“Başımız dikdir” — Qurban Qurbanov

Avropa Liqasının qrup mərhələsinin ikinci turunda səfərdə İsveçin “Hekken” klubuna qalib gələn “Qarabağ”ın baş məqçisi Qurban Qurbanov mətbuat konfransında iştirak edib. 

“Qafqazinfo” xəbər verir ki, o, əvvəlcə qarşılaşma barədə fikirlərini bildirib: 

“Futbolçularımı təbrik edirəm. Vacib xallar qazandıq. Amma oyunçular çox yoruldular. Dünən də bildirmişdim ki, rəqibin özünəməxsus oyun tərzi var. Onlar bu gün öz hücumlarını qurmağa çalışdılar. Lakin futbolçularımız oyunu idarə edə bildilər. Azarkeşlərə də təşəkkür edirəm”. 

– Verdiyiniz tapşırıqlar yerinə yetirildi?

– Pis alınmadı. Sadəcə bəzi səhvlər var idi. Rəqibin sürətli oyunçularını qaçırırdılar. Əsas odur ki, futbolçular səhv edərkən başa düşürdülər ki, bu, səhvdir və düzəltmək lazımdır. Amma ümumən razı qaldım.

– Növbəti iki oyununuz Leverkuzen “Bayer”i ilədir. Bu oyunlarda nəyə ümid edirsiz?

– Daha ciddi olmalıyıq. Əgər uğur əldə edirsənsə, rəqib daha ciddi yanaşır. Həmişə bu cür komandalara qarşı oynamaq istəmişəm. Əlavə təcrübədir və futbolçulara faydası olur. “Bayer” həm Almaniya Bundesliqasında, həm də Avropa Liqasında yaxşı çıxış edir. Pik formadadırlar. İnanıram ki, minimum yaxşı oyun, yaxşı mübarizə göstərəcəyik. 

– İlk hissədə penalti epizodu var idi ki, hakim VAR-la danışırdı. Bir də ikinci hissədə Marko Yankoviçin qırmızı vərəqə epizodu oldu. Bunlar barədə nə deyə bilərsiz?

-VAR-da hakimlər daha yaxşı görür. Çox fikir bildirə bilməyəcəm. Amma Yankoviçin epizodu məncə, mübarizə idi. Hakim sarı vərəqə göstərdi. 

– Bədavi Hüseynov niyə Maksim Medvedevlə əvəzləndi. Səbəb nə idi? Bir də Maksim bir epizodda kritik müdaxilə etdi. Onu matçın önəmli anı adlandırmaq olar?

– Bədavinin əzələsində ağrı var idi. Maksimin müdaxiləsinə gəlincə, bu onun işidir. Çox istərdik ki, belə anlar olmasın. Amma olanda da futbolçunun keyfiyyəti ortaya çıxır. Maksim də bunu bacardı.

– Dünən mətbuat konfransında sual verildi ki, təxribat ola bilərdi sizə qarşı, amma olmadı. Təxribat olmaq ehtimalını düşünə-düşünə oynamaq sizə hansı hissləri yaşadır?

– Bu cür hadisələr olanda inamlı oluruq. Təxribatlar qorxaqlıq əlamətidir. Biz peşəkarıq və oyunlarda daha diqqətli oluruq. Təxribat olmasın deyə UEFA tərfindən tapşırıqlar, qorunmalar olur. Biz İsveçə gələndən hər şey yaxş oldu. Bizim üçün heç bir vətəndaşın fərqi yoxdur, hamıya hörmətlə yanaşırıq. Təxribat istəklərinə baxmayaraq başımız dikdir, təsir eləmir. Üzərimizə düşən işi doğru şəkildə görməyə çalışmışıq.


Share: