Bəşərə şeir yağır… – Günay Ümid (Şeirlər)

Rəngli yuxuların şəhəri…
 
Taleyindən küsənlərin şəhəri,
Necəsən?
Üşütməyin üçün yeni ayrılıqların var, bilirəm…
Mən unutqan adamam,
Küləyini qoluma taxıb,
Səhnəndə özümə baxıb,
Tamaşanı gözümə sıxıb gəlmişəm.
 
Hamı duysun deyə
Bir də sükutumu gətirmişəm yanımda…
Rəngli yuxuların şəhəri,
Giziltisən canımda.
Susmaq üçün hələ çox sözümüz var…
 
Daha heç nə ummuram!
Umsam, “böyük” olardım…
Taqətim yoxdur, deyəm:-
“İndi halın necədir?!”
Nəfəsim çatmır indi,
Ürəyimdən ah dərib
Dəstələyim qismətə…
 
Çox irsin, ənənənin
Mədəniyyəti – Bakı,
Neçə qalib qismətin
məğlubiyyəti – Bakı.
O dəmir yumruqların
Neçə nakam taleyin
Göz yaşın silə bildi?!
Neçə şəhid balası
Zəfərinə sevinib
Ürəkdən gülə bildi?
Bağışla məni bu gün,
Həddimi aşdım bir az.
 
Kirayə otaqlarda
Evcik-evcik oynayan talelərin
Böyümək xəyalı – Bakı,
Kənd uşaqlarının
London arzusu – Bakı.
 
Savabın yolun azan
Hiylələrin şəhəri,
Körpü altlarındakı
Neçə “əlidiplomlu”
Fəhlələrin şəhəri.
Kasıb komasındakı
Zəngin xəyallar quran
Əsgərlərin vətəni…
Səndən heçnə ummuram,
 
Çölə atılıb gedilən küçələr,
Tərk edilən arzular,
Ümidini itirmiş divar söyüşləri,
Alnına yazılan reklam afişaları şahiddir,
Kürəyinə qələm saplamağa gəlməmişəm…
 
Sən də çox yorulmusan,
Otur bu yolun üstdə,
Pürrəngi günəş dəmlə,
Başını şeirimə qoy,
Ömründə bircə dəfə
Dərdin arşının düz ölç,
Topla nağıllarını,
Kirayə evlərə köç!
 
27.12.2021
 
 
Tum qabıqları
 
Bu yetim ayrılığın
Siqar-siqar alışar,
Gözünə kül üfürər,
Ömrün başı qarışar.
 
Ciyərlərində sönən
Siqaretin qoxusu
Əllərində üşüyər…
 
Güzgüdən baxan adam
Yenə səni aldadar,
Ağzın da söyüş dadar…
 
Mənimsə dağa dönər
Önümdə tum qabığı.
Yuxuma da duz basar
Dodağımın çapığı.
 
Kirpik-kirpik yolarıq
Gecənin qarasını…
İkimiz də yapışıb
qədərin yaxasını
Çırmaq-cırmaq açarıq…
Ən həssas ürəklərin
Dərd yerindən daş çıxar.
Öpməyə qıymadığın
Gözlərimdən yaş çıxar…
Hisslərin sərhəddində
Böyük bir savaş çıxar.
Əsəbimi tökdüyüm
Günəbaxan tumunun
Ən böyüyü boş çıxar…
 
İsmətimdən kəm alar
İndi həyam, abırım.
Mən sənin payız fəslin,
Sən mənim noyabrım.
 
Ağaclar da əliboş…
Dizini qucaqlayıb
Oturan o daşların
Ümidləri göyərər,
Daha əllərimizdə
Sığal yeri göyərməz…
 
İndi aç qollarını,
Bu aramsız yağışda
Nisgili səslə, çağır.
Payız rəngli gözümdən
Bəşərə şeir yağır…
 
27. 11. 2021
 
 
Zibil qutusu
 
Ayrılıqdan sonra
soyundu həqiqətlər…
Anlaşıldı niyyətlər…
 
Ayrılıqdan sonra
Bitmədi ki gecələr…
Bir nəfəsə axıb gedən küçələr
İlan olub sarıldı ayaqarına…
 
Ayrılıqdan sonra
Yağışlar ağlatdı
Yol gözləyən pəncərəni…
Pərdələr sildi gözünü…
 
Ayrılıqdan sonra
İt, pişik ayağını kəsdi küçədən…
Qonsu qadın, tələsik
paltarları yığışdırdı zivədən…
 
Ayrılıqdan sonra
yuxusuzluq bezdirdi yatağı,
sükut doldurdu otağı…
 
Sonra
Qurduğu xəyallarını atdı,
Bütün xatirələrin urəyini boşaltdı
Kuçədəki zıbil qutusuna…
 
Ayrılıqdan sonra
Bir bomjun
Unutduğu doğum gününə
Çiçək-çiçək,
Hədiyyə-hədiyyə
Gülümsədi zibil qutusu…
 
14.10.2021
 
 
Getmək
 
Getmək özündən bir addım uzağa,
addımlarının dağıldığı yerə…
 
Getmək həm də
barmaqlarının arasından baxmaqdır
gedişinin arxasınca…
Günay Ümid 
Müstəqil.az
Share: