Bərdədə Kənd Qadınlarının Peşə Festivalı keçiriləcək

 

23 apreldə Bərdə şəhəri qonaq-qaralı olacaq. Çünki Azərbaycanın 11 rayonundan gələn 100-dən çox qadın Kənd Qadınlarının Peşə Festivalında təmsil olunmaq üçün yollarının Bərdədən salacaqlar. Festivalın yalnız qayəsi deyil, adı da cəlbedicidir: “ƏLLƏRİMİN SƏSİ”! Məhz bu zəhmətlə yoğrulan əllərin səsini hər kəsə duyurmaq üçün Azərbaycan Kənd Qadınları Assosiasiyası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə bu rəngarəng tədbiri təşkil edib.
Qeyd edək ki, bu əməkdaşlığın uğurlu nəticəsi olan “Ağdam, Bərdə və Beyləqan rayonlarında kənd qadınlarının peşə bacarıqlarının artırılması və Bərdə şəhərində Peşə Festivalının keçirilməsi” layihəsi çərçivəsində 6 Qadın İnkişaf və Müəssisə Qrupuna bizneslərinə uyğun olaraq tikiş, çörək-şirniyyat və bitkiçilik təlimləri verilib. Bərdə şəhərindəki Qarabağ Çörək Zavoduna, Mingəçevirdəki Asan Peşə İstehsalat Birliyinin Tikiş Sexinə və Şəmkirdəki İstixana kompleksinə təcrübə səfərləri də yaxşı effekt verib. İndi sıra gəlib Cultural Networking House İB-nin tərəfdaşlığı ilə reallaşan festivala!
Satış-sərgi və ustad dərsləri formatında təşkil olunan festivalda təbii üsullarla yetişdirilən orqanik nemətlərdın, maraqlı əl işlərindən, isti sac yeməklərindən, ləziz şirniyyatlardan, canlı folklor nümunələrindən zövq almaq üçün sizi 23 saat 11:00 -15:00 radələrində Bərdə Mədəniyyət Evinin meydanında gözləyirik. Gəlin, kənd qadınlarının həm əllərinin, həm də özlərinin səsinin, sorağının yayılması üçün dəstək verin!

Tarix: 23 aprel saat 11:00 -15:00
Məkan: Bərdə şəhəri, Mədəniyyət Evinin meydanı
Ələqə: Aqşin İsmayılov (tel: 050 5089800)

Share: