Sahilə İbrahimova
Kanadanın baş naziri Trüdo corabları ilə gündəmdədi. Adəti protokol kostyumlu, fonu bənövşəyi, üstü sarı ördəkli corabla Davos görüşlərindən birinə qatılan baş nazir mənə uşaqlığımı, 90-cı illəri xatırlatdı.
O illərdə binamızın o biri başında bir kişi yaşayırdı. Olardı 35-40 yaşı. Səliqəli, ağbəniz adam idi. Atamla dostlaşdı, bizə gəlib-getməyə başladı.
O vaxtlar televizorlar tez-tez xarab olurdu, adamın bizə gəldiyi müddət düşmüşdü bizimkinin düzələn vaxtına. Gəlib futbola baxırdı.
İlk gəlişini xatırlayıram. Alışdım-yandım çəhrayı rəngdə “Mariana” corab geymişdi. Əvvəl o corabdan heç yerdə görməmişdik. Kişi, ya qadın geyimi olduğunu aydınlaşdıra bilməsək də, gözümüz mənzərəyə alışıq deyildi deyə diqqətimizi çəkirdi corab. Xüsusi heç nə demirdik amma, çay gətirirdik, aparırdıq, nəzakətlə gülümsəyirdik. Özü də tez-tez ayağına baxırdı. Nəhayət dözmədi, evdə bizə gələcəyini deyəndə anasının sandıqdan bu corabı çıxarıb verdiyini, adam qonaq gedəndə təzə geyinər deyə bildirdiyini danışdı. Sonra o corab məhz qadınlar arasında dəbə düşdü.
Böyüyəndə düşündüm, göro vaxt adamın digər corabları nə vəziyyətdə olub ki, məcburiyyətdən “Mariana” geyib gəlmişdi bizə. O dövrlər insanların çox şeyə məcbur qaldığı dövrlər idi. Müharibənin özü ilə gətirdiyi, özündən sonra uzun müddət aparmadığı məcburiyyət insanları çox şeyə sürükləyir bütün dünyada. O vaxt biz məcburiyyətdən evimizi satıb daha ucuzunu aldıq, qalan pulla ölkədən getməyə qərar verdik.
“Mariana” corablı adam planlarımızdan xəbərdar olduğundan ev satışından qalan, səfər üçün saxladığımız pulu mis satmaq üstündə tutulan qardaşını həbsxanadan çıxarmaq üçün bizdən borc istədi. Bir müddət borcunu hissə-hissə qaytardı, müəyyən məbləğ qalanda bizi ümumiyyətlə tanımadığını dedi. Pulu necə aldığımızı yazmayacam, o da o dövrün özəlliyi sayıla bilər. Nə ölkədən getdik, nə də yaşayışımız düzəldi.
O, alqı-satqı böyük evimizi itirib, balacaya yerləşməyimizlə nəticələndi. Bundan faciə düzəltmədik amma. Ətrafımız məcburi köçkünlərlə – yataqxanalarda, kitabxanaların anbarlarında, bağçaların darısqal otaqlarında, hətta əvvəllər tualet olmuş yerlərdə yaşayan adamlarla dolu idi. O adamlar Qarabağda böyük-böyük evlərini, ucsuz-bucaqsız həyətlərini, sərvətlərini qoyub gəlmişdilər. Onlara baxanda biz çox şanslı idik. O insanlar ciddi üzlə, görkəmlə yanlış qərarlar verən siyasətçilər ucbatından didərgin düşmüşdülər. Və artıq iki on ildən çox keçsə də, onların həyatları lazım olduğu qədər düzəlməyib. Qalstuklu, afrodiziak ətirli, xidməti maşınlı adamlar, istər əcnəbi, istər yerli o insanları insane kimi yaşada, maddi və mənəvi tərəfdən rahat edə bilmirlər.
Trüdonun corabları eynən uşaq vaxtı Mariana corabda gördüyüm o kişinin corabları qədər təəccübləndirdi məni. Nə dəhşətə saldı, nə qınaq yaratdı. Amma dayandım, anlaşılmaz idi. Özünü istənilən yeniliyə açıq olmağa hazırlayan, ənənəçiliyi sevməyən biri kimi corablar bir anlıq məni də təəccübləndirirsə, deməli başqaları da eyni halı yaşayır deyə düşündüm. İnsan beyni yeniliyi rahatlıq ərazisindən çıxmağa təhrik kimi, hədə kimi qəbul edir. Bu səbəbdən təpki verir, yeniliyi dışlayır, qəzəblənir, öyrəşmədiyi şeyi qovur. Halbuki, bir az dərindən düşünməyə qərar verən istənilən adam yeniliyin yaxşı tərəflərini görür. Məsələn, 90-cı illər toydan əvvəl qaşından bircə tük əskik olan qız əxlaqsız sayılırdı. Çünki göz fərqli şey görürdü.
Trüdonun corabları gözümüzə başqa şey göstərir. Trüdo dünyanın saxta ciddiliklə müharibələr törədən (Tramp xaric. Onda ciddilik alınmır) siyasətçilərini ifşa etmək üçün corab siyasəti aparır. Başqa cür baxın, fərqli şey görün deyir Trüdonun corabları. İllərdi bu Davosa, müxtəlif konfranslara, zirvə toplantılarına gəlib-gədirlər. Nə edə biliblər? Neçə günahsız körpənin ölümünü əngəlləyiblər? Hüqo Boss kostyumlarında ağıllı-ağıllı cümlələr qoşanlar sizə daha yaxşı dünya verməyəcək deyir Trüdo. Hüqo Boss nasist Almaniyasında vuruşanların geyimlərini də dizayn edib.
Mən də binmarketinq tərəfini sevməyənlərdənəm. Amma yüksək modanı izləyirəm. Yüksək moda fəlsəfəsi olan modadı mənim üçün. Məşhur markalar uşaq, azmaaşlı qadın əməyindən imtina edəndə, təkrar emal materiallarından yeni paltarlar tikəndə olduqca diqqətimi çəkir. Dior paltar dizaynları ilə qadını ağır-ağır parçaların, nəfəsini kəsən korsetlərin altında qalıb əzilməkdən xilas elədi. Dior qadına rahat əlbisə verməklə onu azad elədi. Mən bu cür modanı olduqca sevirəm. Trüdonun corabları da azadlıq mesajı verir. Trüdo deyir ki, öyrəşmədiyiniz şeylərə düşmən kəsilməyin, qeyri-ciddi saymayın.
Trüdo deyir ki, rahat olun, fərqli olmaq istəyirsizsə, olun, çəkinməyin. Mən sizinləyəm!