Baş prokuror Gəncədə! — Fotolar

Baş prokuror Kamran Əliyev Gəncəyə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, Baş prokuror Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən terror hadisəsinin olduğu əraziyə baş çəkib.

Kamran Əliyev Qələbə parkında memorial kompleksi ziyarət edib, ermənilərin raket hücumu nəticəsində dağılan ərazi ilə tanış olub. Orada erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılmış evlərin ətrafına gül dəstəsi düzüb.

Baş prokurora cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncənin ümumilikdə 5 dəfə Ermənistan tərəfindən ağır artilleriya və raket zərbələri ilə atəşə tutulması barədə məlumat verilib. O da qeyd edilib ki, raket hücumları nəticəsində Gəncənin tarixi və dini abidələri, təhsil və səhiyyə ocaqları da zərər görüb.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərində günün müxtəlif saatlarında “Toçka U”, “Smerç”, “Qrad” və digər raketlərdən atəşə tutulub.

Yunus Quliyev


Share: