası, dövlət başçıları deyil, sadə vətəndaşlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur. Nəinki paytaxt Bakıda, respublikamızın müxtəlif bölgələrində də vətəndaşlarımız türk qardaş və bacılarımıza dəstək olmaq üçün bütün imkanlarını səfərbər edib. Sadə vətəndaşlarımızın fədakarlığı hər kəsi duyğulandırmaqla yanaşı qürur hissi yaradır. Bütün bunlar bir daha təsdiqləyir ki, sadə insanlar səviyyəsində də əsl qardaşlıq, mənəvi amillər bizi bir birimizə bağlayır. Bu sözün həqiqi mənasında iki dövlətə sahib bir millət örnəyidir!
Budur, çətin günün sınağından çıxmaq. Budur – bir millət, iki dövlət münasibəti. Doğrudur, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz!Bir sözlə, bu gün Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Tezliklə, qardaş Türkiyə bu sınaqdan da üzüağ çıxacaq, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə də iki qardaş dövlət həmişə bir-birinin yanındadır. Dövlət başçımızın dediyi kimi: “Bütün dünyaya göstərdi ki, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq. Bəli, qardaş Türkiyə bütün sınaqlardan uğurla çıxdığı kimi, bu sınaqdan da üzüağ çıxacaq, biz də dövlət və xalq olaraq sona qədər Türkiyənin yanında olacağıq”..

Fəzail İbrahimli
Milli Məclis Sədrinin müavini

Share: