“Bəxtiyar Vahabzadə dedi ki, biz heç kimə lazım deyilik” – Xalq şairinin xatirələri

“Bəxtiyar Vahabzadə ilə bizim müəllim-tələbə, həmkar-qələm yoldaşı, sonralar meydan mübarizələrində yoldaşlıq əlaqələrimiz olub. Mən 3-cü kursda oxuyanda, bizə dərs deməyəndə belə mən icazəsiz onun dərslərində oturub, mühazirələrinə qulaq asırdım. Hətta buna görə mübahisəmiz də olub. Belə mübahisələrdən sonra dostlaşmışdıq. Sonralar bizə dərs deyəndə məhz onun rəhbərliyi ilə kurs işini götürmüşdüm”

 

Bunu Modern.az-a Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı Azəraycanın görkəmli şairi Bəxtiyar Vahabzadə ilə bağlı xatirələrindən danışarkən deyib.

 

Deputat Bəxtiyar Vahabzadənin həm müəllim, həm də dost kimi unudulmaz insan olduğunu söyləyib:

 

“Kurs işim Azərbaycanda sərbəst poeziya ilə bağlı idi. Bəxtiyar müəllim sərbəst şeiri o qədər də qəbul etmirdi. Buna baxmayaraq, kurs işini bəyəndi. Başqırdıstanda, Ufada Sovet İttifaqı universitetlərinin tələbə yığıncaqlarında kurs işi ilə çıxış etdim. Sonra illər keçdi, mənim “Ədəbiyyat” qəzetində işləməyimə Bəxtiyar Vahabzadə kömək etdi. “Ədəbiyyat” qəzetinin tənqidi ədəbiyyat şöbəsinin müdiri oldum. Daha sonra özüm “Azərbaycan” qəzetini buraxdım. Bəxtiyar müəllim həmin qəzetin redaksiya heyətinin üzvü idi. Sonra “Yazıçı” nəşriyyatında işləyəndə, 1985-ci ildə aşkarlıq dövründə Bəxtiyar müəllimə dedim ki, indiyə qədər çap olumayan nə qədər sandıq şeirlərin varsa, hamısını gətir biz çap edəcəyik. Mən bunu eyni zamanda Xəlil Rzaya da dedim. Onlar da o vaxta qədər çap olunmayan şeirlərini yığdılar. Biz onları “Yazıçı” nəşriyyatında çap etdik. Xalq hərəkatı başlayanda, yeni Azərbaycanın müstəqilliyi uğrunda mübarizə cəbhəsində biz yenə Bəxtiyar müəllimlə yan-yanaydıq. Bəxtiyar müəllimlə ömrünün axırlarına qədər daim əlaqələrimiz olub. Ancaq son vaxtlar, yəni o xəstə olanda deyirdi ki, gəlmə. Bu zaman onunla telefon vasitəsilə əlaqə saxlayırdıq. Tələbəlikdən başlayan tanışlığımız sonra dostluğa, əməkdaşlığa, məsləkdaşlığa çevrildi. Ona görə də, Bəxtiyar müəllim Azərbaycan ədəbiyyatında mənə görə Məmməd Araz, Xəlil Rza, Fərman Kərimzadə kimi ən doğma adamlardan biridir.  Xudu Məmmədovla yaxın idi və onunla birgə evində yığışırdılar. İllər keçdikdən sonra bu görüşlərə məni də çağırdı. Onun bəzi sirlərini bilirdim”.

.

 

S.Rüstəmxanlı Bəxtiyar Vahabzadəyə məqalələr həsr etdiyini sözlərinə əlavə edib:

 

“Mən Bəxtiyar Vahabzadə haqqında 4 məqalə yazmışam. Onun ən sıxıntılı günlərində, cahil oxucu, cahil tənqidçilər tərəfindən qınanda yanında olmuşam. Maşın alması, oğlunun prokurorluqda işləməsi səbəbilə tənqid edildiyi bir vaxtda mən “Millətin əsəb nöqtəsi” məqaləsini yazdım. Bildirdim ki, Bəxtiyar millətin əsəb nöqtəsidir. Ona toxunmaq olmaz. Dünyanın malı bu gün var, sabah yoxdur. Ancaq sabah Bəxtiyar gedəndə yerini dolduran olmayacaq. Axıra yaxın bir gün gördüm ki, çox kövrəlib. Onda mənə dedi ki, “Sabir, deyəsən biz heç kimə lazım deyilik”. Onda bununla bağlı bir yazı yazdım. Ona açıq məktub ünvanladım. Bildirdim ki, Bəxtiyar müəllim, həyatda olmayanda da 10 illər, yüz illər oxunacaqsan və hər kəsə lazım olacaqsan. Ona görə bu cür düşünmək lazım deyil. 30 yaşlı gənc olmağıma baxmayaraq, “Poeziya Yarpaqları” adlı kitabına ön sözü mən yazmışam. Bu, onun xahişi ilə olub. Mən gənc olduğumu bildirəndə, dedi ki, “həmişə gənclərin qaynar nəfəsini hiss etmək istəyirəm. Onda yaxşı işləyirəm”.

 

Xalq şairinin sözlərinə görə, Bəxtiyar Vahabzadə Stalin rejimindən sonra Azərbaycanda milli intibahın başında gələn insanlardan biri olub:

 

“Azərbaycan dilinin vulqar sosiologiyadan təmizlənməsində, vətəndaşlıq rolunun güclənməsində onun “Gülüstan” poeması və yazdığı bir sıra digər poema və şeirlər çox ciddi, mühüm rol oynayırdı. Bəxtiyar Vahabzadə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında, türk birliyinin yaranmasına böyük inamı və əqidəsi olan, eyni zamanda, bu yolda çalışan şəxslərdən biri idi. Bəxtiyar XX əsrin sonu, XXI əsrin əvvəlində Azərbaycan ədəbiyyatı, Azərbaycan ictimai fikrininin, dövlətçiliyinin yaranmasında çox ciddi rol oynamış qələm sahibi, ictimai-siyasi xadim olub”.

 

 

B.Vahabzadə ilə ötən günlərini yada salan deputat mərhum şairin sağlığında ona şeir həsr etdiyini vurğulayıb:

“Mənim “Xəbər gözləyirəm” adlı kitabım çıxmışdı. Bəxtiyar müəllim mənə zəng edib dedi, bizə gəl, sənin kitabın məni dəli elədi. Bildirdi ki, “mən neçə illərdir xəbər gözləmişəm ki, bir gün qapım döyüləcək, mənə deyəcəklər bu xaraba, yəni SSRİ dağıldı”.

 

Onu da söyləyim ki, bu kitab hazır olanda hələ 1978-ci il idi. Yəni SSRİ-nin gur vaxtı idi. Məhz bundan bir az sonra Bəxtiyar Vahabzadənin “İnqilab istərəm” şeiri işıq üzü gördü. Bu şeiri mənim üçün yazmışdı”.

 

 

Qeyd edək ki, Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadə bütün yaradıcılığı ilə mənsub olduğu millətin yaddaşına hopmuş sənətkarlardandır. Bu gün onun anadan olmasının 97-ci ildönümü tamam olur.

 

Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Böyük söz ustası xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb, yaradıb.

 

O, azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına töhfələr verib. Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş taleyüklü hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları ustad sənətkarın diqqət mərkəzində olub.

 

Bəxtiyar Vahabzadənin Azərbaycan elmi qarşısında xidmətləri də danılmazdır. Onun şifahi ədəbi irsimizin, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində axtarışlarının bəhrəsi olan əsərləri daim elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Turqay MUSAYEV

 

Share: