Bakıdakı parad dünyanı lərzəyə saldı: Türkün əsri başladı

“XXI əsr türk əsri olacaq”, – Prezident İlham Əliyevin tarixə keçən bu sözləri hər keçən gün öz reallığına yaxınlaşmaqdadır.

Bir neçə gün öncə – sentyabrın 15-də Azərbaycanın paytaxtında Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 100 illiyinə həsr olunmuş paradın keçirilməsi və paradı izləyən iki türk liderinin qardaşlıq mənzərəsi fonunda səsləndirdikləri sözlər dünyaya Azərbaycan-Türkiyə tandemini bir daha nümayiş etdirdi.

Azərbaycan və Türkiyə dünyaya açıq mesaj verdi: qardaşların birliyi və heç kim bu qardaşlığı yıxa bilməz.

Prezident İlham Əliyev bildirdi ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir: “Məncə, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun. Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir və hər görüşün böyük əhəmiyyəti var. Siyasi əlaqələr bu gün ən yüksək zirvədədir. Biz uğurlu iqtisadi əməkdaşlıq edirik. Ticarət dövriyyəsi artır. Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana milyardlarla dollar həcmində sərmayə qoyulur. Bu gün Türkiyə və Azərbaycan arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə iş birliyi, əməkdaşlıq dərinləşir. İl ərzində bir neçə dəfə müştərək hərbi təlimlər keçirilir. Bu gün Türkiyə və Azərbaycan ordularının əsgərləri Azadlıq meydanında yan-yana dayanıblar və onlar bizim önümüzdən qardaş kimi keçəcəklər”.

Azərbaycan lideri qeyd etdi ki, “Yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik”.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan isə qeyd edib ki, “Türkiyə dünyanın 34 ölkəsində 78 şəhid məzarlığı olan bir ölkədir və Azərbaycan uğrunda 1132 şəhid verib. Buradakı məzarlarda yanaşı uyuyan şəhidlərimiz, eyni zamanda, ölkələrimiz arasındakı birgə taleyin təmsilçiləridir. Türkiyə və Azərbaycan tarixi bir, mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkədir”.

Ərdoğan Bakıdan Ermənistana da açıq mesaj verdi: “Azərbaycanın sevinci bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik. İllərdir vətən həsrəti ilə ömür sürən bir milyondan çox qardaşımızın intizarına artıq son qoymaq vaxtıdır. Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir. Türkiyənin bu məsələdə mövqeyi məlumdur, aydındır, dəqiqdir. Dağlıq Qarabağ probleminin həlli Türkiyənin Ermənistanla əlaqələrinin bərpasının ən vacib şərtidir və bunu hamı bilməlidir”.

Bakıdakı paraddan ilk qorxuya düşən işğalçı Ermənistan oldu. Erməni şərhçi Sarqis Artsruni Türkiyə və Azərbaycan münasibətlərinin Dağlıq Qarabağ probleminin nizama salınması kontekstində əhəmiyyətli olduğunu vurğulayıb.

“Ankara Qarabağ problemində Azərbaycana qeyd-şərtsiz dəstəyini ifadə edir. Bununla yanaşı, Ankara və Bakı Qarabağ probleminin nizama salınması formatına yenidən baxmaq planını işə salıb. Yeni taktikaya görə, problemin Türkiyə-Azərbaycan-Rusiya formatında həllinə nail olmaq istəyirlər. Bu isə Ermənistan üçün ciddi təhlükədən xəbər verir”, – deyə erməni şərhçi bildirib.

Türk dünyasının və regionun iki gücündən qorxuya düşənlərin olduğu aydındır. Bakıda Xüsusilə iki gücün enerji və nəqliyyat xəritəsində söz sahibi olması gələcəkdə bölgəyə kimin hakim olacağının açıq nişanəsidir. Bakıda keçirilən parad da iki türk ölkəsinin hərbi birliyinin nümayişi idi. Burada ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” beyin mərkəzinin rəhbəri Corc Fridmanın 2015-ci ildəki etirafı yada düşür.

Ankara və Bakının güclü bir ittifaq qurduqlarını və yaxın gələcəkdə bu güclərin böyük söz sahibinə çevriləcəyini etiraf edən C. Fridman dünyanın Azərbaycan və Türkiyə qorxusunu belə anlatmışdı: “Türkiyə Orta Şərqi, Orta Asiyanı və Balkanları ələ alaraq böyük bir gücə çevriləcək. Paytaxt Ankaradan İstanbula köçürüləcək. Aralıq və Qara dəniz türk gölünə çevriləcək. Neo Osmanlı nəzəriyyəsi gerçəkləşəcək və Türkiyə Osmanlı imperiyasına yenidən hökm edə biləcək. Artıq bu prosesin izlərini görə bilirik. Türkiyə İslam coğrafiyasında getdikcə digər ölkələr üzərində təsir imkanlarını genişləndirir. Balkanlarla da öz təsirlərini artırır. Qafqazda Azərbaycan və Gürcüstanla güclü bir ittifaq qurdu”.

Azərbaycan liderinin dediyi kimi, “XXI əsr türk əsri olacaq”.(publika)

Share: