“Azadlıq, yaşamadığımızdı həyatdır” – Faiq BALABƏYLİNİN məhbəs şeirləri…

 Dustaq arzusu

– Bir qutu siqaret, bir şüşə araq

bir qədər göyərti, üç-dörd şiş kabab

sərin bulaq suyu, çayın kənarı

yaşıla bürünmüş dağın ətəyi

bahar çiçəyinin şehini əmən,

şirəsini udan arının balı

olsa, necə olar?

– söylədi birdən

məhkum yoldaşım…

 

– Yox e, gərək bu zamanlar

kənddə olasan

axşamdan qurduğun torun üstündə,

ya da ki qamışdan vurduğun

bənddə olasan,

balığı tutasan, yağın içində

qızardıb, araqla vurasan, bəh-bəh

kefin göyə qalxa, durasan, bəh-bəh,-

bunu da o biri məhkum söylədi.

-Heç nə istəmirəm, əmr verilə,

deyələr zabitlər bağışlanıbdı

hücuma atılam, düşmənin üstə

yeriyəm, yüyürəm, döyüşəm, qardaş,-

deyib də dustağın biri ah çəkdi

elə bil, bu ahla
düşmənin üstünə o silah çəkdi…
25.03. 2007
10 saylı CÇM

Azadlıq

Azadlıq

yəqin heç vaxt görə bilməyəcəyim

duya bilməyəcəyim bir zatdır…

Azadlıq –

azad olmaq

azad yaşamaq

azad düşünmək,

bir sözlə, yaşamadığımız həyatdır…

 

Azad olmaq üçün nə edim axı?

Vuruşum? – vuruşmuşam

Danışım?- danışmışam…

torpağım basılıbsa

ərazim qısalıbsa

mənim azadlığım,

azad olmaq istəyim boş şeydi…

Özüm azadlığı hiss etmədim

ana bətnindən bu dünyaya gələndə

körpə olmuşam axı…

Amma anama, doğulmağımla

azadlığı bəxş etmişəm;

anama azad oldu deyiblər…
26.03. 2007

10 saylı CÇM

 Mən özüm yaxşı bilirəm

Mən özüm yaxşı bilirəm

bilirəm ki, bu dünyada

heç nə dəyişmir,

hər şey necə varsa eləcə də qalır…

Sadəcə, əvvəl hər kəs uşaq olur
sonra böyüyür,

qocalır

və ölür…

Bütün bunlar heç də o deməl deyil ki,

nələrsə dəyişir…

Əllərinə bax, gör barmaqların,

barmağının ucunda dırnaqların,

sifətin, yanaqların,

dodaqların

ayaqqabının içində

ayaqların
daha ə bilim nələrin və nələrin

dünəndən bu günə dəyişirmi?

Gör göy üzündə Günəş

Ayla yerini dəyişirmi…

Lap elə dağla dərəni

çiçəklə qanqalı

şişlə manqalı,

qurdla çaqqalı

götür,

razı olacaqlarmı

biri digərini əvəz eləsin?

Mən yaxşı bilirəm, bu dünyada

hər şey də olmasa

çox şey dəyişə bilir

əlləri, ayaqları,

barmaqları, dırnaqları
yanaqları, dodaqları

dəyişməyənlərin

sifətləri dəyişə bilir…

Dondan-donaa girmək

yalandan hönkürmək

yalandan gülmək

Bir dəfə yaşadıqları ömürdə

yüz dəfə ölmək

və dirilmək-

sifətləri dəyişənlərin peşəsidir…
28.03. 2007-ci il

10 saylı CÇM

 Deyirsən…

Deyirsən ki, qış gedib

ağaclar çiçəkləyib

quşlar qayıdıb gəlib.

Amma eyvanımızda

yuva quran alabaxtalar

səndən sonra görünmür…

sənsizlikdən beziblər
yoxsa, küsüb gediblər

bilinmir…

Deyirsən ki, şəklini  sinəsinə

sıxıb yatır oğlun, qızın

səndən sonra oğlun kişiləşib
qızın azaldıb nazın…

Şeirlərini dönə-dönə
oxuyurlar, deyirsən
xəlvətə salıb köynəyini

qoxlayırlar, deyirsən….

29.03.2007

10 saylı CÇM

Share: