“Azland plaza” qazi və şəhid ailələrini sevindirdi — Video

Şəhid ailələri və müharibə qazilərinə həmişə diqqət və qayğısı ilə seçilən “Azland plaza” şirkəti növbəti dəfə Novruz bayramı ərəfəsində sosial aksiyaya qoşulub.

“Qafqazinfo” xəbər verir ki, şirkət tərəfindən bayram münasibətilə Bakıda Birinci və İkinci Qarabağ müharibələri qaziləri və şəhid ailələri ilə görüş keçirilib, onlara bayram sovqatları paylanıb.

Tədbirdə çıxış edən “Azland” şirkətinin rəhbəri Bəhruz Tağıyev Vətənin çətin günündə canını sipər edən oğulların və onların ailə üzvlərinin həmişə diqqət mərkəzində saxlanıldığını, sosial qayğı ilə əhatə olunduqlarını dilə gətirib: “Mən “Azland Plaza” MMC-nin rəhbəri olaraq Azərbaycan xalqını bayram münasibətilə təbrik edirəm, bol ruzi-bərəkət arzulayıram. Şirkətin fəaliyyətə başladığı dövrdən daim qazi və şəhid ailələrinə bacardığım qədər maddi və mənəvi dəstək olmuşam, əmək qabiliyyətini tam itirməyənləri işlə təmin etmişəm. Biz bu gün firavan həyat keçirməyimizə görə şəhidlərimizə, qazilərimizə  borcluyuq, bu səbəbdən onlara yardım etməyi özümə borc bilirəm. Allah onları qorusun! Bundan sonra da eyni tendensiya ilə davam edəcəyik. Bugünkü tədbirimizin məqsədi bayramqabağı az da olsa onları sevindirmək və fədarkarlıqlarına qiymət verməkdir. Allah Prezidentimizi qorusun, onun rəhbərliyi altında Müzəffər Ordumuz zəfər qazandı. Xalq olaraq birliyimiz bizi daim sarsılmaz edəcək”.

“Qarabağ Qaziləri” İB-nın İdarə Heyətinin üzvü Rey Kərimoğlu da göstərilən qayğı və diqqətə görə şirkət rəhbərliyinə təşəkkürünü bildirib: “Bu gün bayram ərəfəsində toplaşmışıq. “Azland plaza” şirkətinin dəstəyilə “Qarabağ Qaziləri” İB-nin Sabunçu rayon filialı tərəfindən bu məclis təşkil edilib. Biz də birliyimizin rəhbərliyi adından “Azland plaza” şirkətinə təşəkkür edirik. Bu şirkət həmişə qazilərə dəstək olub, kömək edib. Gördüyünüz kimi, həm Birinci, həm də İkinci Qarabağ müharibələrinin qaziləri bir araya toplaşıb. Allah hər kəsin canını sağ eləsin, qazilərimiz, şəhid ailələrimiz başda olmaqla xalqımızın bayramı mübarək olsun!”

Tədbirdə çıxış edən qazilər həmişə şirkət rəhbərliyinin qayğısı ilə əhatə olunduqlarını dilə gətiriblər. “Qarabağ qaziləri” İB-nin Nizami Rayon filialının sədr müavini Nicat Cəlilov belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirib: “Azland plaza” şirkətinin rəhbərliyinə, Bəhruz müəllimə təşəkkürümü bildirirəm ki, qazilərə belə diqqət yetirirlər. Bəhruz müəllimin atası Qabil müəllim də qazi olub, mənim atam Kərim Cəlilovla döyüş yoldaşı olublar. Biz Vətən müharibəsinin iştirakçıları da onların yolu ilə gedirik”.

Digər bir Vətən müharibəsi qazisi Nurlan Məmmədov isə qazi yoldaşları ilə bu bayram ərəfəsində görüşə görə çox şad olduğunu ifadə edib: “Biz çox sevindik ki, qaziləri bu Novruz bayramı ərəfəsində bir yerə toplayıblar. Yığışdıq, bayramı bir yerdə keçirdik. Bizə diqqət göstərən hər kəsə minnətdarlığımı bildirirəm”.

Tədbirdə, həmçinin müharibədə müstəsna xidmətlər göstərmiş bir qrup şəxsə fəxri fərmanlar təqdim olunub. Onların içərisində tibb işçiləri ilə yanaşı Azərbaycanda ilk tank taborunu yaradan Birinci Qarabağ müharibəsi qazisi Zahid Nəzərov da var.

Qeyd edək ki, “Azland plaza” MMC tərəfindən ümumilikdə 104 şəhid ailəsi və müharibə qazisinə bayram sovqatı təqdim edilib.


Share: